Ulu öndər Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanlarının təbliği istiqamətində misilsiz işlər görüb

Ulu öndər Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanlarının təbliği istiqamətində misilsiz işlər görüb
20:08 9 Dekabr 2015
51 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 9 dekabr, Rauf Əliyev, AZƏRTAC
“Kitabi-Dədə Qorqud” dastanlarının öyrənilməsi, dünyada geniş tanıdılması və təbliği ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan Qızlar Liseyində Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının təşəbbüsü ilə keçirilən “Ümummilli lider Heydər Əliyev və “Kitabi-Dədə Qorqud” dastanları” mövzusunda elmi-praktik konfransda səsləndirilib.
Konfransı Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli açaraq vurğulayıb ki, hələ sovet ideologiyasının hökm sürdüyü bir dövrdə - 1969-cu ildə Ulu Öndərin Azərbaycan rəhbərliyinə ilk gəlişindən sonra “Kitabi-Dədə Qorqud” dastanlarının sistemli şəkildə tədqiqi və təbliği istiqamətində mühüm işlər görülüb. 1975-ci ildə dahi şəxsiyyətin tapşırığına əsasən “Dədə Qorqud” bədii filmi çəkilib. Ulu Öndər xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra da bu məsələyə xüsusi diqqət göstərib, 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi haqqında Fərman, 1999-cu il fevralın 21-də isə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında” Sərəncam imzalayıb. 1998-ci ildə UNESCO-da beynəlxalq simpoziumun təşkili eposun dünya miqyasında təbliği işinə ciddi töhfə idi. Ümummilli Liderin 2000-ci ildə imzaladığı növbəti fərman isə “Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması” ilə bağlı olub.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Azərbaycan Respublikası Prezidentinin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 2015-ci il fevralın 20-də imzaladığı Sərəncamın, eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2015-ci il iyulun 25-də imzaladığı Sərəncamın bu sahədə aparılan işlərin uğurla davam etdirilməsinə geniş imkanlar açdığını vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının sədr müavini, Naxçıvan Qızlar Liseyinin direktoru Aida Allahverdiyeva qeyd edib ki, “Kitabi-Dədə Qorqud” dastanı xalqımızın tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir. Əsərdə vətənpərvərlik, qəhrəmanlıq, müdriklik, oğuz türklərinin dünyagörüşü, mənəvi dəyərləri, adət-ənənələri, qədim Naxçıvanın toponimləri əks olunub. Dastan dilimizin incəliklərini, tarixi hadisələri və şəxsiyyətləri, xalqımızın mədəniyyətini öyrənməkdə əvəzsiz mənbədir. “Kitabi-Dədə Qorqud” həm də dünyada dastan mədəniyyətinin zirvəsidir. Bu dastan milli təfəkkürümüzün dünyaya bəxş etdiyi unikal ədəbi abidədir.
Ulu öndər Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanının təbliği və təşviqi istiqamətində gördüyü misilsiz işlərdən danışan Aida Allahverdiyeva bildirib ki, bu gün Prezident İlham Əliyev bu ənənəni uğurla davam etdirir. 2013-cü ildə Dədə Qorqud parkı salınıb və “Kitabi-Dədə Qorqud” abidəsi ucaldılıb. Abidənin açılış mərasimində dövlət başçısı dastanı Azərbaycan xalqının milli sərvəti adlandıraraq qeyd edib ki, hər bir azərbaycanlı üçün əziz olan bu əsərdə xalqımızın həyat tərzi, məişəti, psixologiyası əks olunub. “Kitabi-Dədə Qorqud” irsinin araşdırılması, Naxçıvanla bağlılığı və yaşadılması istiqamətində muxtar respublikada da mühüm işlər görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində “Dədə Qorqud meydanı”nın salınması haqqında” 9 mart 1999-cu il tarixli Sərəncamı ilə Naxçıvan şəhərində Dədə Qorqudun abidəsi ucaldılıb və Dədə Qorqud meydanı yaradılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi Hüseyn Həşimli deyib ki, görkəmli dövlət xadimi, ulu öndərimiz Heydər Əliyevin çoxşaxəli möhtəşəm fəaliyyətində və mükəmməl nəzəri-ideoloji təlimində ədəbiyyat məsələləri də mühüm yer tutur. Bu baxımdan Ümummilli Liderimizin “Kitabi-Dədə Qorqud” dastanlarına münasibəti, bu qiymətli eposa göstərdiyi hərtərəfli diqqət böyük əhəmiyyət daşıyır. Bu da təsadüfi deyil. Çünki bəşər sivilizasiyasına misilsiz töhfələr bəxş etmiş Azərbaycanımızın ən möhtəşəm ədəbi abidələri sırasında “Kitabi-Dədə Qorqud”un xüsusi yeri vardır. Xalqımızın qədim adət-ənənələri, dünyagörüşü, yaşam tərzi, məişəti, zəngin mənəvi keyfiyyətləri, qəhrəmanlıq ruhu, mərdliyi, doğma torpağa bağlılığı, yurd sevgisi eposda mükəmməl şəkildə ifadə olunub.
Qeyd edilib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da “Kitabi-Dədə Qorqud”la əlaqədar çoxsaylı işlər görülüb və görülməkdədir. Naxçıvanda keçirilən elmi konfranslar, təşkil olunan açıq dərslər, “dəyirmi masa”lar bu baxımdan təqdirəlayiqdir. “Naxçıvanda Dədə Qorqud” mövzusunda beynəlxalq elmi simpoziumun keçirilməsi də ən mühüm tədbirlər sırasındadır. Bütün bunlar möhtəşəm mənəviyyat abidəmiz olan “Kitabi-Dədə Qorqud”a ulu öndər Heydər Əliyevin göstərdiyi böyük diqqətin uğurlu davamıdır.
Sonra Naxçıvan Qızlar Liseyinin müəllimləri Rəfiqə Abdullayeva “Kitabi-Dədə Qorqud” dastanları milli varlığımızdır”, Səkinə Kazımova isə “Kitabi-Dədə Qorqud” dastanlarında qadın obrazı” mövzularında çıxış ediblər.
Çıxışlarda bildirilib ki, “Kitabi-Dədə Qorqud” dastanı qəhrəmanlıq, igidlik, mərdlik, cəsurluq, dostluq, birlik dastanı olmaqla yanaşı, həm də namus, qeyrət, ləyaqət, insanpərvərlik kimi əxlaqi, milli mənəvi dəyərlərlə zəngin olan və gənc nəslin tərbiyəsində mühüm rol oynayan böyük tarixi abidədir. Milli mənəvi dəyərlərin mühüm tərkib hissəsi olan vətənpərvərlik, qəhrəmanlıq, yurd sevgisi əsərin əsas ideyasını təşkil edir.
Konfransda mövzu ətrafında çıxışlarda elmi faktlara söykənən fikirlər səsləndirilib, “Kitabi-Dədə Qorqud” dastanlarının qədim Naxçıvanla bağlılığı xüsusi vurğulanıb.
Sonra Naxçıvan Qızlar Liseyinin şagirdləri ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirləri, Dədə Qorqudun kəlamlarını səsləndirib, “Kitabi-Dədə Qorqud” dastanlarından səhnəciklər nümayiş etdiriblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_onder_Heyder_Aliyev_Kitabi_Dede_Qorqud_dastanlarinin_tebligi_istiqametinde_misilsiz_isler_gorub-909824

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR