Azərbaycan Qafqaz regionunda Qazaxıstanın ən mühüm tərəfdaşıdır

20:23 10 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
“İrşad” otelində Qazaxıstanın Müstəqillik Gününə həsr edilən “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Dünya Türk Xalqları Konqresi və Qazaxıstanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilib.
Konqresin prezidenti, akademik Yəhya Yusif Caniyar Azərbaycan və Qazaxıstan arasında bütün sahələrdə dostluq əlaqələrinin uğurlu inkişafından və rəhbərlik etdiyi qurumun qarşısında duran vəzifələrdən danışıb. O, Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayevə türk dünyası qarşısında müstəsna xidmətlərinə görə Dünya Türk Xalqları Konqresinin medal və diplomunu təqdim edib.
Səfir B.İsabayev qeyd edib ki, Qazaxıstan və Azərbaycan arasında ənənəvi qardaşlıq və dostluq münasibətləri mövcuddur. O deyib: “Bu gün Azərbaycan Qafqaz regionunda Qazaxıstanın mühüm tərəfdaşıdır, onun xarici siyasətində mühüm yer tutur. Beynəlxalq əməkdaşlıq çərçivəsində hər iki tərəfin əsas məsələlər üzrə mövqeyi eynidir. Qarşılıqlı münasibətlərimizin əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev qoyublar. Bu münasibətləri Prezident İlham Əliyev davam etdirir”.
Səfir həmçinin qeyd edib ki, müstəqillik illərində onun ölkəsi böyük nailiyyətlər əldə edib. Hər iki ölkə energetika sahəsində fəal əməkdaşlıq edir. Qazaxıstan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Azərbaycan ərazisindən nəql edilir. Diplomat ölkələrin kənd təsərrüfatı, mədəniyyət, nəqliyyat və digər sahələrdə də əməkdaşlıq etdiyini bildirib.
Y.Caniyar ölkəmizdə səfərdə olan məşhur yazıçı, vətənpərvərlik və türk etnosunun böyüklüyü mövzularında çoxsaylı əsərlərin müəllifi, Azərbaycan və Qazaxıstan arasında mədəni əlaqələrə dəyərli töhfə verən Baxitxoja Rüstəmova da medal və diplom təqdim edib.
Qeyd edilib ki, B.Rüstəmov tarixçi, ilahiyyatçı, tərcüməçi, musiqiçi, şair kimi tanınır. O, Qazaxıstan Jurnalistlər İttifaqının, Ukrayna Yazıçılar İttifaqının “İnternet məkanında yazıçı” studiyasının, Qazaxıstan KİV-lərinin redaksiya şuralarının, Türk Xalqları Ümumdünya Assambleyasının üzvü, “Qazaxıstan-Kuba” Dostluq Cəmiyyətinin vitse-prezidentidir. B.Rüstəmov Avrasiya Televiziya, Radio və Mətbu KİV-lər Beynəlxalq Akademiyasının (Rusiya), Avropa ədəbiyyatçıları Konqresinin üzvü, B.Qrinçenko adına ədəbi mükafat laureatıdır. O, “Slavyan lirası-2015” (Minsk) rus poeziyası, nəsri və dramaturgiyası beynəlxalq müsabiqəsinin münsiflər heyətinin üzvü, intellektual müsabiqələr (Pekin) laureatıdır.
B.Rüstəmov xalqlar arasında dostluğa və beynəlxalq publisistikaya verdiyi töhfəsinə görə Qazaxıstanın “Sülh planeti” Beynəlxalq Yaradıcılıq Birliyinin “Millətin qüruru” (2015) diplomu və medalı ilə təltif olunub.
Onun kitabları ABŞ Konqresinin kitabxanasında, Avropa, Asiya, Afrika, Latın Amerikası ölkələrinin kitabxanalarında saxlanılır.
B.Rüstəmov səmimi qəbula və yaradıcılığının yüksək qiymətləndirilməsinə görə minnətdarlığını bildirib.
Sonra mövzu çərçivəsində fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Qafqaz_regionunda_Qazaxistanin_en_muhum_terefdasidir-910165

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR