Aztəminatlı təbəqənin sosial müdafiəsində önəmli addım

Aztəminatlı təbəqənin sosial müdafiəsində önəmli addım
07:32 10 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

Ölkədə yaşayış minimumunun artırılması irəliyə doğru atılan daha bir müsbət addımdır.

Bunu Milli.Az-a iqtisadçı-ekspert Pərviz Heydərov Prezident İlham Əliyevin ölkədə yaşayış minimumun qaldırılması ilə bağlı qanunun tətbiqi barədə sərəncamın imzalamasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, yaşayış minimumu dövlətin əhalinin sosial müdafiəsini təmin və təşkil etmək baxımından bir növ alət və vasitədir. Bunu dövlət özü müəyyən etməklə, necə deyərlər, həyata keçirdiyi və yaxud keçirməli olduğu sosial siyasətin aspektlərini - konkret istiqamətlərini dəqiqləşdirir: "Çünki məlum olduğu kimi, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərdən ibarət normadır. Minimum istehlak səbətinin tərkibinə ərzaq, qeyri-ərzaq məhsulları və xidmət daxildir ki, bunların da hər birinə həyat üçün vacib, həmçinin zəruri sosial və mənəvi tələbatı ödəyən elementlər aiddir. Bunlar da əhalinin 3 qrupu - əmək qabiliyyətli, pensiyaçılar və 14 yaşınadək olanlar üzrə müxtəlif cür bölünür ki, hər bir qrupun istehlak səbətinin tərkibi eyni elementlərdən ibarət olsa da, ölçü və çəki baxımından fərqli olur".

Ekspert qeyd edib ki, "Yaşayış minimumu haqqında" Qanuna əsasən, ölkədə yaşayış minimumuna ildə bir dəfə - dövlət büdcəsiylə birgə baxılmalı olduğu halda, minimum istehlak səbətinin dəyəri 3 ildə bir dəfə müəyyən edilir. Halbuki, minimum istehlak səbətinin tərkibinə daxil olan ərzaq məhsulları və xidmət istehlak bazarında qiymət dəyişikliyinə daha həssas və çevik cavab verir ki, bu da onun ümumi dəyər səviyyəsini müntəzəm olaraq nəzərdən keçirməyi tələb edir. Ona görə ki, qiymətlər və inflyasiya ölkədə fizioloji tələbatın təmin edilməsi vəziyyətini çox sürətlə dəyişir.

İqtisadçının fikrincə, 2016-cı il üçün yaşayış minimumunun həm ölkə üzrə, həm əmək qabiliyyətli əhali üçün, həm pensiyaçılar üçün, həm də uşaqlar üçün artırılan məbləği əvvvəlkindən ciddi fərqlənməsə də, irəliyə doğru atılan daha bir müsbət addımdır: "Bununla əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsində daha çox keyfiyyət əldə olunacaq. O ki qaldı əhalinin müxtəlif kredit borclarına, bu məsələlər qarışdırılmamalıdır. Bunlar banklar və yaxud müvafiq kredit təşkilatları ilə vətəndaşlar arasında münasibətlərə aid məsələlərdir. Kredit əsas etibarı ilə təminatlı olur və yaxud olmalıdır. Buna dövlət cavabdehlik daşımır və yaşayış minimumuna dair də heç bir müvafiq qanunvericilik norması ilə tənzimlənmir. Kredit sosial müavinət deyil, borc vəsaitidir və istənilən halda ödənilməlidir".

P.Heydərov hesab edir ki, yaşayış minimumu ilə bağlı əsas diqqət yetirilməli məsələ odur ki, qiymətlər yüksəldikcə minimum istehlak səbətinin dəyəri də dəyişdiyindən bu, onu istər-istəməz yaşayış minimumundan uzaqlaşdırır: "Ona görə ki, qiymətlər və inflyasiya prosesi ölkədə fizioloji tələbatın ödənilməsi vəziyyətilə sıx əlaqədardır. Bizdə isə problem ondadır ki, minimum istehlak səbəti vaxtında nəzərdən keçirilmir. Bax bu məsələ həll olunmalıdır".

Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb. Qanuna əsasən, 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilir.

Xatırladaq ki, bundan əvvəl yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün isə 108 manat idi.

Bu qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Bundan əlavə, Dövlət başçısı, həmçinin "Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilib.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/ipolitcs/389013.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR