"Xəstə qardaşı televizorun qabağında dayanıb, xoş xəbər gözləyir" - REPORTAJ - FOTO

"Xəstə qardaşı televizorun qabağında dayanıb, xoş xəbər gözləyir" - REPORTAJ - FOTO
09:52 11 Dekabr 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

Belə bir söz var, deyərlər ki, hər ölüm vaxtsız ölümdür. Bu dəfə ölüm hələ övladlarının barını görməmiş neçə-neçə cavan insanın həyatına qıydı, ailəsinin, qohum-əqrəbasının, yaxınlarının gözünü yolda qoydu. Altmış üç neftçinin çalışdığı "Günəşli" yatağı alovlara qərq oldu. Bu alovların ağrı-acısı neftçilərimizin doğmalarını və bütün ölkəni cənginə aldı.

Bu gün faciənin ağrı-acısını bütün ölkə çəkir. Qəzanın baş verdiyi günün səhərisi altmış üç nəfərin yarısı tapılsa da, hadisədən bir həftəyə yaxın vaxt keçməsinə baxmayaraq hələ də tapılmayan neftçilərimiz, gözü yolda qalan insanlarımız var.

İtkin düşən neftçilərdən biri də Qazax rayon Ağköynək kənd sakini Xalid İbrahimovdur. Xalid üç uşaq atasıdır: iki qızı, bir oğlu var. Oğlu hələ orta məktəbin onuncu sinfində oxuyur.
"Yeni Müsavat" qəzeti olaraq ailənin dərdinə şərik olmaq üçün qəhrəmanımızın yaşadığı evə baş çəkəndə qapıya bağlanmış qara parçanı görüb elə bildik, öldüsü, qaldısı çıxmamış onun ölümüylə barışıblar. Bizi qarşılayan qonşu Xalidin bibisinin qırxının hələ təzə çıxdığını dedi. Evə daxil olanda yazımızın qəhrəmanının yaxınları, qohum-qonşuları yığışmışdılar. Çəkilmiş xatirə şəkillərini stolun üstünə sərib haqqında xatirələrini danışır, xoş sözlər deyir, hələ də haqqında doğru-dürüst məlumat ala bilmədikləri Xalidi yad edirdilər. Həyat yoldaşı Kifayət xanım və övladları ona bir addım daha yaxın olmaq üçün Bakıya getmişdilər.

Qardaşı İlhamın həyat yoldaşı Əsli xanımın dediyinə görə, Xalid o təhər  zirək oğlan olub ki, yanğına can verəcəyinə, suda batacağına inanmaqları gəlmir. Xəstə qardaşı bir an belə ayrılmadan televizorun qabağında dayanıb, xoş xəbər gözləyir: "Allah bizə o dərdi göstərməsin, ümid edirik ki, sağdır. Qardaşları da dözməz o dərdə... Böyük gəlinəm, onu öz əllərimlə saxlamışam, qucağımda böyütmüşəm. Mən bu ocağa gəlin gələndə o, üçüncü sinfə gedirdi. Elə bilirəm, öz övladımdır. Heç cür dözə bilmirəm. Mənim yoldaşım insult olub. Xalid öz həyat yoldaşına deyirdi, qardaşıma bir şey olsa, dözə bilmərəm, o dəqiqə ölərəm, ay Kifayət. O, qazandığını gətirib verirdi qardaşının dərmanlarına. Elə indi də qardaşını dərmanla sakitləşdirirəm. Deyirlər, Xalid axtarılır. Qayınlarım da, baldızlarım da, yoldaşı da, qohum-əqrəbanın çoxu da Bakıdadır. Elə qalan bircə böyük qardaşıdır ki, o da insultdur. Televizorun qabağında oturub, xoş xəbər gözləyir. O da mümkün deyil. Heç kəsdən xəbər yoxdur".

Əsli xanım deyir, Xalid çox bilikli adam olub, həm də zəhmətkeş: "Onun hər barmağı qızıl idi, başı kompüter. Xəbəri gələndə dedim, vallah, mən heç inanmıram ki, qaynımın başına belə bir iş gələ. Çünki o bildiyini bu boyda Ağköynəkdə bir adam bilmir. Özünün traktoru, otbağlayanı, kotanı var idi. On beş gün dənizdə, on beş gün kənddə-kəsəkdə işləyirdi, bircə saat bir yerdə dayanmırdı o adam. Hər şeydən başı çıxırdı; kimin qazı qırılırdı, kimin suyu gəlmirdi, özünü salırdı o dəqiqə. Qapı-qonşuya, hamıya, hər kəsə köməyi dəyirdi".
Şamoy Çobanov adına Ağköynək orta məktəbinin direktoru Səfurə Rəhimova da şagirdi və şagirdlərinin atası Xalid haqqında xoş sözlər deyir.

Bu cür ağır hadisənin onun başına gəlməsindən onu tanıyan hamı kimi sarsılıb, baş verənlərin gerçək olduğunu qəbul edə bilmir: "Uşaqlığından gözümün qabağında böyüyüb. Həm özü, həm onun övladları şagirdim olublar. Xalid həm şagird kimi, həm valideyn kimi, həm bir eloğlu kimi o qədər gözəl bala idi, o qədər gözəl insan idi ki, ümidim var, onun bizi sevindirəcəyinə, Allahın köməyi ilə tapılıb gələcəyinə inanıram.

Üç ağıllı, kamallı, savadlı övlad atasıdır. Yoldaşı bizim məktəbdə işləyir. O, özü gözəl insan, gözəl ailə başçısıdır, Allahdan istəmişəm, onun kölgəsi balalarının üstündən əskik olmasın. Ayın dördündən bu günə bir dəqiqə yadımdan çıxmır. O qədər həyəcan keçirirəm ki... Hamıya əl tutan, hörmət qazanan insanın taleyi niyə belə olsun?!"

Əmisi oğlunun həyat yoldaşı Məhluqə xanım deyir, Xalid axırıncı dəfə həyat yoldaşı Kifayət xanımla danışaraq deyib ki, sızma var, telefonuma zəng çatmasa, narahat olma: "Altıya on dəqiqə işləmiş danışıb. Həyat yoldaşı deyir, telefonu götürəndə Xalid dedi, Kifayət, qaz sızması var, ola bilər, telefonuma zəng çatmasın, narahat olma. İndi geyimimizi geyindirib hazırlayırlar, yəqin ki, bizi qayığa çıxaracaqlar. Axırıncı sözü bu olub".

Bir azdan Xalidin dayısı Nizami və onun oğlu Asif Tağıyev gəldi. Nizami dayı deyir, o, hamımızın baş ucalığı idi, heç inana bilmirik: "Xəbəri televiziyadan eşidib gəlmişik. Heç bilmirəm, nə deyim. Nitqim tutulub, danışa bilmirəm. Gərək belə olmayaydı. Cavan oğlan idi, adamın inanmağı gəlmir. Kaş xoş bir xəbər eşidək".

Kənd camaatının hörmətini qazanmış Xalid haqqında danışarkən kənd sakini Səyalı Vəliyeva göz yaşları içində onun yoxluğunu bu cür ifadə edir: "Elə bil, Ağköynək kəndinin sağ gözü töküldü, a bala, ay oğul. Xalid elə bir oğlanıydı. Bircə ümidim odur ki, elədiyi yaxşılıqlar qabağına durar, Allahın köməkliyi ilə qayıdar".

Qonşu Səlminaz Vəliyeva danışanda bildik ki, bizdən bir az qabaq Xalidin ata-anasının qəbirüstündən gəliblər: "Getmişdik onlara yalvaraq ki, sizin körpənizdir, yaxın qoymayın, qəbul etməyin bu qəbristanlığa onu... İşığını özümüz yandırırıq, qapısını özümüz açırıq. Vaxt uzandıqca ümid üzülür". Bu dəm qadınlardan biri Səlminaz xanıma xitabən deyir, şeirini oxu, ay Səlminaz, yox yerdən şeir yazıbsan, oxu: "Təskinlik üçün söz tapa bilmədim, o yana, bu yana vurnuxdum. Mən şair deyiləm, qərənfilləri dənizdə görəndə tamam ümidim üzüldü, hadisənin şokundan qələm şeir yazdım:

Xalid, qəlbimizdə qalmısan inan,
Səni unutmarıq heç vaxt, heç zaman,
Allah heç bir zaman qıymasın sənə,
Hələ nə yaşın var, cavansan, cavan.
Gəl, yenə tıqqıldat dəmiri, daşı,
Gəl, qaldır yuxudan dostu, tanışı.
Sən bizə qıymazsan, bilirik bunu,
İstəməzsən kimsə töksün göz yaşı.
Qızların axtarır, oğlun gözləyir,
Gəl, yazıqdır yarın, ağlatma onu.
Dəniz də "ey Xalid"! - deyə səsləyir,
Budurmu, ey fələk, dünyanın sonu?!"

Ayrılanda qonşulardan biri göz yaşı içində arxamızca səslənir ki, elə yazın, Xalid səsimizi eşidib geri gəlsin, gözümüzü yolda qoymayın: "Yazın, deyin ki, ay dağılmışın oğlu, sən gedəli əsir-yesir olmuşuq, qayıt gəl".

"Yeni Müsavat"














Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR