İslam dininin ənənəvi dəyərlərinin qorunması və təbliği mühüm məsələlərdən biridir

İslam dininin ənənəvi dəyərlərinin qorunması və təbliği mühüm məsələlərdən biridir
18:58 10 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Qax, 10 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Milli mənəvi dəyərlərimizin tərkib hissəsi olan İslam dininin ənənəvi dəyərlərinin qorunması və təbliği mühüm məsələlərdəndir. Hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır. Belə bir şəraitdə dini maarifləndirmə işinə xüsusi diqqət yetirilməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər dekabrın 10-da Qax Rayon İcra Hakimiyyətində keçirilən “Dövlət-din münasibətləri və dini ekstremizmə qarşı birgə mübarizə” mövzusunda tədbirdə səsləndirilib.
Rayonda fəaliyyət göstərən idarə və müəssisə rəhbərlərinin, ziyalıların, ağsaqqal və gənclərin, dini icma rəhbərlərinin iştirak etdiyi tədbiri rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq Azərbaycanda dövlət-din siyasətinin həyata keçirilməsi, dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazası, qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, ölkəmizdə tolerantlıq mühitinin, milli mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində görülən tədbirlərdən danışıb.
Rayon qazısı hacı Novruz Sadıqov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov, rayon Ağsaqqallar Şurasının sədri Nadir Aşurov və başqaları çıxış edərək rayonda mövcud dini durum, dini radikalizm, İslamın radikalizmə baxışı, ölkəmizdə dini ənənələrin qorunması, dövlət tərəfindən dini icmalara göstərilən qayğı barədə geniş məlumat veriblər. Bildirilib ki, xarici ölkələrin siyasi maraqlarına xidmət edən, qeyri-ənənəvi, radikal təriqətləri yaymağa çalışan bəzi qüvvələr ölkəmizdə dini etiqad azadlığına yaradılan imkanlardan sui-istifadə edir, insanları, xüsusilə də gəncləri din pərdəsi altında təhlükəli, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olan ideologiyanın təsiri altına salmağa cəhd edirlər. Son günlər Nardaranda baş verən hadisələr bunu bir daha sübut edir.
Çıxış edənlər belə qüvvələrə qarşı mübarizədə dövlət qurumları ilə dini icmaların əməkdaşlığının vacibliyini xüsusi vurğulayıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Islam_dininin_enenevi_deyerlerinin_qorunmasi_ve_tebligi_muhum_meselelerden_biridir-910111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR