Bakı, 10 dekabr, AZƏRTAC
Rusiyanın Medın şəhərində universal döyüş üzrə dünya çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanın idman şərəfini 12 atletdən ibarət komanda təmsil edib. Layt və klassik versiyalar üzrə keçirilən dünya çempionatında 50-dən çox ölkədən 400-dək idmançı qüvvəsini sınayıb.
Azərbaycan idmançıları çempionatda uğurla çıxış edərək 2 qızıl, 7 gümüş və 1 bürünc medal qazanıblar. Təmsilçilərimizdən Nicat Əliyev (75 kq, klassik) və Orxan Qurbanov (70 kq, layt) bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıblar.
Xəyal Abdullayev (80 kq) və Nicat Tağıyev (85 kq) klassik, Sahil Namazov (65 kq), Mehman Hüseynov (80 kq), Muradxan Fərzəliyev (85 kq), Tahir Məsimov (90 kq), Orxan Binnətov (92 kq) isə layt versiyalarında gümüş medallara sahib olublar. Mehman Hüseynov (80 kq) isə layt versiyasında bürünc medalla kifayətlənib.
Ümumi hesabda Azərbaycan yığma komandası ikinci pillədə qərarlaşıb. Birinci və üçüncü yerləri müvafiq olaraq Rusiya və Qazaxıstan milliləri tutub.
Qarşılaşmaların idarə olunmasında ölkəmizi Elşən İsmayılov təmsil edib.