Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Siyavuş Novruzov: "Bu vəzifə ona verilib ki, xalqa xidmət etsin, qaçıb xalqdan gizlənməsin"

Siyavuş Novruzov: "Bu vəzifə ona verilib ki, xalqa xidmət etsin, qaçıb xalqdan gizlənməsin"

Date: 10 December 2015 10:05

YAP icra katibinin müavini, Milli Məclisdə yeni yaradılan İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Yeni Müsavat"a geniş müsahibə verib. Xəzərdə baş verən faciəvi hadisə, Nardaran olayları, qanunların sərtləşdirilməsi, "MTN işi", parlament partiyalarının narazılıqları və digər mövzulardan bəhs edən söhbətimizi təqdim edirik:

- Siyavuş bəy, 4 dekabrda "Günəşli"də baş verən hadisənin təxribat olması barədə məlumatlar getdikcə artır. Bu barədə siz nə deyə bilərsiniz?

- Bu, təbii fəlakətdir. Mən də bəzi mətbuat orqanlarında görürəm ki, ayrı-ayrı siyasətçilər, daha doğrusu, siyasətbazlar qızışdırmağa çalışırlar, haradasa nöqsan axtarmağa çalışırlar. Bu, təbii fəlakətdir, olan hadisədir. Allah ölənlərə rəhmət eləsin! Tapılmayanlar tapılsın, sağ-salamat qayıtsınlar! Ekspertlərin rəylərindən də görünür ki, çox güclü qasırğanın nəticəsi olaraq belə bir faciə baş verib. Dünyanın hər yerində belə hadisələr olur. Ən yüksək texnologiyaya malik olan Yaponiyada sunami 30 minə yaxın insanın həyatına son qoydu, nə qədər şəhərlər, hətta AES dağıldı. Təbii fəlakət gözlənilməz bir şeydir və bunun qarşısının alınması da çox çətin məsələdir. Məsələn, işi 9 bal gücünə hesablayırsan, görürsən, 11 bal oldu. Yəni insan hələ təbii hadisələrə tam hazır deyil.

- Təbiətdən kənarda günahkar yoxmu? Yəni ən azı, insan itkilərinin sayını azaltmaq mümkün deyilmi?

- Məlumatlardan siz də şahidsiniz ki, bütün aidiyyəti orqanlar gecəli-gündüzlü bu işlə məşğul olub, lakin xilas etməyə imkan olmayıb.

- Bəs fəlakətə qədər necə? Hava proqnozu açıqlanmışdı...

- Fəlakətə qədər kim gözləyirdi ki, burada qaz partlayışı olacaq və yanğın baş verəcək. Estakada orada qurulub və orada həm insanların yaşaması üçün yer var, həm də işləməsi üçün. Heç kəs gözləmirdi ki, qaz birdən partlayacaq və insanları xilas etmək gündəmə gələcək. Xəzər dənizi küləkli dənizdir və burada hadisələr ola bilər. Yenə deyirəm, bu, təbii fəlakətdir.

- Belə fikirlər də var ki, bp-nin çalışdığı platformada vəziyyət tamam fərqli imiş...

- Elə bir neçə il bundan qabaq  bp-nin Sakit okeanda tankerləri dağıldı, boruları partladı, şirkət sahilyanı ölkələrə 50 milyarddan artıq kompensasiya ödədi. Yəni bp-nin özündə də belə hallar baş verir. Bu, təbii fəlakətdir, olmamalıydı, olub. Cəmiyyətimiz düzgün başa düşməlidir. O insanların yaxınlarının ürəyində şübhə yaradılmamalıdır. Dövlət tərəfindən də lazımi addımlar atılır. Onların həm kompensasiya məsələsi, həm sığortası həllini tapır. Təbii ki, insan itkisini heç nə ilə ödəmək mümkün deyir. Bütövlükdə xalqımız üçün bir fəlakətdir.

- Xarici amil, təxribat məsələsi araşdırılacaqmı?

- Bunu aidiyyəti strukturlar araşdırır. Ancaq verilən məlumatlarda isə göstərilir ki, bu, sırf qasırğa nəticəsində baş verib. Yəni bu, hər hansı partlayış, atəş zərbəsindən, yaxud qurğudan baş verən hadisə deyil. Təbii ki, bu, hələ söndürülməlidir, demontaj olunmalıdır, ondan sonra bu məsələlər daha dəqiq şəkildə araşdırılacaq.

- YAP rəhbərliyi doğmalarını itirən ailələrə baş çəkibmi?

- Başsağlığı vermişik. Partiyanın sədr müavini, baş nazirin müavini Əli Əhmədov xəstəxanada oldu, ziyan çəkənlərlə görüşdü. Bizim yerli təşkilatlara da tapşırıqlar vermişik, çünki bir çoxları rayonlardadır. Biz də bu prosesdə yaxından iştirak edirik.

- Nisbətən arxa plana keçən Nardaran hadisələrindən sonra qanunlar xeyli sərtləşdirildi...

- Yox, bəzən qanunların qəbul olunmasını belə izah edirlər ki, guya bu, Nardaranla bağlıdır. Ancaq belə bir şey yoxdur. Belə bir qanunun qəbuluna çoxdan zərurət var idi. Özü də bu, islam dininə qarşı deyil, ümumilikdə dini ekstremizmə qarşıdır. Hətta həmkarlarım da təklif etdi və biz gələcəkdə buna da baxacağıq. Ekstremizmin müxtəlif növləri var, onların da qanunda əksini tapmasını gündəmə gətirəcəyik. Amma bu gün dövlət quruluşunun dəyişdirilməsinə cəhd edənlərdən, ayrı-ayrı ölkələrdəki silahlı birləşmələrdə iştirak edənlərdən söhbət gedir... Dəqiqləşdirilməmiş məlumata görə, Azərbaycandan təqribən min nəfər ayrı-ayrı dini qrupların tərkibində silahlı dəstələrə qoşulub.

- Ancaq görünən budur ki, qanunların sərtləşdirilməsi də onların yolunu kəsmir. Hətta bu günlərdə Türkiyədə İŞİD-ə qoşulmaq istəyən daha 17 azərbaycanlı tutuldu...

- Hər halda biz çalışırıq. Hətta qanunlar o qədər sərtləşib ki, bu, vətəndaşların itirilməsinə qədər gətirib çıxara bilər.

- Deyək ki, vətəndaşlığını itirdilər, onların sonrakı taleyi necə olacaq?

- Sonrakı taleyini artıq o özü müəyyənləşdirməlidir. Birinci növbədə onların törətdiyi hər hansı əmələ görə məsuliyyətə cəlb olunmasından söhbət gedir. Tutaq ki, ona 15 il cəza verilirsə, deməli, söhbət vətəndaşlıq məsələsindən söhbət getmir. Yəni vətəndaşlığın itirilməsi lap son həddir. Bunun törətdiyi əməl o qədər ağır olmalıdır ki, cəza ilə yanaşı vətəndaşlığını itirməsi də baş versin. Cinayət Məcəlləsində də bu məsələlər sərtləşdirilib.

- ADP sədri Sərdar Cəlaloğlu Qafqaz Müsəlmanları İdarəsinin ləğvini təklif edib. Komitə sədri olaraq bu məsələyə yanaşmanız necədir?

- Mən bununla razı deyiləm. Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda ta qədimdən fəaliyyət göstərir və istər Ali Dini Şurada, istər Qazilər Şurasında kifayət qədər samballı insanlar toplaşıb. Tək Azərbaycanda demirəm, başqa ölkələrdə də Azərbaycanın bütün şeyxülislamları və indiki şeyximiz böyük hörmətə və diqqətə layiqdir. Azərbaycanın maraqları çərçivəsində addımlar atır, lazım olan məsələləri qaldırır.

- Hesab olunur ki, xaricdə dini təhsil alanlara qoyulan qadağa şeyxə də şamil olunmalıdır. Sizin arqumentiniz necədir?

- Keçmişdə sovetlər birliyi vahid ölkə idi və vahid vətəndaşlıq sənədinə malik idik. Biz onda bir ölkənin vətəndaşıydıq, Sovet İttifaqının. Həm də qanunun geriyə qüvvəsi yoxdur. Buna görə də məsələ şeyxə şamil oluna bilməz. Digər tərəfdən də o, çox yaxşı işlər aparır. Biz əksinə, ona kömək etməliyik, nəinki idarənin ləğvinə çalışmalıyıq. İstər məscidlərdə, istər ayrı-ayrı dini icmaların rəhbərləri bu gün şeyxin və İdarənin tövsiyələrini yerinə yetirir. Biz ona daha çox kömək etməliyik ki, ənənələrimizə uyğun olmayan dini cərəyanlar, yaxud dini ekstremizmlə məşğul olan qüvvələr bura daxil olmasın.

- Məlumata görə, artıq bu həbslər siyasi müxalifətə istiqamətlənib. AXCP sədrinin müavininin həbsi də bununla əlaqələndirilir...

- Bununla bağlı aparılan istintaq özü bu haqda geniş məlumat verəcək. Mən də baxıram ki, hər kəs öz rəyini söyləyir. Amma konkret fikri və orada baş verənlərlə bağlı hüquq mühafizə orqanları vaxtaşırı məlumat yayır.

- Sabiq nazir Eldar Mahmudovun tabeçiliyində işləmiş şəxslər həbs edildiyi halda, özünün sərbəst buraxılması da son vaxtlar əsas suallardandır...

- Bununla bağlı da hüquq mühafizə orqanları şərh verə bilər.

- Parlament müzakirələrində həmkarlarınız Milli Məclisin hətta komitə rəhbərliyində onlara təmsilçilik hüququnun verilməməsindən şikayətləniblər. Partiya sədrlərinin iradları ilə razısınızmı?

- Bizim parlamentin daxili nizamnaməsinə uyğun olaraq fraksiya azı 25 nəfəri təmsil etməlidir. Hazırda  YAP 71, bitərəflər 41 nəfərlə təmsil olunur. Yerdə qalan siyasi partiyalar da 1-2 nəfərlə parlamentdə təmsil olunur. Dünyanın heç yerində bu cür təmsilçiliyə nə komitə sədrliyi, nə sədr müavinliyi verilmir. Orada müxalifət də yekcins deyil. Bir müxalifət partiyası da digərini qəbul etmir. Elə qardaş Türkiyəni götürək, AKP var, ondan sonra CHP, yaxud MHP-nin kifayət sayda üzvləri var və fraksiya təşkil edirlər. Ancaq bizdə partiya sədri millət vəkili seçilib, artıq onun geniş fraksiyası yoxdur ki, bölgülərdə də nəzərə alınsın. Bu gün parlamentdə iki fraksiya var və hər ikisi vəzifədə təmsil olunub. Yəni sədr müavinlərindən biri bitərəflərdəndir, o cümlədən komitə rəhbərlərindən bir neçəsi onları təmsil edir.

- Deputatlar nazirlərdən də şikayətçidir. Nazirlər şəxsən sizin telefonlarınıza cavab verirlərmi?

- Nazirlər şəxsən mənim telefonuma cavab verirlər. Burada da obyektiv və subyektiv səbəblər var. Təbii ki, hər insan müraciətə cavab verməlidir, bu, onun bilavasitə vəzifə borcudur. Cənab prezident də dəfələrlə bununla əlaqədar tapşırıqlar verib ki, dövlət vəzifəsi daşıyan şəxs xalqa xidmət etməlidir. Bu vəzifə ona verilib ki, xalqa xidmət etsin, qaçıb xalqdan gizlənməsin. Nazirlərin regionlara səfəri, qəbullar keçirməsi də xalqa xidmətdir. Bu yaxınlarda statistika ilə tanış oldum, bu qəbullar təxminən 80 faiz müraciətlərin azalmasına səbəb olub. O baxımdan məhz deputatların da müraciətlərinə təbii ki, baxılmalıdır. Digər tərəfdən deputat da müraciət edəndə sırf seçicisini maraqlandıran, yaxud təmsil etdiyi regionla bağlı olan müraciət etməlidir. Yoxsa kimisə işə düzəltmək, kimisə işdən çıxartmaq, başqa problemlərin həll etməklə bağlı müraciət etmək olmaz. Onda hər iki tərəf qarşılıqlı halda bir-birini daha yaxşı başa düşər.

- Yeri gəlmişkən, baş nazirin 1-ci müavini Abid Şərifovun taleyindən xəbəriniz varmı?

- Məlumatım yoxdur. Cənab prezident hazırda Çin Xalq Respublikasında rəsmi səfərdədir. Yəqin ki, bir aydınlıq olar.

- Daha bir neçə nazirin vəzifədən azad olunacağı, hətta həbs ediləcəyi xəbəri yayılmaqdadır.

- Şayiələr yayılır. Hər gün oxuyuram ki, filankəs işə çıxmadı, bəhmankəsi artıq tutublar... Bu yaxınlarda AXCP-nin sədr müavini də facebook səhifəsində dövlət əleyhinə çağırışlarla və milli, dini ayrı-seçkiliklə bağlı yazılara görə məsuliyyətə cəlb olunub, araşdırma gedir. Dəfələrlə deyilib ki, bu cür hallar olmasın, bu cür çağırışlar qanunla qadağandır, olmaz! Ancaq buna əhəmiyyət verilmir. Bəziləri qəsdən bunu edir ki, polulyarlaşsın. Hansısa səbəblərə görə belələri qanunun tələblərinə əməl etmir.

Dövlət sirlərinin, hərbi sirlərin yayılmasına yol vermək olmaz! Elə son hadisə vaxtı "ölü qurum" var, Milli Şura adında, onun rəhbərləri qızışdırıcı mövqedən çıxış etməyə başladılar. Yəni insanlara təskinlik verməkdənsə, qızışdırıcı mövqedən çıxış etdilər, insanları dövlət əleyhinə yönəltməyə çalışırlar.

Məsələn, oxuyuram ki, neftin qiymətinin aşağı düşməsinə görə bunların sevincinin həddi-hüdudu yoxdur. Neftin qiyməti olanda bundan Azərbaycan xalqının xeyrinə istifadə olunurdu da. Yeni obyektlər, məktəblər tikilir, iş yerləri açılır, yollar, körpülər salınır. Tikilən məktəbdə bütün Azərbaycan xalqının uşaqları oxuyur, təkcə YAP-ın, yaxud iqtidarın uşaqları deyil ki.

O parkda hamı istirahət edir, o cümlədən müxalifətçilər də. Çəkilən yaxşı yolla onlar da hərəkət edirlər. Ancaq görürsən ki, sevinclərinin həddi-hüdudu yoxdur ki, neftin qiyməti düşəcək, Azərbaycanda krizis yaranacaq. Bu krizis bütün xalqın əleyhinə olacaq. Görünür ki, bunların əməlləri ondan ibarətdir ki, nə olur-olsun Azərbaycana ziyan dəysin. Elə bilirlər ki, ölkəyə ziyan dəyəndə bunlar Azərbaycanda hakimiyyətə gələcəklər. Bunlar hamısı xülyadır.

Milli.Az


Tags:  Siyavuş Novruzov Bu vəzifə ona verilib xalqa xidmət etsin qaçıb xalqdan gizlənməsin



RƏYLƏR


Top news