Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Banklar "üzüyumşaqlıq" etməyə başlayıb

Banklar "üzüyumşaqlıq" etməyə başlayıb

Date: 11 December 2015 11:22

Banklar vətəndaşlar üçün daha sərfəli variantlar təqdim etmək məcburiyyətində qalıb.

Milli.Az xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, aparıcı riteyl banklar dollar üzrə depozit faizlərini 3 faizdən 7 faizədək yüksəldiblər. Bir müddət öncə, sığortalanan 30 min dollar əmanətə ildə orta hesabla cəmi 900 dollar dividend hesablayan banklar indi həmin məbləğə görə artıq 2100 dollar təklif edirlər. Bu isə o deməkdir ki, sözügedən məbləğ üzrə təklif edilən dividend ödənişləri 2,3 dəfə artıb".

Ekspertin sözlərinə görə, manatla əmanətlərə 12 faizdən çox dividend təklif edən banklar yenə də xarici valyutalara nisbətən aşağı faiz hesablasalar da, daha çox depozit cəlb etmək üçün xarici valyutalara da nisbətən "isti münasibət" bəsləməyə çalışırlar: "Manatla dividend faizlərinin yüksək olmasına baxmayaraq, vətəndaşlar potensial valyuta risklərini sığortalamaq üçün xarici valyuta ilə depozitlərə üstünlük verirlər. Xarici valyuta depozitlərinə əvvəllər aşağı faizin təklif edilməsi isə vətəndaşlarda əmanət qoyuluşlarına stimul yaratmırdı. Təbii ki, banklara inamın azalması da bu məsələdə az əhəmiyyətli deyildi".

İqtisadçı bildirib ki, əmanət qəbul edən kooperativ banklarda isə xarici valyuta üzrə faizlər yenə də əvvəlki səviyyədə saxlanılıb. Xarici valyuta üzrə faiz dərəcələrinin artırılması birbaşa bankların nağd vəsaitlərə ehtiyacının yüksəlməsi ilə bağlıdır: "Belə ki, bu ilin iyun ayında depozitlərin həcmi 7 milyard 653 milyon idisə, iyul ayında 7 milyard 605 milyon manat, avqustda 7 milyard 320 milyon manat, sentyabrda 7 milyard 311 milyon manat, oktyabrda isə 7 milyard 172 milyon manat olub. Göründüyü kimi, bu ilin ikinci yarısında hər ay əvvəlki aya nisbətən depozit məbləğində azalma müşahidə edilib".

V.Bayramovun fikrincə, bunun əsas səbəbi milli valyuta ilə olan əmanətlərin bir qisminin banklardan geri çəkilməsi olsa da, gedişata xarici valyuta üzrə depozit faizlərinin kəskin azaldılması da təsirsiz ötüşməyib: "Bu baxımdan, banklar artırılmış depozit faizləri ilə daha çox vəsaitlər cəlb etməyə çalışacaqlar. Bir sıra bankların nağd likvidliyinin azalması da onları xarici əmanətlər üzrə faiz dərəcələrinə yenidən baxmağa vadar edib. Bundan başqa, depozit faizlərinin aşağı olması xarici investisiya qoyuluşlarına da neqativ təsir göstərirdi. İndi banklar bununla xarici sərmayələrin cəlb edilməsinə çalışırlar".

İlkin İzzət
Milli.Az


Tags:  Banklar üzüyumşaqlıq etməyə başlayıb


RƏYLƏR


Top news