Lənkəran Mərkəzi Rayon Xəstəxanası büdcə vəsaitlərini düzgün istifadə etməyib

21:08 10 Dekabr 2015
33 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Hesablama Palatasının Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında dövlət büdcəsinin yerli xərclərindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına ayrılan vəsaitlərin auditinin nəticələrini müzakirə edilib.

Hesablama Palatasından Trend-ə verilən məlumata görə, iclasda fəaliyyət istiqaməti üzrə məsul auditor V.Həsənovun hesabatı və rəyi, həmçinin yoxlama qrupunun rəhbəri C.Şıxəliyevin məruzəsi dinlənilib, Kollegiya qərarının layihəsi müzakirə olunub.

Auditor V. Həsənov tərəfindən, ilk olaraq, Lənkəran şəhər Mərkəzi Rayon Xəstəxanası (MX) ilə bağlı bir sıra göstəricilər barədə məlumat verib, o cümlədən həmin xəstəxananın 220,0 min nəfər vətəndaşa stasionar və ambulator qaydada xidmət etdiyi, auditlə əhatə olunmuş 2013-2014-cü il və 2015-ci ilin 6 ayı üzrə dövlət büdcəsindən 16,2 mln. manat məbləğində vəsaitin icra edildiyi, ümumilikdə 335 çarpayı fondu ilə 85 tibb müəssisəsini əhatə etdiyi bildirib.

Auditor MX-nin fəaliyyətində bir sıra nöqsanların aşkar edildiyini, həmin nöqsanların analoji qurumlara xas olan xarakterik nöqsanlar olduğunu qeyd edib, bildirib ki, audit obyekti tərəfindən tələb olunan vəsaitlərin proqnozlaşdırılması işinə əsaslı yanaşılmaması nəticəsində bir sıra xərc maddələrinin icra səviyyəsi aşağı olub, bəzi xərclər isə istifadə edilməyib, büdcə vəsaitləri Vahid Büdcə Təsnifatı ilə müəyyən edilmiş iqtisadi təsnifat kodu və funksional istiqaməti dəyişdirilməklə icra edilib.

Auditor Lənkəran Mərkəzi Rayon Xəstəxanası və tabeliyindəki stasionar tibb müəssisələrinin fəaliyyəti ilə bağlı bir sıra göstəricilər arasında uzlaşma olmadığını, o cümlədən ümumi ştat sayının 9,2%-nin vakant ştat olmasına baxmayaraq əməkhaqqının ödənilməsi ilə bağlı xərclərin 98,5%-dən çox olmaqla icra edildiyini, eyni zamanda 2013-2014-cü illərdə stasionar tibb müəssisələri üzrə bir çarpayının illik işləməsinin 280 gün proqnozlaşdırılmasına baxmayaraq, çarpayı günlərinin icra göstəricilərinin şəhər üzrə 2013-cü ildə 43,2%, 2014-cü ildə 51,6%, 2015-ci ilin 6 ayında isə 44,6%, MX üzrə müvafiq olaraq 33,9%, 49,2% və 49,3%, ayrı-ayrı tibb müəssisələri üzrə isə 0,3%-116,7% təşkil etdiyini, bununla belə ərzaq məhsullarının alınması, həmçinin dərman, sarğı ləvazimatları və materialları üzrə xərclərin demək olar ki, tam icra edildiyini bildirib.

Eyni zamanda, auditor tərəfindən MX-nın stasionar şöbələrində dərman, sarğı ləvazimatları və materiallarının istifadəsi üzrə 1 çarpayı gününə 2013-cü ildə 4,1 manat, 2014-cü ildə 3,6 manat, 2015-ci ilin 6 ayında isə 4,9 manat, lakin digər tibb müəssisələrində isə 0,2-8,2 manat vəsait sərf edildiyi diqqətə çatdırılıb, bəzi tibb müəssisələri üzrə isə çarpayı günlərinin icra olunmasına baxmayaraq ərzaq və dərman, sarğı ləvazimatları və materialları verilmədiyi qeyd olunub.

Auditor audit obyektləri tərəfindən Azərbaycan Nazirlər Kabinetinin müvafiq Qərarının tələblərinə bir sıra hallarda əməl edilmədiyi, o cümlədən müəyyən edilmiş ərzaq siyahısında adı olmayan və təsdiq edilmiş normadan artıq ərzaq məhsullarının silindiyi bildirilib, MX-nın anbarında və onun aptekində dərman və sarğı ləvazimatlarının uçotunun və sənədləşmənin düzgün aparılmaması, həkim təyinatı olmadan dərman silinməsi hallarına yol verildiyi nəzərə çatdırılıb.

Auditor MX tərəfindən tarifləşdirmə və əməyin ödəniş dərəcələrinin düzgün müəyyən olunmaması və bu sahəni tənzimləyən normativ aktların bir sıra digər tələblərinə riayət edilməməsi səbəbindən artıq əmək haqqı ödənildiyini, eyni zamanda xərc smetalarında nəzərdə tutulmadığı halda bayram tədbirlərinin keçirilməsi adı ilə vəsait xərc edildiyini, malların (işlərin və xidmətlərin satın alınması zamanı müvafiq qanunvericilik aktlarının tələblərinə bəzi hallarda riayət olunmadığını, vəsaitin satınalma proseduru keçirilmədən xərc edildiyini qeyd edib.

Auditor məruzəsinin sonunda audit tədbiri üzrə rəydə əks olunmuş nəticə və tövsiyələri Kollegiya üzvlərinin diqqətinə çatdırıb, bildirib ki, tibb müəssisələrinin mövcud ştat vahidlərinin, o cümlədən vakant ştatlarının say tərkibinin saxlanılmasının zəruriliyinin təhlil edilməsi və dövlət büdcəsinin yerli xərclərində əməyin ödənişi bölməsi üzrə ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunması ilə bağlı tədbirlərin həyata keçirilməsi zəruridir. Eyni zamanda, Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən rayon (şəhər) xəstəxanalarının və onların tabeliyindəki tibb müəssisələrində çarpayıların il ərzində işləmə müddəti üzrə proqnoz göstəricisinin normalaşdırılması və icrasına nəzarətin gücləndirilməsi məqsədilə müvafiq addımların atılması məqsədəmüvafiqdir.

Nəzarət tədbirinin nəticələri üzrə Kollegiya Qərarının layihəsi də müzakirə edilib, qərarla bağlı Kollegiya üzvlərinin təklif və iradları dinlənilib, MX tərəfindən nöqsanların aradan qaldırılması ilə bağlı həyata keçirilmiş tədbirlər nəzərə alınıb. Kollegiya Qərarı səsə qoyularaq qəbul edilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2468133.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR