İpək Yolu üzərindən keçən nəqliyyat qovşağı Vaşinqtonda konfransda geniş müzakirə mövzusu olub

İpək Yolu üzərindən keçən nəqliyyat qovşağı Vaşinqtonda konfransda geniş müzakirə mövzusu olub
09:23 11 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Vaşinqton, 11 dekabr, AZƏRTAC
Vaşinqtonda fəaliyyət göstərən nüfuzlu “İrs Fondu” tərəfindən “Enerji, Təbii Ehtiyatlar və Geosiyasət üzrə Mərkəz” ilə əməkdaşlıq çərçivəsində “Yenilənmiş İpək Yolu - Avrasiyanın ürəyindən Avropanın ürəyinə: 21-ci əsr Nəqliyyatı və Enerji İcmalı” adlı konfrans təşkil edilib.
ABŞ-ın rəsmi qurumlarının, yerli ictimai, işgüzar və elmi dairələrin, Vaşinqtondakı diplomatik korpusun və media təmsilçilərinin qatıldığı bu konfransda yarım gün ərzində Avropa və Asiyanı birləşdirən nəqliyyat və enerji layihələri müzakirə olunub və iştirakçıların sualları cavablandırılıb.
Konfransın açılışında ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokştayn və Gürcüstan Respublikasının müdafiə naziri Tinatin Xidaşeli çıxış edərək iştirakçılarla fikirlərini bölüşüblər.
Amos Hokştayn geniş məruzəsində ayrıca olaraq Azərbaycan və ölkəmizdən start götürən enerji layihələrinə istinad edib. Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əldə edilmiş uğurlardan bəhs edən Amos Hokştayn vaxtilə Prezident Bil Klintonun Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasına göstərdiyi diqqəti xatırladıb və bu diqqətin ABŞ-ın həmin layihənin daşıdığı strateji əhəmiyyəti tam şəkildə dərk etməsindən irəli gəldiyini söyləyib. O, Cənub Qaz Dəhlizinin eyni strateji xarakterini vurğulayaraq, həmin qaz kəmərinin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcəyi və eləcə də keçdiyi bütün ölkə və regionlarda inkişaf və tərəqqiyə ciddi stimul gətirəcəyinə inandığını bildirib. Xüsusi elçi təmsil etdiyi ölkənin Cənub Qaz Dəhlizinin uğurla tamamlanması işini ən fəal sürətdə təşviq edəcəyini bildirib və bu mənada ABŞ Prezidenti Barak Obama səviyyəsində bu prosesə müxtəlif məqamlarda mühüm dəstək nümayiş etdirildiyini qeyd edib. Amos Hokstayn, həmçinin dekabrın 10-da Yunanıstan və Bolqarıstan arasında qaz kəməri üzrə Yekun Sərmayə Qərarının qəbul ediləcəyini bildirib və bu kəmərin çəkilməsinin Azərbaycan qazının nəql edilə biləcəyi coğrafiyanı əhəmiyyətli şəkildə genişləndirəcəyini göstərib.
Digər çıxış edənlərdən İrs Fondunun tədqiqatçısı Lyuk Kofi Cənubi Qafqazın enerji infrastrukturunun strateji əhəmiyyətini bir daha vurğulamaqla yanaşı, bölgədəki münaqişələr, xüsusilə Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalının bu layihələr üçün doğurduğu təhlükələri konfrans iştirakçılarının diqqətinə çatdırıb. O, bu mənada iki ölkənin hərbi qüvvələri arasındakı təmas xəttinin Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz qaz kəməri və eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun bir neçə kilometrliyində yerləşdiyini xatırladıb. Tədqiqatçı münaqişənin nizamlanması istiqamətində beynəlxalq səylərin gücləndirilməsindən də danışıb.
Konfransın “Asiya-Avropa nəqliyyat yolları və qaz təchizatı – tələbin qarşılanması və təchizatın şaxələndirilməsi” mövzusunda panelində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş direktoru Taleh Ziyadov geniş məruzə ilə çıxış edib. O, ölkəmizdə infrastrukturun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində aparılan köklü işlər kontekstində Qaradağ rayonunun Ələt qəsəbəsində inşası davam edən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi haqqinda danışıb. T.Ziyadov Bakı Limanının Azərbaycanın beynəlxalq nəqliyyat təchizat zəncirində çox mühüm bir həlqə olduğunu söyləyib. Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa himayəsi və nəzarəti altında bu sahədə mövcud potensialın gücləndirilməsi və ondan səmərəli istifadəsi məqsədilə həyata keçirilən və planlaşdırılan tədbirlər haqqında məlumat verib.
Konfransda çıxış edən ABŞ Nəqliyyat Komandanlığının sabiq komandiri, hava qüvvələri generalı Danken Maknab, Təbii Ehtiyatlar və Geosiyasət üzrə Mərkəzin direktoru Ariel Koen, Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutunun sədri Frederik Star, Türkiyə və Qazaxıstanın Vaşinqtondakı səfirlərinin müavinləri Tuqay Tuncay və Yerkin Axinjanov, eləcə də bir sıra digər natiqlər İpək Yolunun əhatə etdiyi coğrafiyada həyata keçirilən layihələr və onların malik olduqları potensialdan bəhs ediblər.

Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton







Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ipek_Yolu_uzerinden_kechen_neqliyyat_qovsagi_Vasinqtonda_konfransda_genis_muzakire_movzusu_olub-910238

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR