Professor Yəhya Məmmədovun 85 illik yubileyi qeyd olunub (FOTO)

Professor Yəhya Məmmədovun 85 illik yubileyi qeyd olunub (FOTO)
17:33 10 Dekabr 2015
28 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) görkəmli alim və ictimai xadim, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, BDU-nun sabiq rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Yəhya Məmmədovun 85 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, konfransı giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov görkəmli alimin zəngin elmi fəaliyyətindən danışıb. Bildirib ki, 1971-ci ildən 1987-ci ilədək BDU-nun elmi işlər üzrə prorektoru, 1987-1989-cu illərdə isə rektoru vəzifələrində çalışan Y.Məmmədovun fəaliyyət dövrü mürəkkəb illərə düşsə də, o, universitetdə tənəzzülün qarşısını almağa çalışıb, milli düşüncənin beşiyinə çevrilən bu təhsil ocağının başında böyük vətənpərvər bir ziyalının dayandığını ləyaqətlə nümayiş etdirib.

Tədbirdə Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov “Görkəmli alim, ictimai xadim və elm təşkilatçısı” mövzusunda məruzə edib.

Sonra çıxış və xatirələr dinlənilib. Professor Y.Məmmədovun həyat və elmi fəaliyyətindən danışan natiqlər, eyni zamanda, uzun müddət müdiri olduğu Hesablama riyaziyyatı kafedrasının fəaliyyətinə də toxunublar. Bildiriblər ki, görkəmli alim Y.Məmmədovun rəhbərliyi ilə kafedra çox geniş və əhatəli inkişaf yolu keçib, bu illərdə hesablama riyaziyyatı bir elm sahəsi kimi inkişaf edib və respublikada onun məktəbi yaranıb. Hesablama riyaziyyatı kafedrası bu gün dünyanın qabaqcıl universitetləri ilə sıx əməkdaşlıq əlaqələri qurub, əməkdaşlar nüfuzlu universitetlərdə təşkil olunmuş beynəlxalq elmi konfranslarda geniş məruzələrlə çıxış edirlər.

Sonra professor Y.Məmmədovun ailə üzvləri adından akademik Kamal Abdulla çıxış edib.

Konfrans iki gün davam edəcək və 4 bölmə üzrə 130 məruzə dinləniləcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2468047.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR