Azərbaycanın diaspor təşkilatı Avropa Parlamentinin üzvlərinə müraciət etdi

Azərbaycanın diaspor təşkilatı Avropa Parlamentinin üzvlərinə müraciət etdi
20:12 9 Dekabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Avropa Azərbaycanlıları Konqresi (AAK) 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar Avropa Parlamentinin İnsan hüquqları komissiyasına müraciət ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Konqres dünya ictimaiyyətini beynəlxalq hüquq normaları çərçivəsində və ikili standartlara yol vermədən Ermənistanın işğal siyasətinə münasibət bildirməyə, insanların pozulmuş hüquqlarının müdafiəsi və bərpası üçün birlik və obyektiv mövqe nümayiş etdirməyə çağırıb.

Müraciətdə Qarabağdan didərgin düşmüş insanların taleyi və vətəndə yaşamaq hüquqlarından məhrum olmuş ailələrin aqibəti barədə məlumat verilir, Ermənistanın Azərbaycanın 20 faiz torpağını işğal etməsi, BMT-nin Azərbaycan torpaqlarının azad edilməsinə dair qəbul etdiyi qətnamələr xatırladılır. Avropa Azərbaycanlıları Konqresi Beynəlxalq İnsan Hüquqları Günündə Avropa ictimaiyyətini köçkün düşmüş yüz minlərlə azərbaycanlının hüquqlarının pozulmasına biganə qalmamağa çağırıb.

Müraciətdə qeyd edilir ki, bu gün Avropanın minlərlə qaçqının taleyi ilə məşğul olmasına, evlərini itirmiş insanlara yardım haqqında müzakirələrin aparılması AAK tərəfindən müsbət dəyərləndirilsə də, azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyətinə laqeyd yanaşmasını yolverilməz hesab edir. Həmçinin vurğulanır ki, qaçqınların sayının artması Avropa ölkələrini sözün əsl mənasında qorxu və təlaşa salır, lakin Azərbaycan artıq 20 ildən çoxdur bu problemlə üzləşib.

Müraciətdə Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağın erməni işğalından azad edilməsi və bu torpaqlardan köçkün düşən insanların doğma torpaqlarına qaytarılması tələb edilir.

Qeyd edək ki, BMT Baş Assambleyasının müvafiq qətnaməsi ilə 1950-ci ildən başlayaraq hər il dekabrın 10-u İnsan Hüquqları Günü kimi qeyd edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/389026.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR