İranda 7 mindən çox insan QİÇS-ə görə həyatını itirib

İranda 7 mindən çox insan QİÇS-ə görə həyatını itirib
14:05 10 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Son 30 ildə İranda QİÇS-ə yoluxanlardan 7387 nəfər dünyasını dəyişib ki, onlardan 662 nəfəri İranın Xuzestan əyalətində yaşayanlar olub.

Bunu İranın Səhiyyə Nazirliyinin Xuzestan əyaləti üzrə Mərkəzinin sədri Şükrüllah Salmanzadə deyib.

Trend-in məlumatına görə, bu barədə İranın İSNA agentliyi məlumat verir.

Ş.Salmanzadə ötən gün Xuzestan əyalətinin mərkəz şəhəri Əhvazda Beynəlxalq QİÇS günü münasibəti ilə tədbirdə çıxışı zamanı bildirib ki, qeyd olunan rəqəm 1986-cı ildən indiyədək ölkədə QİÇS-ə yoluxan və həlak olanlara şamil olunur.

O, Xuzestan əyalətində qeydiyyatda olan QİÇS-ə yoluxanların sayının 2332 nəfər olduğunu bildirərək deyib ki, bu virusa yoluxanların sayı getdikcə artmaqdadır.

Qeyd edək ki, ötən il İranın Səhiyyə Nazirliyi 2009-cu ildə QİÇS-dən ölənlərin sayının 3409 nəfər olduğunu açıqlamışdı.

İran rəsmilərinin bildirdiyinə görə, ölkədə narkotik maddələri iynə vasitəsilə qəbul etməklə, anadan uşağa keçməklə və cinsi əlaqə yolu ilə QİÇS-ə yoluxma halları artıb.

Ş.Salmanzadə də İranda cinsi əlaqə ilə QİÇS-ə yoluxma hallarının iki dəfə artdığını bildirib.

Fars agentliyinin məlumatına görə, İranın QİÇS Araşdırmalar Mərkəzinin sədri xanım Minu Möhrəz isə bildirib ki, İranda QİÇS-ə yoluxan qadınların sayı 10 faiz artıb.

İranın Səhiyyə Nazirliyinin 2013-cü ildə ölkədə QİÇS-ə yoluxanların statistikası ilə bağlı verdiyi açıqlamada bildirilir ki, ölkədə 27888 nəfər QİÇS-ə yoluxan şəxs qeydiyyatdan keçib. Onlardan 88,7 faizi kişi, 11,3 faizi isə qadındır. Ölkədə 93 min nəfərdən çox QİÇS virusu daşıyıcısının olduğu təxmin edilir.

İranın İRNA agentliyi xəbər verir ki, İran Səhiyyə Nazirliyinin QİÇS ilə mübarizə idarəsinin rəisi Abbas Sədaqət isə bildirib ki, 1986-cı ildən 2011-ci ilədək cinsi yolla QİÇS-ə yoluxmanın səviyyəsi 10 faiz təşkil edirdisə, indi (2011-2012-ci illərdə) bu göstərici 21 faizə qədər artıb.

QİÇS nadir xəstəliklərdəndir ki, İranda bir sıra mental və dini səbəblərə görə gizli saxlanılıb, eləcə də insanlar bu xəstəliyin necə yayılması haqqında məlumatsız olduqlarından, bu ölkədə QİÇS-ə yoluxanların sayı kəskin artıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR