Dərmanların satılmasında YENİLİK

Dərmanların satılmasında YENİLİK
12:59 10 Dekabr 2015
81 Sosial
Ölkə mətbuatı
A- A+

“Vətəndaş hər hansı dərman preparatını aptekdə tapa bilmədikdə eyni təsiredici maddəyə malik digər istehsalçıların alternativ dərman vasitəsini ala bilər”.

Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov qiymətləri Tarif (qiymət) şurası tərəfindən təsdiqlənən dərman vasitələrinin apteklərdə tapılmamağı ilə bağlı məlumatlara fikir bildirərkən deyib.

M.Süleymanov qeyd edib ki,  hazırda əczaçılıq bazarında dövlət qeydiyyatına alınmış eyni təsiredici maddəyə malik müxtəlif istehsalçıların, ölkələrin fərqli adlarla bir çox sayda preparatları satışda var və vətəndaş hər hansı dərman preparatını ticarət adı ilə aptekdə tapa bilmədikdə eyni təsiredici maddəyə malik digər istehsalçıların alternativ dərman vasitəsini ala bilər: “Bütün bunları nəzərə alaraq Səhiyyə Nazirliyinin Kollegiyasının 21.10.2015-ci il tarixli 57 nömrəli Qərarı ilə“Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları” təsdiqlənib. Yeni Qaydalara əsasən, həkimlər xəstələrə resept yazarkən dərman vasitəsinin ticarət adını deyil, beynəlxalq patentləşdirilməmiş adını (təsiredici maddə adını) qeyd edəcəklər. Və beləliklə də vətəndaş aptekə müraciət edən zaman əczaçı tərəfindən reseptdə göstərilən beynəlxalq patentləşdirilməmiş ada uyğun dərman vasitələri barədə ona məlumat veriləcək, vətəndaş da büdcəsinə uyğun olaraq dərman vasitəsinin qiymətinə və istehsalçısına görə özü seçim edə biləcək”.

M. Süleymanov bildirib ki, indi qarşıda duran əsas məqsəd əhalini keyfiyyətli, effektiv və təhlükəsiz dərman vasitələri ilə təmin etməkdir. Aparılan nəzarət tədbirləri əhalinin sağlamlığının qorunması baxımından çox vacib və mühüm bir sosial məsələdir və görülən bu işlər daim davam etdiriləcək.

Xatıraldaq ki, 2014-cü ilin 16 dekabr tarixində “Dərman vasitələri haqqında” Qanuna edilmiş dəyişikliklərdə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri dövlət tənzimlənməsinə aid edilib. Bundan sonra Azərbaycan Respublikasının Tarif (qiymət) şurası tərəfindən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənmə prosesinə başlanılıb və bu günə kimi 3540 adda dərman vasitəsinin qiymətləri təsdiqlənib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224666

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR