Zaqatalada daha 4 kəndin qazlaşdırılması başa çatıb

Zaqatalada daha 4 kəndin qazlaşdırılması başa çatıb
15:58 10 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Zaqatala, 10 dekabr, AZƏRTAC
Zaqatala rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər uğurla davam etdirilir. Dekabrın 10-da rayonun dağlıq ərazisində yerləşən Car, Zilban və Axaxdərə kəndlərinə, həmçinin Abaəli yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, 799 abonenti olan Car və ətraf kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 67 min metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
27 abonenti olan Abaəli kəndinin qazlaşdırılması üçün isə ümumi uzunluğu 2 min 500 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib.
Bu münasibətlə Car kəndində keçirilən mərasimdə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən bəhs edilib. Bildirilib ki, cari ildə bu kəndlər də daxil olmaqla, Zaqatala rayonunun 13 yaşayış məntəqəsinə “mavi yanacaq” verilib. Hazırda rayonun 29 yaşayış məntəqəsinin əhalisi təbii qazdan istifadə edir.
Kənd sakinləri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zaqatalada_daha_4_kendin_qazlasdirilmasi_basa_chatib-910017

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR