Ölkə daxilində və xaricdə logistik mərkəzlərin yaradılması nəzərdə tutulur

Ölkə daxilində və xaricdə logistik mərkəzlərin yaradılması nəzərdə tutulur
19:08 10 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Azərbaycanın ixrac imkanlarının genişləndiriməsi məqsədilə ölkə daxilində və xaricdə logistik mərkəzlərin yaradılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev dekabrın 10-da Bakıda keçirilən İxracatçılar Klubunun 2-ci iclasında bildirib. Qeyd edilib ki, Qazaxıstanın Aktau şəhərində Azərbaycanın ilk logistik mərkəzi yaradılıb. Kənd təsərrüfatı və digər qida məhsullarının saxlanmasını və satışını təmin edəcək logistik mərkəz sahibkarlara, xüsusilə də ixracatçılara bir sıra üstünlüklər və imkanlar yaradır.
S.Babayev bildirib ki, bu ilin on ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 17,2 milyard dollar təşkil edib. Burada idxal 7,4 milyard dollar olduğu halda, ixrac 9,8 milyard dollara bərabər olub ki, müsbət 2,4 milyardlıq saldo əldə olunub. Nazir müavini İxracatçılar Klubunun Azərbaycan məhsullarının xarici bazarlara ixrac edilməsində istehsalçılara dəstək göstərmək və ixracatçılar arasında daimi ünsiyyət platformasını formalaşdırmaq məqsədilə yaradıldığını diqqətə çatdırıb. S.Babayev iqtisadiyyatın şaxələndirilməsinin və qeyri-neft sektorunun inkişafının prioritet istiqamət olduğunu deyib, sahibkarlığın qeyri-neft sektorunun inkişafında aparıcı qüvvə olduğunu vurğulayıb.
Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov Azərbaycanda ticarətin dövlət tənzimlənməsinin təkmilləşdirilməsindən, ixrac prosedurları və bu sahədə tətbiq edilmiş yeniliklərdən, ixrac prosedurlarının sadələşdirilməsi sahəsində görülən işlərdən danışıb. Sədr müavini ixrac üçün tələb olunan sənədlər, onların alınması qaydaları, gömrük bəyannamələrinin rəsmiləşdirilməsi barədə məlumat verib.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC sədrinin müavini Fərhad Quliyev ölkəmizdə dəniz daşımalarının müasir vəziyyəti, yerli məhsulların və tranzit yüklərin daşınmasında dəniz limanlarının logistik imkanları və nəqliyyat infrastrukturunun mövcud potensialı barədə məlumat verib. Bildirilib ki, hazırda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasında 13 bərə gəmisi var. Onların daşınma potensialı təxminən ildə 95 min vaqon və yaxud orta hesabla 5 milyon tona yaxın yük təşkil edir. Eyni zamanda, yük maşınlarının illik daşıma həcmi orta hesabla 10 min yük maşını və ya 2 milyona yaxın ton yük təşkil edir.
"İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin rəhbəri Fazil Məmmədov mənşə sertifikatının verilməsi mexanizmindən danışıb, Tarif (qiymət) Şurasının qərarı ilə mənşə sertifikatının qiymətinin 30 faiz ucuzlaşdırıldığını, mənşə sertifikatının alınması üçün sənəd qəbulunun elektron qaydada həyata keçirildiyini qeyd edib.
"İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin sektor müdiri Elçin Məlikov və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndəsi Mustafa Həsənov isə keyfiyyət sertifikatının verilmə mexanizminə dair təqdimatlarla çıxış ediblər.
İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən iclasda qeyri-neft ixracının təşviqi istiqamətində AZPROMO-nun göstərdiyi xidmətlər barədə məlumat verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Olke_daxilinde_ve_xaricde_logistik_merkezlerin_yaradilmasi_nezerde_tutulur-910118

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR