Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev “Huawei” şirkətinin Pekindəki Sərgi Mərkəzində olub

Prezident İlham Əliyev “Huawei” şirkətinin Pekindəki Sərgi Mərkəzində olub

Date: 10 December 2015 11:26

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Huawei” şirkətinin Pekindəki Sərgi Mərkəzində olub.
 
Dövlət başçısına məlumat verilib ki, bu mərkəz yüksək səviyyəli strateji dialoq məkanıdır. Burada “Huawei”in gələcək meyilləri, çağırışları və strategiyaları barədə müştərilərə geniş məlumat verilir, onların maraqlarına uyğun olaraq həll yolları izah edilir.
 
Mərkəzdə dörd sərgi bölməsi var. Bu bölmələrdə gələcək strateji danışıqlar, rəqəmsal fərd, rəqəmsal ev, çevik rəqəmsal biznes, mərkəzi əməliyyatlar təcrübəsi, informasiya texnologiyaları infrastrukturu, rəqəmsal müəssisə və innovasiyalar barədə məlumat verilir. Bundan əlavə, “Huawei”in 2020-ci il üçün strategiyaları barədə də mərkəzdə ətraflı informasiya təqdim olunur.
 
Burada “Huawei”in Azərbaycandakı nümayəndəliyinin əməkdaşları ilə canlı bağlantı yaradılıb.
 
Prezident İlham Əliyev “Huawei” şirkətinin Azərbaycanda uğurlu fəaliyyət göstərməsindən və öz fəaliyyətini genişləndirməsindən şad olduğunu bildirərək şirkətin “Bakutel” sərgisində iştirakından danışıb: “Bu yaxınlarda mən “Bakutel” sərgisində “Huawei”in stendində də olmuşam. Burada da indi yeniliklərlə tanış oluram və gördüklərim mənə çox xoş təəssürat bağışlayır. Əminəm ki, “Huawei” Azərbaycanda gələcəkdə öz fəaliyyətini daha da genişləndirəcək”.
 
 
Dövlət başçısı Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına çox böyük diqqət yetirildiyini və yaxşı nəticələr əldə olunduğunu bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, “Huawei” şirkətini Bakıda təmsil edən çox gənc komanda var. Həmin şirkətdə həm yerli, həm də Çin mütəxəssisləri çalışır və onlar xalqlarımız arasında dostluq münasibətlərini daha da möhkəmləndirirlər.
 
 
Şirkətin Azərbaycan nümayəndəliyinin əməkdaşları dövlət başçısına ölkəmizdəki fəaliyyətləri və həyata keçirdikləri layihələr barədə məlumat veriblər.
 
 
Qeyd edək ki, “Huawei” Çində  inkişaf etmiş böyük şirkətlərdən biridir. 1978-ci ildə yaradılan “Huawei” şirkətinin həlləri və məhsullarına naqilsiz, baza və nəqliyyat şəbəkələri avadanlıqları, şəbəkə cihazları, optik cihazlar, marşrutizatorlar, şəbəkə kommutatorları, tətbiqi proqramlar, aparat təminatı, terminallar və sair daxildir. Şirkət ildən-ilə öz uğurlarını artırır. Dünyada telekommunikasiya sahəsindəki yenilikləri öz fəaliyyətində tətbiq edən və bu sahəyə xüsusi töhfələrini verən “Huawei” 2006-cı ildə “3G” daxil olmaqla yeni nəsil şəbəkələri seqmenti üzrə artım nümayiş etdirib. Elə buna görə də “Huawei” dünyada telekommunikasiya avadanlıqları istehsal edən ən böyük şirkət hesab edilir. İndi şirkətin müxtəlif ölkələrdə 20 elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir. “Huawei”in 170 mindən artıq əməkdaşı var. Onlardan 76 mini tədqiqatla məşğuldur. Şirkətin dünyada böyük populyarlığa malik olan məhsul və xidmətləri 140-dan çox ölkədə tətbiq olunur. Bu şirkət hazırda dünyanın 50 ən böyük telekommunikasiya operatorlarından 45-nə xidmət göstərir.
 

SEYMUR
 


Tags:  Prezident İlham Əliyev Huawei şirkətinin Pekindəki Sərgi Mərkəzində olub



RƏYLƏR


Top news