Çində İlham Əliyevə “Tarix üzrə fəxri professor” diplomu verilib

Çində İlham Əliyevə “Tarix üzrə fəxri professor” diplomu verilib
10:49 11 Dekabr 2015
13 Ölkə
Ölkə mətbuatı
A- A+

Çində dövlət səfərində olan prezident İlham Əliyevə Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomunun təqdim edilməsi mərasimi keçirilib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı əvvəlcə universitetin rektoru Liu Veylə görüşüb.

Görüşdə Azərbaycan və Çin arasında bir çox sahələrdə, eləcə də təhsil sahəsində əməkdaşlığın, xüsusilə universitetlərarası əlaqələrin genişləndirilməsinin, tələbə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Universitetin prorektoru İ Cixon mərasimi açaraq bugünkü görüşün ali təhsil ocağının həyatında mühüm hadisə olduğunu deyib.

Çin ilə Azərbaycan arasındakı münasibətlərin tarixindən danışan rektor Liu Vey prezident İlham Əliyevə rəhbərlik etdiyi universitetin “Tarix üzrə fəxri professor” diplomunu təqdim etməkdən şərəf duyduğunu bildirib.

Daha sonra Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu dövlətimizin başçısına təqdim edilib.

 

Prezident İlham Əliyev çıxışında  bu fəxri adın ona verilməsinə görə təşəkkür edərək deyib ki,  bu, ölkələr arasındakı dostluq münasibətlərinin göstəricisidir və Çinlə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün ortaq siyasi iradənin mövcud olduğunu vurğulayıb.

 

Prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs edərək BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş torpaqlarının geri qaytarılması ilə bağlı dörd qətnaməsinin olmasına baxmayaraq, Ermənistanın bu sənədlərə məhəl qoymadığına diqqət çəkib.

 

Dövlət başçısı  əsas məqsədin Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək olduğunu bildirib və ölkəmizdə təhsilin inkişafına böyük diqqət yetirildiyini, müvafiq proqramların həyata keçirildiyini, ölkəmizdə savadlılığın səviyyəsinin 100 faiz olduğunu və Azərbaycanın regionda sülhün tərəfdarı olduğunu diqqətə çatdırıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224781

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR