Bahar Muradova: Siyasətçilər Nardaran hadisələrindən istifadə etməməlidir

Bahar Muradova: Siyasətçilər Nardaran hadisələrindən istifadə etməməlidir
15:33 10 Dekabr 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad – Trend:

Hər bir Nardaran sakini qəsəbədəki durumun Azərbaycandakı ümumi vəziyyətə uyğunlaşdırılması prosesinə kömək etməlidir.

Trend-in məlumatına görə, bunu bu gün Respublika Veteranlar Təşkilatının 2015-ci ildə fəaliyyətinin yekunu və 2016-cı ildə qarşıda duran vəzifələrlə bağlı plenar iclasında jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova Nardaran qəsəbəsində baş verən hadisələrə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, insanlar bütün sahələrdəki problemlərin aradan qaldırılmasında vətəndaşlıq mövqeyi nümayiş etdirməli və dövlətə dəstəyini əsirgəməməlidir: “Vətəndaşlar müvafiq qurumların istər sosial, istərsə də məişət məsələlərinin həlli, cəmiyyətimizi narahat edən problemlərin aradan qaldırılması və radikal hərəkətlərə münasibətin formalaşması üzrə apardığı tədbirlərə dəstək verməli və narahatlıq yaradan səbəblərin həllinə kömək göstərməlidirlər. Azərbaycan qanunları ölkənin bütün bölgələrində, kənd və qəsəbələrində, yəni Azərbaycanın sərhədləri daxilində və hər bir kəs üçün vahid şəkildə icra olunmaldır. Nardaran sakinlərinin də borcu ondan ibarətdir ki, qəsəbədə qanunlar icra olunsun”.

Nardaran hadisələri ilə bağlı siyasətçiləri daha az açıqlama verməyə çağıran B.Muradova qeyd edib ki, bu, istintaqa mənfi təsir edə bilər: “Bütün siyasətçilərdən bu məsələlərdən istifadə etməməyi tövsiyə edərdim. İmkan vermək lazımdır ki, müvafiq qurumlar öz işlərini başa çatdırsınlar və bu məsələ hüquqi müstəvidə həll olunsun. Azərbaycan vətəndaşları da bununla bağlı vaxtaşırı məlumatlandırılmalıdır”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2467929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR