Prezident: "Ölkəmizdən keçən yol Çin ilə Avropa arasında ən qısa yol ola bilər"

Prezident: "Ölkəmizdən keçən yol Çin ilə Avropa arasında ən qısa yol ola bilər"
23:29 10 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Çinlə əlaqələri genişləndirmək, siyasi dialoqu inkişaf etdirmək, beynəlxalq təşkilatlarda fəal əməkdaşlığı davam etdirmək və iqtisadi əlaqələri möhkəmlətmək istəyir. İpək Yolu iqtisadi zolağının yaradılması barədə təşəbbüsünüzü biz Azərbaycanda çox yüksək qiymətləndiririk”.

 

Lent.az-ın prezidentin saytına istinadən verdiyi xəbərə görə, bu sözləri dekabrın 10-da Pekində rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpin ilə geniş tərkibdə görüşü zamanı çıxışında deyib.

 

Çin Xalq Respublikasının sədri Si Cinpin prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sabitliyin möhkəmləndiyini, iqtisadi inkişafın artdığını, əhalinin rifah halının yaxşılaşdığını deyib. Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldiyini bildirən Çin Xalq Respublikasının Sədri ölkəmizin birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirdiyini qeyd edib.

 

Si Cinpin Çinin Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi istiqamətində səylərini bundan sonra da dəstəkləyəcəyini vurğulayıb.

 

Si Cinpin İpək Yolu üzrə iqtisadi zolağın yaradılması layihəsinin həyata keçirilməsində Azərbaycanın fəaliyyətini dəstəklədiyini diqqətə çatdırıb. O, bununla bağlı imzalanan sənədin bu sahədə əməkdaşlığa yeni səhifə açacağını vurğulayıb.

 

Si Cinpin Azərbaycanın 2020-ci ilə qədər inkişaf konsepsiyasının olduğunu vurğulayan Si Cinpin ölkəmizin böyük fəaliyyət planı qurduğunu, Çinin də öz perspektivlərini müəyyənləşdirən böyük planlar üzərində işlədiyini qeyd edib. O bildirib ki, hazırda Çin şirkətləri Azərbaycanda energetika, informasiya-kommunikasiya texnologiyaları sahələrində və digər sahələrdə uğurla fəaliyyət göstərir. Bu sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlər mövcuddur. Maliyyə sahəsində də əlaqələrin perspektivlərinin olduğunu deyən ÇXR sədri Asiya İnfrastruktur İnvestisiyaları Bankı ilə əməkdaşlığın əhəmiyyətini, həmçinin nəqliyyat, sənaye sahələrində əlaqələrin genişləndirilməsinin mümkünlüyünü qeyd etdi. Azərbaycanın Avrasiyanın mərkəzində yerləşdiyini vurğulayan Si Cinpin ölkəmizin logistika, beynəlxalq nəqliyyat sistemində yaxşı imkanlarının olduğunu, respublikamızın bu sahədə Çin ilə Avropa arasında mühüm tranzit rolu oynaya biləcəyini diqqətə çatdırdı. ÇXR sədri xalqlarımız arasında humanitar, mədəniyyət sahələrində əməkdaşlığın, parlamentlərarası əlaqələrin, gənclər təşkilatlarının əməkdaşlığının genişləndirilməsinin mümkünlüyünü vurğulayıb. O, dünyada terrorizm, təcavüzkar separatizm təhdidlərinin olduğu bir vaxtda Azərbaycan ilə Çin arasında təhlükəsizlik sahəsində əməkdaşlığın regionda çox böyük rol oynayacağını söyləyib, ölkələrimizin hüquq mühafizə orqanlarının bu cür hallara qarşı mübarizəni genişləndirməsinin önəmini qeyd edib.

 

Beynəlxalq təşkilatlarda yaxşı əməkdaşlığımızın olduğunu deyən ÇXR sədri ölkələrimizin bir çox məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü vurğulayıb. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə əməkdaşlığın genişləndirilməsinin mümkünlüyünü qeyd edən sədr Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına “Dialoq üzrə tərəfdaş” statusunda qoşulmasının önəmini diqqətə çatdırıb.

 

Azərbaycan prezidenti İlham Əliyev ölkələrimiz arasında siyasi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirib, bu səfərin əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini vurğulayıb. Dövlət başçısı bir çox məsələlərdə mövqelərimizin üst-üstə düşdüyünü diqqətə çatdırıb. Prezident İlham Əliyev Çində iqtisadi baxımdan gələcək inkişafla bağlı böyük uğurlar qazanıldığını, Azərbaycanın da mühüm iqtisadi nailiyyətlər əldə etdiyini, ölkələrimizin iqtisadi sahədə əməkdaşlığının genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edib.  

 

Azərbaycan prezidenti ölkələrimizin beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq həyata keçirdiyini diqqətə çatdırıb. Azərbaycanda gedən iqtisadi inkişaf proseslərindən danışan dövlət başçısı Sian şəhərinə səfərini xatırladı, buradakı qədim mədəniyyətin bütün dünyanın sərvəti olduğunu bildirib.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan prezident İlham Əliyev dövlət başçıları tərəfindən imzalanacaq Birgə Bəyannamədə bu problemin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsasında həll edilməsinin əksini tapmasının önəmli olduğunu vurğulayıb. Dövlət başçısı Çinin münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini dəstəklədiyini yüksək qiymətləndirib, ölkəmizin də “Vahid Çin” prinsipinə dəstək verdiyini deyib.  İki ölkənin rəhbərləri arasında şəxsi dostluğun münasibətlərimizin inkişafına töhfə verdiyini vurğulayan prezident İlham Əliyev Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu və bunun ölkəmizin xarici siyasətinin prioritetlərindən birini təşkil etdiyini deyib. Terrorizm, təcavüzkar separatizm, ekstremizm kimi təhlükələrlə mübarizədə ölkələrimizin hüquq mühafizə orqanları arasında əməkdaşlığın önəmini qeyd edən dövlət başçısı Çin şirkətlərinin Azərbaycanda energetika sektorunda fəaliyyət göstərdiyini, ölkəmizin informasiya-kommunikasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Azərbaycanın və Çinin Asiya İnfrastruktur İnvestisiyaları Bankının həmtəsisçiləri olduğunu qeyd edən prezident İlham Əliyev hökumətlərarası komissiyasının bu yaxınlarda keçirilən görüşünün iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırıb.

 

Nəqliyyat sahəsində əməkdaşlığa toxunan prezident İlham Əliyev bildirib ki, Azərbaycanın Çin ilə Avropa arasında mühüm tranzit dəhlizi rolunu oynaması üçün yaxşı potensial var və ölkəmizdən keçən yol Çin ilə Avropa arasında ən qısa yol ola bilər. Azərbaycanda infrastrukturun yaradılması, nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində çox böyük işlər görüldüyünü deyən dövlət başçısı investisiya qoyuluşu sahəsində əməkdaşlığın genişləndirilməsinin, texnoparklarda Çin şirkətlərinin iştirakının mümkünlüyünü qeyd edib. Prezident İlham Əliyev ölkələrimizin BMT-də və digər beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224748

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR