Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Radikalizmə qarşı mübarizədə region gənclərinin dini icmalarla birgə əməkdaşlığı məsələləri müzakirə olunub

Radikalizmə qarşı mübarizədə region gənclərinin dini icmalarla birgə əməkdaşlığı məsələləri müzakirə olunub

Date: 10 December 2015 20:23


Bakı, 10 dekabr, AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə həyata keçirdiyi “Radikalizmə qarşı mübarizədə region gənclərinin dini icmalarla birgə əməkdaşlığı: imkanlar və perspektivlər” adlı layihənin icrasını başa çatdırıb.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində sonuncu tədbir dekabrın 10-da Kürdəmir şəhərində keçirilib. Kürdəmir Rayon İcra Hakimiyyəti ilə birgə keçirilən regional konfransda Zərdab, Göyçay, Ucar və Kürdəmir rayonlarında fəaliyyət göstərən dini icmaların rəhbərləri, ziyalılar, gənclər və KİV nümayəndələri iştirak ediblər.
Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli konfrans iştirakçılarını salamladıqdan sonra ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Nardaranda dini ekstremistlərlə mübarizədə şəhid olan qəhrəman polis əməkdaşlarının və “Günəşli” yatağında baş vermiş partlayış nəticəsində həyatını itirmiş neftçilərin xatirəsi anılıb.
Azərbaycanın tolerant ölkə olduğuna diqqət çəkən V.Əsgərli dövlət-din münasibətlərinin qanun çərçivəsində tənzimləndiyini deyib. Azərbaycan dövlətinin dini icmalara hərtərəfli qayğı göstərdiyini vurğulayan natiq insanların dini ayinlərin yerinə yetirilməsinə hər hansı bir maneçilik törədilmədiyini bildirib.
TUMİB sədri Çingiz Bayramov konfrans iştirakçılarını salamladıqdan sonra onlara “Radikalizmə qarşı mübarizədə region gənclərinin dini icmalarla birgə əməkdaşlığı: imkanlar və perspektivlər” adlı layihə barədə ətraflı məlumat verib. Qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Zərdab, Göyçay və Ucar rayonlarında dini icmalarla gənclərin görüşləri təşkil olunub. Ç.Bayramov yad ideologiyaların ölkəmizə ayaq açdığı indiki dövrdə analoji tədbirlərin keçirilməsinə xüsusi zərurət olduğunu bildirib.
TUMİB sədri bugünkü konfransın ulu öndər Heydər Əliyevin anım günü ərəfəsində keçirilməsinin təsadüfi olmadığını bildirib. Natiq Ümummilli Liderin hakimiyyətdə olduğu dövrdə yad ideologiyalara və radikal dini təriqətlərə qarşı qətiyyətlə mübarizə apardığını vurğulayıb. Vurğulanıb ki, Heydər Əliyev tərəfindən sistemləşdirilmiş azərbaycançılıq ideologiyası yad ideologiyalara mübarizədə cəmiyyətin əsas silahı olub: “Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dini radikalizmə qarşı mübarizəni gücləndirmək məqsədilə qüvvədə olan qanunvericilik bu yaxınlarda daha da təkmilləşdirilib”.
TUMİB İdarə heyətinin üzvü Seymur Verdizadə gənclər arasında dini maarifçilik işini gücləndirməyə ehtiyac olduğunu bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar şöbəsinin müdiri Nizami Məmmədov dini icmaların qarşısında dayanan vəzifələr barədə söhbət açıb. N.Məmmədov təmsil etdiyi qurumun fəaliyyəti barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb. Komitə təmsilçisi valideynləri gənclər üzərində nəzarəti artırmağa səsləyib.
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Füzuli Səfərov din və cəmiyyət münasibətlərindən danışıb. Qeyd edib ki, zorakılığa çağırış İslam dininin əsaslarına zidd olduğu üçün qəlbində Allah sevgisi olan hər bir insan bu əməllərdən çəkinməlidir. O, din xadimlərini gənclər arasında radikalizm əleyhinə təbliğat işini gücləndirməyə çağırıb.
Sonda konfrans iştirakçılarından bir qrupu TUMİB-in diplomu ilə təltif olunub.


Tags:  Radikalizmə qarşı mübarizədə region gənclərinin dini icmalarla birgə əməkdaşlığı məsələləri müzakirə olunub



RƏYLƏR


Top news