“Dünya siyasi məkanı və Heydər Əliyev ” mövzusunda konfrans keçirilib

10:38 11 Dekabr 2015
15 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 10-da Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Dünya siyasi məkanı və Heydər Əliyev ” mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, ilk öncə tədbir iştirakçıları Lökbatan qəsəbəsində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edərək abidə önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.

Konfransda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Respublika Ağsaqqallar Şurasının sədri, Millət vəkili Fəttah Heydərov, Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor, Millət vəkili Elman Nəsirov, YAP Qaradağ rayon təşkilatının sədri, Millət vəkili Aydın Hüseynov, digər qonaqlar və rayon ictimaiyyəti iştirak edirdi.

Tədbirdə ilk öncə ulu öndərin keçdiyi zəngin həyatını əks etdirən qısametrajlı film nümayiş olundu.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsipləri Heydər Əliyev tərəfindən yaradıldığını qeyd etdi.Bildirdi ki, Ulu öndər Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də, xalqımız Ümummilli Lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu adlandırıb. Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi "Azərbaycan dünyaya günəş kimi doğacaq" fikrini xatırladaraq ulu öndərin layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sayəsində bunun artıq reallıq olduğunu vurğuladı.

Öz növbəsində Respublika Ağsaqqallar Şurasının sədri, Millət vəkili Fəttah Heydərov müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyduğunu bildirdi.Qeyd etdi ki, regionun ən sabit ölkəsi olaraq müstəqil daxili və xarici siyasət yürüdürük. Bu gün ölkəmiz, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində, dünyanın sayılan-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor, Millət vəkili Elman Nəsirov öz nitqində UluÖndərin göstərdiyi misilsiz xidmətlərindən və onunla bağlı xatirələrindən söz açdı. O parlaq şəxsiyyətin fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmət ilə yanaşmasını heyratamiz hiss kimi səciyyələndirdi.

Millət vəkili Aydın Hüseynov Ulu Öndərin dövlətçilik səriştəsi və bacarığı ilə bütün sədləri yararaq və qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxardığını, ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdığını vurğuladı.

Ölkəmizin əldə etdiyi nailiyyətləri diqqətə çatdırdı. Daha sonra çıxış edən digər natiqlər də Ulu öndər Heydər Əliyev Azərbaycanın yeni tarixini yazıb, yaratdığını və bu tarixin yaşadığını bildirdilər. Qeyd etdilər ki, Dahi şəxsiyyət ictimai-siyasi həyatın bütün sahələrini fəth etmişdi. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyini öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimidir. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2468240.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR