Təbrizdə ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib (FOTO)

Təbrizdə ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib (FOTO)
15:03 10 Dekabr 2015
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın Təbrizdəki Baş Konsulluğu tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Konsulluqdan Trend-ə verilən məlumata görə, Təbriz şəhərinin “Günəş” salonunda təşkil olunmuş mərasimdə ilk öncə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun ruhuna müqəddəs Qurani-Kərimdən ayələr oxunub.

Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə mərasimdə çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə mərasim iştirakçılarına məlumat verib, onun istər sovet imperiyası dönəmində, istərsə də Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonrakı dövrlərdə də həyat və fəaliyyətini Azərbaycan xalqına, Azərbaycan dövlətinin möhkəmlənməsinə həsr etdiyini qeyd edib.

Baş konsul, Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etdiyi və daxili çəkişmələrin də baş verdiyi bir zamanda ulu öndərin Azərbaycanın müstəqilliyin qorunub saxlanmasında misilsiz xidmətlərinin olduğunu bildirmiş, onun apardığı siyasət nəticəsində Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin əldə olunduğunu, Ermənistanın təcavüzkar siyasətinin, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyinin dünya ictimaiyyətinin diqqətinə çatdırıldığını bildirib.

Baş konsul Heydər Əliyevin Azərbaycan-İran əlaqələrinin də əsasını qoyduğunu vurğulayaraq, müstəqilliyin ilk illərində Azərbaycan-İran münasibətlərində hökm sürən soyuqluğun onun müdrik siyasəti nəticəsində aradan qaldırıldığını, əlaqələrin sonradan uğurla irəliyə doğru aparıldığını və hazırda da dostluq və əməkdaşlıq prinsiplərinə söykənən bu əlaqələrin inkişaf etdiyini bildirərək, ulu öndərə allahdan rəhmət diləyib.

Ehsan süfrəsinin də açıldığı anım mərasimində İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti valisinin müavini, vilayətin və valiliyin digər dövlət rəsmiləri, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin məsul şəxsləri, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri, Türkiyə Respublikasının Təbrizdəki Baş Konsulluğunun kollektivi, Təbrizdə yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak ediblər.

Anım mərasimi ilə əlaqədar həmçinin, İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayəti valisinin baş sağlığı məktubu da Baş Konsulluğa göndərilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2467930.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR