”3 yaşlı uşaq valideynləri arasındakı dialoqu təkrarlayır”

”3 yaşlı uşaq valideynləri arasındakı dialoqu təkrarlayır”
12:14 10 Dekabr 2015
30 Sosial
Ölkə mətbuatı
A- A+

Mütəxəssis məsləhəti: “Uşaqların yanında danışığa fikir vermək lazımdır”

 

“Araşdırmalar nəticəsində məlum olub ki, psixoloji durumu gərgin olan uşaqlara əsasən, iqtisadi durumu ya çox yaxşı, ya da çox pis olan ailələrdə daha çox təsadüf olunur. Çünki hər iki halda uşaq sevgidən nisbətən kənarda qalır”. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, psixoloq Aidə Nəbiyeva deyib.

 

Psixoloq deyib ki, uşaqlar daha çox sevgi və diqqətə möhtacdırlar və çox zaman valideynlərin bunu anlamaması övladla münasibətlərdə anlaşmazlığa səbəb olur:

“Uşaqların maddi təminata o qədər ehtiyacları yoxdur. Uşaq ilk növbədə oyun oynamaq istəyir. Xüsusilə, 7-10 yaşlı uşaqlar. Elə uşaqlar var ki, hər şeyi var, amma parkda atası ilə uşağa qibtə edə bilər. Bunun səbəbləri çox zaman bir çoxlarına aydın olmur. Belə müraciətlər çox olur. Maddi cəhətdən təminatlı ailələr övladlarının özünə qapanması səbəblərini başa düşmürlər. Cavab birdir – sevgi əskikliyi”.

 

Övladın tərbiyəsində hər iki valideyn eyni mövqedən çıxış etməlidir deyən psixoloq hesab edir ki, yalnız bu halda sağlam düşüncəli övlad yetişdirmək olar: “Ən uğurlu tərbiyə prosesi hər iki valideynin eyni fikirdə olmasıdır. Ən yaxşı çıxış yolu fikir ayrılığı olduğunu qəbul edib, müzakirəni sonraya saxlamaqdır. Digər tərəfdən, övladı qorumaq normal haldır. Amma ona bunu göstərmək doğru deyil. Özəlliklə, anaların oğulpərəst olması mənfi fəsadlara səbəb ola bilər. Məsələn, oğlanlarda kişi xüsusiyyətlərinin formalaşması gecikir. Yaxşı olardı ki, övladlar sərbəst böyüdülsün”.

 

Aidə Nəbiyevanın sözlərinə görə, ailədaxili münaqişələr ilk növbədə uşaqlarda aqressivlik yaradır: “Kiçik mübahisələri münaqişə adlandırmaq düzgün deyil. Sadəcə, unutmaq lazım deyil ki, bu xırda münaqişələr uşağın əyləncə saatından gedir. Uşaqlar o anlarda gərginləşirlər. Diqqət çəkməyə çalışırlar. Aqressiya nümayiş etdirirlər. Məqsəd həm fürsətdən istifadə etmək, həm diqqət çəkmək, eyni zamanda mənəvi cəhətdən cəzalandırmaqdır. Bu cür problem davranışların yaranmaması üçün övladları diqqət mərkəzində saxlamaq lazımdır. Konsultasiyaya gələn uşaqların danışığından başa düşmək olur ki, aid olduğu ailədə hansı sözlərdən istifadə olunur. Uşaqların yanında danışığa fikir vermək lazımdır. Uşaq canlı “video kameradır”. 3 yaşlı uşaq valideynləri arasındakı dialoqu təkrarlayır. Uşaqlar neqativ sözləri tez götürürlər”.

 

Psixoloq vurğulayıb ki, övladlar yeni emosiyaları müşahidə etdikləri üçün valideynlərin hərəkətlərinə göz qoyurlar: “Uşaqların yanında yaşanan hadisələrə çox diqqət etmək lazımdır. Valideynlər düşünürlər ki, övladların başı oyuna qarışır, onları eşitmirlər. Əsla belə deyil. Uşaqları ən çox böyüklərin söhbətləri maraqlandırır. Onlar fərqli emosiyalar sezdiklərinə görə, valideynlərin hərəkətlərinə çox diqqət edirlər. Konflikt yaşanandan 2 həftə sonra uşaq hadisə barədə sual verə bilər. Kənar adamların müdaxiləsi isə uşaqlar tərəfindən qorxu ilə qarşılanır. Ailədaxili münaqişələrdə uşaq - qorxu, həyəcan pozuntusu, çəkingənlik, sosial ünsiyyət problemi ilə üz-üzə qalır. Uşaq insanlardan qorxur. Qorxu kəkələməyə də səbəb ola bilər”.

 

Verilişin digər qonağı Gənc Tamaşaçılar Teatrının aktrisası Şəbnəm Hüseynova münaqişələrin aradan qaldırılmasında qarşılıqlı hörmətin olmasının mühüm rol oynadığını deyib: “Yoldaşım məndən 9 yaş böyükdür. Baxışlarımız o qədər fərqli deyil. Amma təbii ki, hadisələrə yanaşma baxımından kişi və qadının baxışları fərqlidir. Biz demək olar ki, hər zaman eyni nöqtəyə baxırıq. Amma bəzən olur ki, fikir ayrılığı yaranır. Mən hər kəsi olduğu kimi qəbul edirəm. Heç kəsi dəyişməyə çalışmıram. Həyat yoldaşımın fikrini hörmətlə qəbul edirəm. Ümumiyyətlə, mənə elə gəlir ki, kişinin qadından yaşca böyük olması mütləqdir. Şükür Allaha ki, bizim evimizdə münaqişə olmur. İnadkarlıq etmədiyim üçün məsələ böyümür. Münaqişələrimizin tək səbəbkarı oğlumuzdur. Mənim “olmaz” dediyim məqamda atası əksini deyir”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224656

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR