Təbrizdə Azərbaycan konsulluğu qarşısında aksiya

Təbrizdə Azərbaycan konsulluğu qarşısında aksiya
10:41 11 Dekabr 2015
53 Digər
Ölkə mətbuatı
A- A+

Təbrizdə Azərbaycan konsulluğunun qarşısında İran rejiminin tərəfdarları etiraz aksiyası keçiriblər.

ANS PRESS-in "Səhər" kanalına istinadla verdiyi məlumata görə, aksiya iştirakçıları Nardaranda olan hadisələrə etiraz ediblər. İran mətbuatında yayılan xəbərlərə əsasən, aksiyada 100-ə yaxın etirazçı iştirak edib.

Analoji hal İranda bundan əvvəl də baş verib. İranın Şərqi Azərbaycan əyalətinin Sərab şəhərinin dini lideri Əli Əkbər Əkrəmi
təxribat xarakterli çıxışlar edib. O, deyib ki, əgər İran olmasaydı, Azərbaycan bu gün sadəcə mövcud olmazdı.

İran parlamentinin Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin müavini Mənsur Həqiqətpur Azərbaycanın Nardaran qəsəbəsinin sakinlərini polislə silahlı qarşıdurmadan sonra fəallaşmağa çağırıb.


Mənsur Həqiqətpur - İran parlamentinin üzvü

İranın parlament sədri Əli Laricani Nardaranda baş verən hadisələrə münasibət bildirərkən deyib ki, Azərbaycanın daxilində baş verən hər bir hadisə onun daxili işidir. "Nardaranda baş verən hadisələr barədə eşitmişəm, bu, Azərbaycanın daxili işidir. Çox təəssüf ki, bəzi media orqanları bu məsələdə iki ölkə arasında gərginlik yaratmaq istəyirlər".

Eyni mövqeyi İranın Azərbaycandakı səfiri Möhsün Pakayın da göstərib. "Bizim Nardaran hadisələrinə də heç bir aidiyyətimiz, heç bir bağlılığımız yoxdur".

Nardaranda baş verən hadisələrdən sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında bu hadisələrin köklərinin xaricdən gəldiyini deyib. Lakin o, bu gün nə İran, nə də Türkiyə Azərbaycanda iğtişaş yaratmaq tərəfində olmadığını deyib.

Azərbaycan Xarici İşlər Nazirliyi İranda baş verən aksiya ilə bağlı məsələni şərh etmək istəmədi.

Nardaranda respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə məlumat daxil olub. Bundan sonra noyabrın 26-da və dekabrın 1-də qəsəbədə xüsusi əməliyyat keçirilib. İlk əməliyyat nəticəsində 4 nəfər ölüb, iki polis həlak olub. Daha bir nəfər isə xəstəxanada keçinib.

Saxlanılan şəxslərin Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplamış, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil etmişlər. Həmçinin, paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə etmiş, bununla bağlı tərəfdarlarına göstərişlər vermiş və əhaliyə çağırış vərəqələri paylayıblar. Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367008

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR