Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Stokholmda Nobel mükafatı laureatlarının təltif olunma mərasimi keçirilib

Stokholmda Nobel mükafatı laureatlarının təltif olunma mərasimi keçirilib

Date: 10 December 2015 21:43


Stokholm, 10 dekabr, Rauf Əliyev, AZƏRTAC
Dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında Nobel mükafatı laureatlarının təltif olunma mərasimləri keçirilib.
Həmişəki kimi, Stokholm və Oslo şəhərlərində keçirilən mərasimlər, 1896-ci il dekabrın 10-da vəfat edən Alfred Nobelin anma günündə baş tutub. Məhz Alfred Nobelin vəsiyyətinə uyğun olaraq hər il Sülh mükafatından başqa bütün mükafatlar Stokholmda təqdim edilir. Sülh mükafatı isə həmin gün Norveçin paytaxtı Osloda laureata verilir.
İsveç paytaxtında keçirilən tədbirdə fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahələrində mükafatların təqdim edilməsi baş tutub. Burada bu ilki 11 Nobel mükafatı laureatından 10-u Stokholm Filarmoniyasında keçirilən mərasimdə İsveç Kralı ХVI Karl Qustavın əlindən üzərində Nobelin təsvir edildiyi qızıl medal, diplom və pul mükafatlarını alıblar.
Mükafatlandırma mərasimində bütün laureatlara çıxış etmək imkanı da verilib.
Sonda Nobel mükafatı laureatları və qonaqları üçün rəsmi bayram ziyafəti verilib.
Xatırladaq ki, Fizika sahəsində 2015-ci ilin Nobel mükafatı neytrinonun kütləsinin mövcud olmasını təsdiq edən neytrino ossilyasiyalarının kəşfinə görə iki alimə - yaponiyalı Takaaki Kodzitaya və kanadalı Artur Makdonalda verilib.
Kimya üzrə Nobel mükafatı müvafiq olaraq üç alimə - britaniyalı Tomas Lindal, Pol Modriç və əslən türkiyəli olan amerikalı alim Əziz Səncərə verilib. Bu 3 alimin işləri hüceyrələrin məhz necə öz DNT-lərini bərpa etdiyini başa düşməyə kömək edib.
Tibb sahəsi üzrə Nobel mükafatlarına amerikalı Uilyam Kempbell, yaponiyalı Satosi Omura və çinli qadın Yuyu Tu layiq görülüblər. Onlar bu mükafatı parazit qurdların səbəb olduğu infeksiyaların, həmçinin malyariyanın müalicəsinin yeni metodlarına görə alıblar.
Ədəbiyyat sahəsində Nobel mükafatına isə görkəmli əsərlərinə görə Belarus yazıçısı Svetlana Aleksiyeviç layiq görülüb.
İqtisadiyyat üzrə Nobel mükafatı mikroiqtisadi proseslərin və istehlakçıların davranışı sahəsində tədqiqatlara görə britaniyalı alim Enqus Ditona verilib.
Qeyd edək ki, 2015-ci ildə də Nobel mükafatı laureatlarının pul mükafatı formal olaraq dəyişməyib və əvvəlki iki ildə olduğu kimi yenə də 8 milyon İsveç kronu təşkil edir. Amma İsveç kronunun məzənnəsinin dollara nisbətdə zəifləməsi səbəbindən həmin məbləğ 2001-ci ildən bəri ilk dəfə bir milyon dollardan az olacaq və 950 min dollar təşkil edəcək.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Tags:  Stokholmda Nobel mükafatı laureatlarının təltif olunma mərasimi keçirilib


RƏYLƏR


Top news