İzmit bələdiyyəsinin sədri: Azərbaycanın uğurlarından qürur duyuruq

21:33 10 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


İzmit, 10 dekabr, AZƏRTAC
Türkiyənin Kocaeli vilayəti Azərbaycanla hərtərəfli əlaqələrə malik bölgələrdəndir. Vilayətin mərkəzi İzmit şəhər və Bakının Nəsimi rayon bələdiyyələri qardaşlaşmış qurumlardır. İzmitdə fəaliyyət göstərən Azərbaycan Heydər Əliyev Mədəniyyət Mərkəzi, İlham Əliyev Parkı şəhərin ən mötəbər ərazilərində yerləşir. Bundan başqa, şəhərin mərkəzin meydanlarından birində Xocalı şəhidlərinin xatirəsinə abidə ucaldılıb.
Azərbaycan-Türkiyə qardaşlığının qorunmasını türk dünyası qarşısında ən böyük xidmət kimi dəyərləndirən İzmit bələdiyyəsinin sədri Nevzat Doğan AZƏRTAC-a müsahibəsində deyib: “Ulu öndər Heydər Əliyevi ehtiramla anır, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan qürur duyuruq. Azərbaycanın və Türkiyənin sürətli inkişafı qarşılıqlı olaraq ölkələrimizin gücünü daha da artırır”.
Ölkələrimizin gələcək təhlükəsizliyinin yeganə yolunun xalqlarımız arasında qardaşlıq əlaqələrinin, türk dünyasının birliyinin daha da möhkəmləndirilməsi və hərtərəfli inkişafdan keçdiyini diqqətə çatdıran bələdiyyə sədri deyib: “Tarixdə baş verənlərdən ibrət götürməsək, dostumuzu və düşmənimizi yaxşı tanımasaq, yenə də səhvlər ortaya çıxa bilər. Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə İzmitdə abidə ucaltmaqda məqsədimiz xalqlarımızın başına gətirilən müsibətləri insanların yaddaşında saxlamaq, gənc nəslə bu barədə bilgi verməkdir. Qoy, uydurma “erməni soyqırımı” iddiası ilə dünya ictimaiyyətini aldatmaq istəyənlər ilk növbədə Azərbaycandan törətdikləri Xocalı soyqırımını etiraf etsinlər, bu bəşəri cinayəti törədənlər cəzalandırılsın. İzmitdəki abidəni ziyarət edənlər aydın şəkildə görürlər ki, bu soyqırımı təkcə türk dünyasına qarşı deyil, bütün işanlığa qarşı xüsusi amansızlıqla törədilmiş hərbi cinayətdir.”
Son illər İzmit şəhərində, o cümlədən eyni adlı boğazda görülən işlərin əhəmiyyətindən danışan N.Doğan əminliklə bildirib ki, ən qısa zamanda bu şəhər Türkiyənin ən böyük sənaye bölgələrindən biri olmaqla bərabər, həm də ekoloji baxımdan təmiz yaşayış məskəni kimi şöhrətlənəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İzmit

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Izmit_belediyyesinin_sedri_Azerbaycanin_ugurlarindan_qurur_duyuruq-910190

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR