Təhlükəli xəstəlik: parkinsonun müalicəsi mümkündürmü? - DİQQƏT

Təhlükəli xəstəlik: parkinsonun müalicəsi mümkündürmü? - DİQQƏT
20:39 10 Dekabr 2015
38 Sosial
Ölkə mətbuatı
A- A+

“Parkinsonun dəqiq səbəbi bilinməsə də, yaranmasında bir neçə faktorun rolu qeyd olunur”

 

“65 yaşdan sonra hər on ildən bir xəstəliyin görülmə sıxlığı iki dəfə artır”

 

“Cavanlarda parkinsonun yaranması genetik faktorla bağlıdır”

 

“Atada, anada bu problem varsa, övladlarda da ortaya çıxma riski yüksəkdir”

 

“Parkinsonun əsas əlaməti istirahət zamanı titrəmənin olmasdır”

 

“Ağır metallar, dərmanlar, travmalar nəticəsində də parkinson inkişaf edə bilər”

 

Bu fikirləri APA TV-nin “Öncə sağlıq” proqramında nevroloq, uzman doktor Kənan Cəfərov deyib.

 

Mütəxəssis bildirib ki, parkinson bütün dünyada ən təhlükəli xəstəliklərdən biri sayılır. K.Cəfərov qeyd edib ki, parkinson xəstəliyi hərəkət pozğunluqları qrupuna daxildir: “Hərəkət pozğunluqları deyəndə buraya normal hərəkətlərin azalması və normal hərəkətlərin artması ilə gedən iki qrup xəstəliklər daxildir. Çox vaxt parkinson xəstəliyi hər iki qrupu özündə birləşdirir. Yəni parkinson xəstəliyində həm hərəkətdə azalma, həm də hərəkətdə artma mövcud olur. Parkinson xəstəliyi ilkin olaraq titrəyən iflic adlandırılıb sonradan onu kəşf edən alimin vəfatından sonra Parkinson olaraq tanınıb”.

 

Onun sözlərinə görə, xəstəliyin dörd əsas simptomu var. İlkin əlamət istirahət zamanı titrəmədir. İkinci əsas əlamət normal hərəkətlərdə azalmanın olmasıdır. Üçüncüsü, əzələlərdə ciddi şəkildə üzə çıxan sərtlik, dördüncüsü isə müvazinətin itməsi, yerimə zamanı balansın pozulmasıdır.

 

Kənan Cəfərov deyib ki, xəstələrə parkinson diaqnozu qoymaq üçün bu dörd simptomdan dördünün də görünməsi vacib deyil. Radioloji və ya laborator olaraq deyil, sadəcə, iki əlamətin olması ilə klinik olaraq xəstəliyin diaqnozunun qoyulması mümkündür.

 

Mütəxəssis qeyd edib ki, parkinson yaşlı insanların problemi kimi xarakterizə olunur. 65 yaşdan yuxarı olan insanlarda parkinsona daha çox rast gəlinir. 65 yaşdan sonra hər on ildən bir xəstəliyin görülmə sıxlığı iki dəfə artır: “Belə bir mülahizə də var ki, insanlar 100 yaşdan çox yaşasalar, hamının parkinson olma ehtimalı vardır. Yəni parkinson bu dərəcədə geniş yayılan bir xəstəlikdir”.

 

Onun sözlərinə görə, bu gün dünyada beş milyondan çox parkinson xəstəsi var. Onların 1 milyondan çoxu təkcə ABŞ-ın payına düşür. Orada bir ildə təxminən 60 min yeni parkinson xəstəsi qeydə alınır.

 

Nevroloq bildirib ki, parkinson xəstəliyinin dəqiq səbəbi bilinməsə də, onun yaranmasında bir neçə faktorun rolu qeyd olunur: “Əsas risk faktorlarından biri yaş faktorudur. Bundan başqa, ətraf mühitin təsiri, toksik və genetik faktorlar qeyd olunur. Bu faktorların təsiri nəticəsində beyində dopamin sintezində problem yaranır və xəstəlik ortaya çıxır”.

 

Nevroloq, ağır metalların, dərmanların təsiri, travmalar nəticəsində bu problemin ortaya çıxmasının mümkün olduğunu vurğulayıb. Mütəxəssis deyib ki, baş nahiyəsinə güclü zərbələr dəyəndə də bu problem inkişaf etməyə başlayır. O səbəbdən idmançılar, eləcə də professional boksla məşğul olan şəxslərdə travmalar nəticəsində parkinson yarana bilir: “Beyində dopamin sintez olunan bölgədə mikro infarktlar baş verir və nəticədə o bölgə nekroza uğrayır, hüceyrələr ölür, bu zaman xəstəlik inkişaf edir”.  

 

Gənc insanlarda parkinsonun yaranma səbəbinin daha çox genetik faktorla bağlı olduğunu deyən K. Cəfərov qeyd edib ki, 65 yaşdan yuxarı insanlarda olanda isə bu daha çox klassik parkinson xəstəliyi sayılır.

 

Onun sözlərinə görə, hətta çox gənc insanlarda da parkinson xəstəliyinin yaranması mümkündür. 21 yaşdan aşağı da bu xəstəlik üzə çıxa bilər, bu da genetik problem sayılır, xromosomda ortaya çıxan defektlə bağlı olur: “Təbii ki, bu xəstəlik hamıda yaranmır. Atada, anadan varsa, övladlarda da ortaya çıxma riski yüksəkdir”.

 

Xəstəliyin əlamətləri barədə danışan mütəxəssis deyib ki, ilkin olaraq yorğunluq, halsızlıq, mədə-bağırsaq, qəbizlik, yuxu problemləri ortaya çıxır. Amma ən qabarıq qeydə alınan problemlər hərəki pozğunluqlardır: “Hərəkət etməyən zaman titrəmə, əldə ayaqda, ən çox əlin baş barmağında durdurula bilməyən tirəmə olur. Diqqət dağınıq olan zaman titrəmə daha da artır. Amma titrəmə halı hamıda olmaya bilər. İkinci əsas kriteriya hərəkətlərin azalmasıdır. Hətta üz ifadələri donur, üzdə ifadə olmur, insanın güldüyü, ağladığı bilinmir.

 

Bundan başqa, parkinson xəstələrində əzələ sərtliyi də yaranır. Əzələ sərtliyi zamanı ağrı faktoru da ortaya çıxır. Daha çox əl, qol, ayaqlarda əzələlər sərtləşir. Əzələlər o qədər sərt olur ki, onun açılması mümkün olmur və ciddi ağrı yaranır. Xəstələr bundan çox əziyyət çəkirlər. Bundan başqa, ən mühüm əlamətlərdən biri müvazinətin itməsidir. Xəstələrdə parkinsonun başlanğıcında fərqli şikayətlər yaranır. Bəzən problem baş, çiyin, əzələ ağrısı kimi başlayır və xəstələr travmatoloq-ortopedlərə, fizioterapevtlərə müraciət edirlər”.

 

Həkim bildirib ki, parkinson xəstələrinin demək olar ki, hamısında xəstəliyin gedişatında orta və ya ağır formada psixoloji problemlər də ortaya çıxır: “Bəzən şizofreniya əlamətlərinə bənzər əlamətlər, hallüsinasiyalar yaranır, xəstələr doğmalarını belə düşmən kimi görür, böyük qorxuları, şübhələri olur. Bunlar ciddi psixiatrik problemlərdir. Onları bəzən ciddi nəzarət altına almaq da çətin olur. Bunun birbaşa xəstəliyin özü, yoxsa qəbul edilən dərmanlara bağlı olduğunu mütləq ayırd etmək lazımdır”.

 

K. Cəfərov deyib ki, parkinson xəstələri beş il dərman müalicəsində daha yaxşı tabe olurlar. Beş ildən sonra isə dərmanların effekti azalmağa başlayır, eyni zamanda fəsadlar ortaya çıxır: “Ona görə də dərman müalicəsi ilə yanaşı cərrahi müalicə metodları da seçilir. Türkiyədə 20-30 ildir ki, cərrahi müalicə metodları tətbiq olunur, artıq Azərbaycanda da bu yöndə müəyyən işlər görülür. Bu müalicə metodu hər parkinson xəstəsində tətbiq oluna bilməz.  Burada bir neçə faktor nəzərə alınır. Bunlardan biri də yaş faktorudur. Adətən 75-dən aşağı yaşda olan xəstələr əməliyyat olunurlar. Əməliyyat olunacaq xəstənin beynində digər başqa problem, beyin-damar problemi olmamalıdır. Ciddi təzyiq, kontrolsuz şəkər xəstəliyi varsa, bu hallar yüz faiz əks göstəriş sayılmasa da, problem yarada bilər. Ona görə də bu kimi problemlər nəzarətə alınandan sonra əməliyyatın aparılması mümkün ola bilər. Əməliyyatdan öncə xəstənin diaqnozu dəqiq şəkildə qoyulmalıdır”.

 

Onun sözlərinə görə, bu əməliyyatla beyinin hərəkətini idarə edən mexanizm qaydaya salınır. Bu müalicə dərin beyin stumilyasiyasıdır: “Əməliyyat təxminən 3 saat davam edir, əməliyyat zamanı xəstəyə narkoz verilmir. Yerli keyitmə ilə proses həyata keçirilir.  Yüz faizə yaxın effekti olan bir metoddur. Əməliyyatdan sonra xəstələr parkinsonun simptomlarından azad olurlar, xəstənin titrəməsi dayanır, danışması, yeriməsi normallaşır, ağrılar aradan qalxır, xəstə normal şəkildə kömək olmadan həyatına davam edir. Lakin bu tam sağalma demək deyil. Ümumiyyətlə, parksinson xəstəsinin tam olaraq sağalması deyilən bir anlayış yoxdur. Əməliyyat olunan xəstələr də mütləq nevroloqun nəzarəti altında olmalıdırlar”...   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224713

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR