Qazaxıstanın “Kapital” komandası Azərbaycan Liqasının qalibi olub

Qazaxıstanın “Kapital” komandası Azərbaycan Liqasının qalibi olub
15:03 10 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Şən və Hazırcavablar Klubunun Azərbaycan Regional Liqasının İkinci mövsümünün finalı olub. Finalda çempion adı uğrunda Azərbaycan, Qazaxıstan və Rusiyadan 10 komanda mübarizə aparıb. Qalib Liqanı yanvar ayında Soçidə “KiViN” festivalı çərçivəsində keçiriləcək Çempionlar Kubokunda təmsil edəcək.
AZƏRTAC Azərbaycan Şən və Hazırcavablar Klubunun mətbuat xidmətinə istinadla xəbər verir ki, oyun çox maraqlı olub. Gərgin rəqabət şəraitində keçən finalda komandalar həm yumor ustalığında, həm də təqdimatın maraqlı olmasında yarışıblar. Final oyununu “Parni iz Baku” ŞHK komandasının aktyorları İlqar Nəbiyev və Yana Nikitina, “Nə? Harada? Nə zaman?” elitar klubunun bilicisi Balaş Qasımov, populyar bəstəkar və prodüser İsa Məlikov, Azərbaycan Şən və Hazırcavablar Klubunun rəhbəri Rəşad Əzizov mühakimə ediblər.
Azərbaycan Dövlət İqtisad Universitetinin “WallStreet” və mövsümün sonuna doğru sürətlə populyarlaşan “ASAN” komandaları kiçik kuboka layiq görülüblər.
Orta kubok Azərbaycan Texniki Universitetinin “Politex” və Dağıstan Dövlət Universitetinin “Dobrıye Lyudi” komandalarına nəsib olub.
Böyük kubok isə Almatı şəhərindən olan “Kapital” komandasına qismət olub.
2015-ci ildə Azərbaycan Liqasının oyunlarında müxtəlif ölkələrdən 18 komanda iştirak edib. Komandaların hər mərhələdə topladıqları ballar finalda cəmlənib.
Nəticədə 2015-ci il mövsümünün çempionu adını “Sbornaya BQU” (Azərbaycan) və “Dobrıye Lyudi” (Dağıstan, Rusiya) komandaları bölüşüblər. İkinci yeri “ASAN” komandası tutub. Bürünc medalı isə “Saşa+Maşa” (Rusiya), “WallStreet” və “Politex” (hər ikisi Azərbaycan) komandaları bölüşüblər.
Azərbaycan Şən və Hazırcavablar Klubunun rəhbəri Rəşad Əzizov Liqanın finalının yekunlarını şərh edərək deyib: “Nəticə tamamilə qanunauyğundur. Bu iki ildə Azərbaycanda xarici ölkələrdəki güclü ŞHK-çılarla müstəqil yarışmağı öyrənən gənc komandaların sayının artması göz qabağındadır. Bu mövsüm ölkəmizin rəhbərliyinin yeritdiyi uğurlu gənclər siyasətinin daha bir sübutu olub. Biz də öz növbəmizdə ŞHK hərəkatının genişlənməsi və yaxın vaxtlarda təkcə ölkə daxilindəki deyil, həm də onun hüdudlarından kənardakı media-məkanda dividentlər gətirməsi üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2014-cü ildə yaradılan Liqa ŞHK Beynəlxalq İttifaqının Cənubi Qafqazdakı ilk rəsmi Liqasıdır. Onun aparıcısı Aleksandr Maslyakov, baş redaktoru Dmitri Kolçindir.
Azərbaycan Liqasının finalı yaxın vaxtlarda AzTV telekanalı ilə nümayiş etdiriləcək.
 




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qazaxistanin_Kapital_komandasi_Azerbaycan_Liqasinin_qalibi_olub-910001

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR