Mahmud Qurbanov: “Milli yığmada gənclər azdır”

Mahmud Qurbanov: “Milli yığmada gənclər azdır”
19:44 10 Dekabr 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

“Peşəkar futbolçu olmaq üçün çox çalışmaq lazımdır”

 

“Futbol dünyasında Azərbaycan ən yüksək səviyyəyə hələ ki, çatmayıb. Bu baxımdan tənqidin olması normal haldır”. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı  Azərbaycan milli yığma komandasının sabiq kapitanı Aslan Kərimov deyib.

 

Onun sözlərinə görə, Azərbaycan futbolu sürətlə olmasa da, inkişaf edir və inkişaf bir çox faktorlardan asılı olan məsələdir: “Sözsüz ki, inkişaf gedir. 5 il öncə klublarımızın Avropa Liqasının ilk mərhələsini keçmək belə bayram sayılırdı. Amma bu gün 2 klubumuz Avroliqanın qrup mərhələsində oynayır. İlk belə klub “Neftçi” oldu. Ötən mövsümdə isə “Qarabağ” qrup mərhələsindən çıxmaq şansı qazansa belə, sonuncu oyunda “İnter”lə oyunda hakimin səhvi ucbatından məğlubiyyətə uğradı. Milli yığma komanda da əvvəllər vəziyyət ürəkaçan deyildi. Biz oynadığımız dönəmlərdə belə, böyük hesablı məğlubiyyətlərlə üzləşirdik. Əvvəllər 1-0 hesabı ilə məğlub olanda azarkeşlər sevinirdilər. İndi isə yalnız qələbə barədə düşünürlər. Bu, şəxsən mənim üçün bir addımdır, inkişafdır. Amma biz inkişaf etdikcə, xarici ölkələr də inkişaf edir. Geriliyimiz bir problemlə əlaqədar deyil. Kompleks problemlər ucbatından inkişafımız sürətli yox, bir az yavaş gedir”.

 

“Əgər futbolçu uşaqlıqdan yetişdirilmirsə, gələcəkdə peşəkarlıq baxımından səviyyə özünü büruzə verəcək”

 

Sabiq futbolçu qeyd edib ki, peşəkar futbolçu olmaq üçün yeniyetməlik dövrünə qədər müəyyən səviyyədə formalaşmaq lazımdır: “Əgər futbolçu uşaqlıqdan yetişdirilmirsə, gələcəkdə peşəkarlıq baxımından səviyyə özünü büruzə verəcək. Zamanında formalaşdırılmayan futbolçunu milli səviyyəsində dəyişmək mümkün olmur. Futbolçu cinsi yetkinlik yaşına çatana qədər lazımi məşqləri keçməli, müəyyən dərəcədə formalaşmalıdır. Əlbəttə ki, istedad da olmalıdır. Dünyanın ən yaxşı məşqçiləri ilə çalışsa belə, peşəkar futbolçu olmaq üçün istedadın olması mühüm faktordur. Messi, Ronaldo uşaq yaşlarından digərlərindən fərqləniblər. Azərbaycanda mövcud olan problemlərdən biri də budur ki, küçə futbolu aradan götürülüb. İndiki uşaqlar futbolu “playstation”da oynamağa üstünlük verirlər. Lazımlı texnika isə küçə futbolundan əldə olunur. Bakıda heç yerdə küçədə uşaqların futbol oynadığını görmək mümkün deyil. Futbol yalnız bağlı yerlərdə oynanılır”.

 

A.Kərimov qeyd edib ki, Braziliyada tək iş küçədə, dəniz kənarında futbol oynamaqdır və bu baxımdan, uşaqlar fərdi şəkildə inkişaf etmiş olurlar: “Sonradan taktiki biliklər əldə edib, dünya səviyyəli futbolçu olmaq mümkündür. Küçə futbolu olmadığı halda, böyük futboldan danışmaq düzgün olmazdı. Ötən illərlə müqayisə etsək, xarici komandalarla oynamaq baxımından indiki futbolçuların təcrübəsi çoxdur. Fərdi texnika baxımından isə əvvəlki futbolçular daha üstündür”.

 

“Oyun zamanı futbolçulardan birinin əskikliyi komandanın oyununa təsir edir”

 

Verilişin digər qonağı Azərbaycan milli futbol komandasının baş məşqçisinin köməkçisi Mahmud Qurbanov futbolun komanda oyunu olduğunu qeyd edib: “Bu oyunda nəticə 11 nəfərdən asılıdır. Oyun zamanı futbolçulardan birinin əskikliyi komandanın oyununa təsir edir. Bu da ümumi nəticəyə təsirsiz ötüşmür. Futbolda hər kəs öhdəsinə düşəni etməli və bacarmalıdır”.

 

M.Qurbanov karyerasının ilkin mərhələlərində futbol mühitindəki ab-hava barədə xatirələrini bölüşüb: “SSRİ çempionatı dünyanın ən güclü çempionatlarından biri idi. Orada oynamaq çox çətin idi. 17 yaşım olanda “Kəpəz” komandasının tərkibində oynayırdım. Futbolçularla ayaqlaşmağın çətinliklərini hiss edirdim. Çempionatın tempi də yüksək idi. Müstəqillik qazandıqdan sonra bu ab-hava dəyişdi. İndi biz yavaş–yavaş irəliləyirik. İstəyimiz, heç olmasa, Avropanın ortabab çempionatları kimi çempionatlar keçirməkdir. Bu da zaman tələb edir. Azarkeş 90 dəqiqəlik oyun izləyir. Onu maraqlandırmır, futbolçu oyuna necə və hansı şəraitdə hazırlaşıb. Nəticə pis olanda tənqidə tuş gəlirsən, yaxşı olanda isə deyirlər “sizdən yoxdu”. Bu normal münasibətdir”.

 

Mahmud Qurbanov vurğulayıb ki, Avropanın top klublarının təkcə öz qitələrində deyil, Afrika, Asiya, Cənubi Amerikada da “skautları” – seleksiyaçı məşqçiləri var. Onlar daim axtarışda olurlar, gördükləri futbolçuları öz akademiyalarına dəvət edib, seçim edirlər. Bizdə isə vəziyyət bir qədər fərqlidir. Problemlərdən biri valideynlərlə bağlıdır. Biz uşaq üstündə əsən xalqıq. Bizdə uşağı futbola 10 yaşından sonra qoyurlar. Bu isə illərin itməsi deməkdir. Dünyada uşağı futbola 6-7 yaşında gətirirlər ki, uyğunlaşma dövrünü tez keçsin”.   

 

Hazırda Azərbaycan milli futbol komandasının baş məşqçisinin köməkçisi vəzifəsini icra edən qonaq, yığmada gənclərin az olduğunu vurğulayıb: “Klubda gənclərlə işləmək daha asandır. Yığma komanda da isə bu bir az çətindir. Əsas problem vaxt qıtlığı ilə bağlıdır. Oyunlara köklənmək lazımdır. Peşəkar futbolçu olmaq üçün çox çalışmaq lazımdır. Futbolçu özünün həkimi də olmalıdır, məşqçisi də. Peşəkarlıq şablon sözə çevrilib. İstədiyinə nail olmaq üçün əziyyət çəkmək lazımdır”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224739

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR