"İlin əvvəlindən bilinirdi ki, bir neçə nazir vəzifədən gedəcək"

"İlin əvvəlindən bilinirdi ki, bir neçə nazir vəzifədən gedəcək"
10:23 10 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

Keçi ili ilə bağlı Səbuhi Rəhimlinin hansı proqnozları özünü doğruldub?

2015-ci il Azərbaycan xalqı üçün o qədər də rahat keçmədi. Xüsusən də Binəqədidə baş verən yanğın, bu günlərdə neft daşlarındakı qəza insan tələfatı ilə müşayiət olundu. Bundan başqa, siyasi proseslər, səs-küylü həbslər, nazir vəzifəsindən çıxarılanlar... da Azərbaycanın gündəmi üçün yetərincə ciddi hadisələr idi.

Və ilin sonuna sayılı günlər qala bizi bu məsələdə astoroloji proqnozlar daha çox maraqlandırır. Maraqlıdır, 2015-ci ilin əvvəlində astroloqlar ilin bu cür keçəcəyi ilə bağlı proqnozlar səsləndirmişdimi? Keçi ili dünyaya və Azərbaycana nə vəd etmişdi? Qəzalar, insan tələfatı, nazirlərin, məmurların səs-küylü vəzifədən çıxarılma gözləntiləri var idimi?

"Yeni Müsavat" astroloq Səbuhi Rəhimlinin ilin əvvəlində verdiyi müsahibəni yada salıb, oradakı detalları bir daha vurğulayır.

S.Rəhimli ilin əvvəlində verdiyi müsahibəsində bildirmişdi ki, çoxları ili yanvarın 1-dən hesablayır, ancaq bu, yanlışdır. Yanvarın 1-i yalnız miladi təqvim dəyişir. Astronomik il isə Yuputerin hərəkətinə əsaslandığı üçün, Sutökən bürcü dövründə (20 yanvar-19 fevral) dəyişir: "Bu dəfə isə Keçi ili fevralın 19-na təsadüf edəcək. O vaxta qədər At ilinin himayəsində olacağıq.

Keçi ilində mütləq yeni siyasilər meydana gəlir. At illəri daha çox siyasi olaylarla zəngin keçir. Keçi ili isə bir az fərqlidir. At ilində başlanmış siyasi məsələlər Keçi ilində tədricən həll olunur. Keçi həm də incəsənət, xüsusən də teatral simvol kimi xarakterizə olunur, həmçinin lider kimi də rəmziləşdirilir. Keçi ilində mütləq yeni siyasi xadimlər meydana çıxır".

İlin aparıcı planeti Yupiter, uğurlu ayları mart, dekabr; uğursuz ayları iyun, sentyabr, düşərli günü: bazar ertəsi, cümə axşamı, ağır günü: çərşənbə, şənbə göstərilirdi. Aparıcı zodiak illəri Keçi, Pişik, Qaban, rəngi göy, yaşıl, bənövşəyi kimi xarakterizə olunmuşdu. S.Rəhimli həmçinin bildirmişdi ki, Keçi ilində yalan vədlər verilərsə, unutqanlıqlar olarsa, tərsliklər ola bilər: "Keçi ilində bahalaşma təbii olaraq gedir. Böhranlı vəziyyət özünü daha çox büruzə verir. Köhnə dövrdə olan münaqişələr Keçi ilində daha da dərinləşir. Bu il də bir çox dəyişikliklər gözlənilir. "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılova ən yaxşı halda mart ayına kimi həbsdə qalacaq. Müsavat Partiyasında daxili çəkişmələr səngiyəcək, Dağlıq Qarabağla bağlı yenə də üstünlük bizdə olacaq, amma hansısa ərazinin qaytarılması baş verməyəcək. Əli İnsanovun həbsdən azad olunması yaza qədər baş verə bilər. Əgər olmazsa, həbsdə qalmağı uzanacaq".

"Bu ildə ciddi siyasi dəyişikliklər gözlənirdi və... baş verdi"

S.Rəhimli eyni zamanda gözlənilən parlament seçkiləri ilə də bağlı maraqlı fikirlər söyləyib: "Parlament seçkiləri bu vaxta qədər olan seçkilərindən kəskin surətdə fərqlənəcək. Hətta yeni bir hərəkatın yaranacağı gözlənilir. Daxildə üçüncü bir qüvvə meydana gələcək. Uzun illər millət vəkili olanların 40%-i bu dəfə seçilməyəcək. Nazir ranqlı 4 vəzifəli məmur öz postunu tərk edəcək. 15-ə yaxın icra başçısı dəyişdiriləcək. Hazırkı deputatlardan bir çoxu yüksək vəzifələrə təyin olunacaq".

Astroloqun proqnozları sırasında həmçinin "Ebola" virusu, İŞİD haqqında məqamlar da yer alıb. S.Rəhimli ötən il demişdi ki, "Ebola" virusunu daha çox siyasi təzyiq kimi dəyərləndirir: "İnşallah, yaz aylarından bu virusun dayanacağı gözlənilir. İŞİD barədə isə vəziyyət gərgin olaraq qalacaq. Bu hərəkat 2015-ci ildə daha da geniş əraziləri əhatə edəcək. Əslində İŞİD də ABŞ-ın ssenarisidir. Amerika dünyanın ən təhlükəli terrorçularını məhz bu quruma cəlb edib".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389104.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR