Elvinin heyran edən əsərləri - FOTO

Elvinin heyran edən əsərləri - FOTO
14:42 10 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Belə bir deyim var: Filankəsin əli qızıldır... Yəqin ki, bu bənzətmə indi ekranlarınıza gətirəcəyimiz Göygöl rayon sakininə çox yaraşacaq. O, gənc olmasına baxmayaraq, öz əl qabiliyyəti ilə çoxlarını heyran qoymağı bacarıb. Kibrit çöpləri və taxta parçalarından müxtəlif maketlər hazırlayan Elvin Cəfərovu birlikdə tanıyaq...

Məscid, kilsə, Qız qalası, Eyfel qülləsi... Kəpəz TV (Region TV) xəbər verir ki, bir-birindən fərqlənən bu maketləri ərsəyə gətirən 15 yaşlı Elvin Cəfərovdur.  Onun ilk əl işi kibrit çöplərindən hazırladığı kiçik ev olub. Uşaqlıqdan bu işə maraq göstərən və 7 yaşında ilk maketini ərsəyə gətirən Elvin illər ötdükcə həm əl işlərinin sayını artırıb, həm də həcmini böyüdüb. Məsələn, bu məscidin hazırlanması 3 ay vaxt aparıb. Elvin bu maketdə 40 mindən artıq kibrit çöpü, bir litrə yaxın yapışqandan istifadə edib. 

Elvin Cəfərov - Göygöl sakini: "Bu, Göygöldə olan Alban kilsəsidir. Memarlığı xoşuma gəlir. Həm də yaşadığımız Göygöl rayonunun bir abidəsidir. Bir ay vaxt sərf etmişəm, 20 mindən artıq kibrit çöpündən istifadə edilib".

Bu istedadlı yeniyetmə  texnikaya olduqca maraqlı olduğundan, avtomobil və motosiklet maketlərini hazırlayarkən xüsusi zövq aldığını deyir. 

Elvin Cəfərov: "Bu motosikleti bir həftəyə düzəltmişəm. Əsasən taxtadan istifadə etmişəm. Başqa material yoxdur. Sadəcə aşağı hissəsində dəmir var. Düzəldib, rəngləmişəm. Belə baxanda çox adam bilmir ki, taxtadan düzəldilib. Deyirlər, oyuncaqdır. Amma diqqətlə baxdıqda taxtadan olduğu bilinir".

Elvinin əl işləri iştirak etdiyi bir çox sərgilərdə maraqla qarşılanır. Hətta o, bir sıra diplomlarla da təltif olunub. Bu maketləri almaq istəyənlərin sayı da yetərincədir. Lakin Elvin böyük həvəs və maraqla ərsəyə gətirdiyi bu əl işlərindən ayrılmaq niyyətində deyil.

Elvinin bu günə qədər hazırladığı ən böyük əl işi Eyfel qülləsidir. Hündürlüyü 3 metr 5 santimetrdir. Şam materialından hazırlanıb. 5748 detaldan istifadə edilib.

"Bəs valideynlərin necə, bu işdə sənə dəstək olurlarmı?" sualına isə Elvinin cavabı belə oldu: "Bəli, dəstək olurlar. Hətta əl işləri hazırlayarkən mənə məsləhətlər də verirlər ki, o binanı və ya bu binanı düzəlt. Məsələn, bu bizim qədim tarixi binamızdır və sair".

10-cu sinif şagirdi olan Elvin Cəfərov ali məktəbə də hazırlaşır. O gələcəkdə memar olmaq arzusundadır.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR