"Vixr-9" kapitanının sonuncu reysi: “Dənizdədi, gələcək...”

"Vixr-9"  kapitanının sonuncu reysi: “Dənizdədi, gələcək...”
19:14 9 Dekabr 2015
89 Sosial
Ölkə mətbuatı
A- A+

Viktoriya Kryuçkova: “Gəldim ki, ürəyi tutub, gözləri axır, göyərir...”

Hələ ötən ildən ürəyindən şikayət edirdi. Əməliyyatla ürəyinə stend də qoyulmuşdu. Amma bir qədər müalicə aldıqdan sonra işinin başına qayıtmışdı. Həmin gün də işinin başındaydı. Dekabrın 4-dən, “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş yanğında sonra həmkarları birgəydi...

 

Yanğının baş verdiyi platformaya ilk yaxınlaşan da onun gəmisi olub. Ağır və gərgin iş şəraitində keçən yanğınsöndürmə əməliyyatında son ana qədər qəhrəmancasına işləyir. Ta  dekabrın 7-ə, qəfil halı pisləşənə qədər.

 

Polkovnik –leytenant dərhal xəstəxanaya yerləşdirilir. İlkin tibbi yardım edildikdən sonra evə buraxılır. Evə gələn Kryuçkov ailəsinə nə yanğın, nə də xəstəxana barəsində heç nə demir. Ata evinə qonaq gəlmiş qızı Snejananı öpür və yataq otağına keçir.

 

 

Qızı Snejana danışır:

 

 

- Bir müddət əvvəl ailə qurmuşam. Gürcüstanda yaşayıram. Bir ay olar burdayam. Valideynlərimi görməyə gəlmişəm. Yaxşı ki gəlmişəm. Atamı son dəfə də olsa, gördüm. İşdən gəldi. Mən yatırdım. Otağa girib məni öpdü. Sonra getdi. Son üç günü yanğında çox yorulmuşdu.

 

 

Həmin gecə səhərə qədər yatır. Səhər ailə birlikdə yemək yeyir. Həyat yoldaşı Viktoriya Kryuçkova ərindən onu işə aparmasını xahiş edir. Etiraz etmir. Maşını işə salır və…

 

- Dedi ki, sən geyin, maşında gözləyirəm. Gəldim ki, ürəyi tutub. Gözləri axır. Göyərir. Hər şey bir anın içində oldu.

 

Sözünü bitirə bilmir. Kövrəlir.

 

- Başa düşdüm ki, ölüb. Yenə də xəstəxanaya apardıq. Bəlkə…

 

 

Bəlkə kömək edə bilərlər deyə onu Sabunçudakı 3 saylı Şəhər xəstəxanasına aparırlar. Xəstəxanada gec olduğunu, onu həyata qaytarmağın mümkünsüzlüyünü deyirlər. Qəhrəman polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç bu gün Zabrat qəbiristanlığında torpağa verilsə də, Viktoriya xanım hələ də ərinin öldüyünə inanmır. İnanmaq istəmir. “O dənizdədi” deyib, özünə təsəlli verir.

 

 

Böyük sevgi yaşayıblar. Orta məktəbdən davam edən sevgi illərlə daha da möhkəmlənib, daha da alovlanıb. Birinci sinifdən dünənə, ölüm onları ayırana qədər. Məktəbi bitirər-bitirməz evləniblər. Bu sevgidən Snejana və Alina adlı qızları olub. Ən böyük arzusu təqaüdə çıxdıqdan sonra olan vaxtını nəvəsinə ayırmaq olub.

 

Kiçik qızı Alina gələn ay ana olacaq. Ailənin illərdi gözlədiyi oğlan övladı gəlir. Lakin babası onu nə görə bildi, nə qoxlaya.

 

 

“Atanız necə adamıydı?” sualına cavabında Alina divardakı şəkli göstərir:

 

 

- Şəklə baxın, özünüz biləcəksiniz.

 

 

Şəkildəki kişi isə gülürdü. Bir sözlə, qızlarını güldürmək üçün əlindən gələni edən ata vardı qarşımızda. Digər şəkildə isə həyat yoldaşıyladı. Bu ilin mart ayında çəkilib. Alinanın toyunda.

 

 

- Atam uşaqla uşaq, böyüklə böyük idi. Yeri gəldi gülməyi, yeri gəldi sərt olmağı bilirdi. Atamın bir baxışı vardı ki…

 

 

Otağa sükut çökür. Alinanın kövrək səsi gəlir.

 

 

- Yuxudayam sanki… Oyanacam və hər şey pis bir yuxu kimi yox olacaq…

 

 

Həyat yoldaşı davam edir:

 

 

- Mənə çox çətindi. Kaş onu görəydiniz… Əgər əlində yük daşıyan qadın görsəydi, dərhal kömək edərdi. Deyirdim, axı sən onu tanımırsan? Deyirdi, nə olsun? Hamıya kömək edərdi. Ən ağır əməliyyatlarda iştirak edib. İran gəmisi batanda da ordaydı. Xilasetmə işləriylə məşğul idi. Amma heç birində bu qədər təsirlənməmişdi. Görünür köməksiz insanları görmək onu çox təsir etmişdi. Heç vaxt dərdini bizə deməzdi. Şikayət etməzdi. Ailəsini pis şeylərdən uzaqda tutardı. Təqaüdə çıxacaqdı… Səyahətə çıxacaqdıq… Nəvəmizi böyüdəcəkdik… Uşaqları böyütmüşdük, özümüzə vaxt ayıracaqdıq…

 

Doğulacaq körpəyə gəlincə, Viktoriya xanım deyir ki, uşağa hansı ad verilməsindən asılı olmayaraq nəvəsini “Slavik” deyə səsləyəcək.

 

 

 

Dərindən köks ötürür:

 

- İnsanlar zamanla onun yoxluğunu qəbul edəcək. Amma mən yox. Olub ki, aylarla dənizdə olub. Aylarla üzünü görməmişəm. Alışmışam onun dənizdə olmağına. Snejana doğulanda da dənizdəydi, Alina doğulanda da. Mənim üçü hələ də sağdı, dənizdədir, gələcək. Daim də belə olacaq…

 

 

Zəruri qeyd:

 

Fövqəladə Hallar Nazirliyinin daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç 22 mart 1970-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dənizçilik Məktəbinin məzunudur. 1991-ci ildən bəri yanğından mühafizə orqanlarında xidmət edib. 2008-ci ildən isə "Vixr-9" yanğınsöndürmə gəmisinin komandiri vəzifəsində çalışıb. Dekabrın 8-i qəfil ürək tutmasından vəfat edib.

Allah rəhmət eləsin!

 

 

FOTO - Ramil Zeynalov











Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224601

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR