Azərbaycan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının konfransında təmsil olunub

Azərbaycan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının konfransında təmsil olunub
11:39 11 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC 
İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının 32-ci beynəlxalq konfransı keçirilib.
Dörd ildən bir keçirilən konfransda Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (BQXQACF), Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri ilə yanaşı, Cenevrə Konvensiyasına üzv ölkələrin dövlət nümayəndələri də iştirak edib. Beynəlxalq konfransda ölkəmizi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) icraçı katibi Bayram Vəliyev, onun müavinləri Şaban Şayev və Ceyhun Mirzəyev, cəmiyyətin beynəlxalq əlaqələr şöbəsinin müdiri Nailə Ömərovadan ibarət olan 4 nəfərlik nümayəndə heyəti, Nazirlər Kabinetinin məsul işçisi xanım Aytən Qafarova, həmçinin Azərbaycanın Cenevrədə fəaliyyət göstərən BMT və Beynəlxalq Təşkilatlarla iş üzrə Daimi Nümayəndəliyinin əməkdaşları təmsil ediblər.
AzQAC-dan AZƏRTAC-a verilən məlumata görə, konfrans BQXK-nın yaradıcısı Anri Dünanın adına təsis edilmiş medalının təqdim olunması ilə başlayıb. Anri Dünan medalı Banqladeş Qızıl Aypara Cəmiyyətinin üzvü xanım Monivara Sarkara təqdim olunub. Sonra BQXK-nın prezidenti Peter Maurer və BQXQACF-nin prezidenti Tadateru Konoe çıxış ediblər. Daha sonra fundamental prinsiplər, sağlamlıq, beynəlxalq humanitar hüquq, gender əsaslı zorakılıq mövzularında geniş müzakirələr aparılıb.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının rəhbər şəxsləri ilə görüş keçirib. Görüşdə AzQAC-ın hazırkı fəaliyyət istiqamətləri, 2016-2020-ci illərin strategiyası üzrə inkişaf hədəfləri və bu beynəlxalq qurumla hazırkı münasibətlərin vəziyyəti geniş şəkildə müzakirə olunub.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Beynelxalq_Qizil_Xach_ve_Qizil_Aypara_Herekatinin_konfransinda_temsil_olunub-910274

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR