Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda 500 min nəfərə GÜZƏŞT

Azərbaycanda 500 min nəfərə GÜZƏŞT

Date: 10 December 2015 22:05

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində həm dövlət, həm də özəl sektorda çalışan 500 mindən artıq insan vergi güzəştlərindən yararlana biləcək. 

Milli.Az anspress-ə istinadən bildirir ki, bu barədə Vergilər Nazirliyində keçirilmiş kollegiya iclasında bildirilib. Dəyişikliklər 2015-ci il oktyabrın 20-də Milli Məclis tərəfindən qəbul olunub, həmin ilin dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilib.

Vergilər naziri Fazil Məmmədov bildirib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin böyük əksəriyyəti vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına xidmət edir.

Vergi yükünün azaldılmasına yönəlmiş dəyişikliklər sırasında ƏDV-nin məqsədləri üçün qeydiyyata alınma öhdəliyi yaradan əməliyyatların həcminin 120 min manatdan 200 min manatadək, eləcə də ƏDV qeydiyyatının ləğvi üçün vergi tutulan əməliyyatların həcminin 60 min manatdan 100 min manatadək artırılması, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun verilməsi, daşınmaz əmlakın təqdim edilməsindən əldə olunan gəlirlərdən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə satış dövriyyəsi 200 min manatdan artıq olduğu halda ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun verilməsi göstərilib. Bildirilib ki, həmin dəyişikliklər, eləcə də məcburi ƏDV qeydiyyatına alınmaq öhdəliyi yaradan həddin artırılması dövriyyəsi 200 min manatadək olan şəxslərə sadələşdirilmiş vergitutma rejimində fəaliyyətlərini davam etdirməyə imkan verəcək. 

Bununla yanaşı, qeyd olunub ki, idman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində vergiyə cəlb edilməsi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə idxalda ƏDV-dən azad olunan malların siyahısının Vergi Məcəlləsinə daxil edilməsi, qeyri-filiz faydalı qazıntılar üzrə mədən vergisi dərəcələrinin optimallaşdırılması, vergi borcları olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, alkoqollu içkilərin satışının yalnız nağdsız qaydada həyata keçirilməsi kimi məsələlərlə bağlı dəyişikliklər vergi intizamının güclənməsinə və nəticə etibarilə büdcəyə vergi daxilolmalarının artmasına öz müsbət təsirini göstərəcək.

Bütün bunlar artıq Məcəllədə öz əksini tapıb və 2016-cı ilin yanvar ayının 1-dən qüvvəyə minəcək.

Milli.Az


Tags:  Azərbaycanda 500 min nəfərə GÜZƏŞT


RƏYLƏR


Top news