Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hacı Məmmədov hüquq müdafiəçisi ilə görüşmək istəyir

Hacı Məmmədov hüquq müdafiəçisi ilə görüşmək istəyir

Date: 11 December 2015 08:17

Milli Təhlükəsizlik Nazirliyinin(MTN) İstintaq Təcridxanasında saxlanılan Hacı Məmmədov İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədr müavini Elmira Behbudova ilə görüşmək istəyir. Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, H.Məmmədov yaxınları vasitəsi ilə komitənin sədr müavini ilə görüşmək üçün təşəbbüs göstərib. 

Milli.Az musavat.com-a istinadən biğldirir ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədr müavini Elmira Behbudovanın sözlərinə görə, ona belə bir müraciət olmayıb: "Mən hələ komitənin sədri deyiləm. Əlimdə bunu təsdiq edən sənəd yoxdur. Komitəyə belə bir müraciət də olmayıb". 

E.Behbudova H.Məmmədovun müraciəti olacağı təqdirdə müvafiq qərar verəcəyini də söyləyib: "İndidən nəsə demək istəmirəm. Çünki sədr deyiləm".

Qeyd edək ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi 2002-ci ildə tanınmış alimlər və hüquqşünaslar tərəfindən təsis olunub. 2015-ci il noyabrın 14-dək komitəyə Elçin Behbudov sədrlik edirdi. Hüquq müdafiəçisinin vaxtsız ölümündən sonra komitəyə yeni sədr təyin olunmayıb. Bir qədər əvvəl mətbuata açıqlama verən E.Behbudova demişdi ki, Elçin Behbudovun ölümündən sonra komitənin fəaliyyəti dayandırılmayacaq.

Yada salaq ki, E.Behbudov yeganə hüquq müdafiəçisi idi ki, onun MTN İstintaq Təcridxanasında monitorinq aparmaq hüququ tanınırdı. Hacı Məmmədovun MTN-də saxlanıldığı son 10 il ərzində Elçin Behbudov onunla dəfələrlə görüşmüşdü. Hüquq müdafiəçinin mətbuata açıqlamalarından belə anlaşılırdı ki, onun H.Məmmədovla normal münasibətləri var. E.Behbudov komitənin ofisinə baş çəkən qonaqlara Hacı Məmmədovun MTN təcridxanasında yağlı boya ilə çəkdiyi və ona bağışladığı rəsmləri göstərməyi xoşlayırdı...

Hüquq müdafiəçisinin həyat yoldaşı Elmira Behbudova buna qədər sədrin müavini vəzifəsində çalışıb. İşgəncələrə Qarşı Azərbaycan Komitəsi (İQAK) 2005-ci ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib. Komitənin məqsədi insan hüquqlarının müdafiəsini təşkil etmək, işgəncə qurbanlarını aşkar etmək, onları müəyyənləşdirdikdən sonra hüquqi yardım göstərək işgəncə verən güc strukturlarının əməkdaşlarını ifşa etmək, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin və Müdafiə Nazirliyinin tabeçiliyində olan müəssisələrini və orada saxlanılan şəxslərin vəziyyətini monitorinq etməkdir.

Xatırladaq ki, Hacı Məmmədov və digərləri 2005-ci il martın 10-da MTN-in keçirdiyi "Qara Kəmər" əməliyyatı zamanı həbs olunublar. 2006-cı ildən 2007-ci ilə qədər davam edən məhkəmə zamanı H.Məmmədov yarımçıq ifadələr verməklə, bir-birinə zidd olan fikirlər səsləndirib. Məhkəmənin keçirildiyi günlərdə mətbuatda onun həqiqəti gizlətməyə çalışdığı haqda çoxsaylı yazılar dərc olunub. 

Hacı Məmmədovun yarımçıq ifadələri ilə yaddaşlarda qalan məhkəmənin sonunda onun özü də daxil olmaqla, DİN-in keçmiş şöbə müdiri Kamil Sədrəddinov, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və digər 7 nəfər ömürlük həbs cəzasına məhkum ediliblər. Zamində olan 3 nəfərdən biri - İbrahim Bağırovun işi xitam edilib. Digər 2 nəfər - Azər Əliyev və Aqil Hüseynov isə 2 il şərti cəza alıblar. Onlar saxta sənəd hazırlamaqda, dələduzluq və sair bu kimi əməllərdə təqsirli bilinirdilər. Qalan 13 nəfərə isə 8 ildən 15 ilədək həbs cəzası verilmişdi.

Milli.Az


Tags:  Hacı Məmmədov hüquq müdafiəçisi görüşmək istəyir


RƏYLƏR


Top news