Akademik şagirdlərə dərs keçib

21:13 10 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 10-da Bakıdakı Texniki Humanitar Liseydə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Polimer Materialları İnstitutunun direktoru, akademik Akif Əzizov ilk nümunəvi dərs tədris edib. Nümunəvi dərslər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində “Elmdən təhsilə” adlı məqsədli proqramla bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq təşkil edilir.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, bu qurum ilə AMEA arasında əldə olunan razılaşmaya əsasən, dərsləri akademiyanın tanınmış alimlər tədris edəcəklər.
Nümunəvi dərslərin tədrisi üçün paytaxtın 26 ümumi təhsil müəssisəsi seçilib.
Akademik A.Əzizov Texniki Humanitar Liseyin kimya laboratoriyasında IX sinif şagirdlərinə kimya fənni üzrə nümunəvi dərs keçib, məktəblilərin suallarını cavablandırıb.
Şagirdlərin elmə marağının artırılmasının vacibliyini vurğulayan akademik A.Əzizov bildirib ki, elm və təhsilin inteqrasiyası yüksək elmi biliyə malik kadrların yetişməsinə imkan yaradır. Akademik ölkəmizdə təhsilin keyfiyyətini elmin gücü ilə yüksəltmək üçün xüsusi addımlar atıldığını deyib, “Elmdən təhsilə” məqsədli proqramının əhəmiyyətini qeyd edib.
Alim ölkə iqtisadiyyatında kimya sənayesinin rolunu, bu sahənin dünya miqyasında perspektivli bir istiqamət olduğunu diqqətə çatdırıb. Azərbaycanın dünyada neft ölkəsi kimi tanındığını söyləyən A.Əzizov son illər ölkəmizdə neft-kimya sənayesinin sürətlə inkişaf etdiyini, yeni və müasir istehsal sahələrinin yaradılması prosesinin geniş vüsət aldığını bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Akademik_sagirdlere_ders_kechib-910183

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR