Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Neftçalada vətəndaşları qəbul edib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Neftçalada vətəndaşları qəbul edib
12:48 11 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Neftçala, 11 dekabr, Mahir Babayev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həlli üçün müvafiq tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, növbəti belə qəbul dekabrın 11-də Neftçala rayonunda keçirilib. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Şirvan şəhər, Neftçala, Hacıqabul, Salyan, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb.
Vətəndaşların müraciətləri əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı barədə olub. Bir çox vətəndaş onlara ayrılan torpaq sahələri, fərdi həyət evləri və mənzillər, kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələrinə dövlət qeydiyyatı sənədlərinin alınması ilə bağlı müraciət ediblər. Eyni zamanda, bəzi müraciətlər pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı olub. Bir neçə vətəndaş isə dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib. Həmçinin vətəndaşlar işlə təmin olunma və digər məsələlərlə bağlı kömək göstərilməsi barədə xahişlərini də çatdırıblar.
Komitə sədri qəbulda səsləndirilən bir sıra müraciətlərin tez bir zamanda həlli üçün göstəriş verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri izah olunub. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb və nəticəsi barədə məlumat veriləcəyi bildirilib.
Komitə sədri qəbulda komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatında vətəndaş məmnunluğunu təmin etmək məqsədilə sosialyönümlü tədbirlərin artırıldığını nəzərə çatdırıb. Bildirilib ki, artıq ayda bir neçə dəfə olmaqla, həm Bakıda, həm də regionlarda “Kütləvi çıxarış” kampaniyası keçirilir, mobil ofis xidmətləri göstərilir. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər birbaşa vətəndaşların ünvanına çatdırılır və yerlərdə rahat və operativ şəkildə təqdim olunur. Qeyd edilib ki, mülkiyyət hüquqlarının tənzimlənməsində, o cümlədən daşınmaz əmlakın qeydiyyatı və torpaq idarəçiliyində “bir pəncərə” prinsipinin tətbiq edilməsi nəticəsində bütün qeydiyyat prosesi bir ünvanda – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılır. Bu isə əlavə vaxt itkisini aradan qaldırıb, müxtəlif idarələrə getməyə ehtiyac qalmayıb. Bütün bu tədbirlər xidmətlərdə çeviklik, şəffaflıq və rahatlığı kifayət dərəcədə yüksəldib.
Qəbulda torpaq idarəçiliyi ilə bağlı məsələlərə toxunan komitə sədri artıq Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması istiqamətində işlərin aparıldığını qeyd edib. Bu Sistemin yaranması ilə respublikada torpaqların dəqiq sərhədləri və koordinatlarının müəyyənləşəcəyi bildirilib. Qeyd olunub ki, bu proses vətəndaşların, həmçinin bələdiyyələrin torpaqlar üzərində mülkiyyət hüquqlarının daha operativ və dəqiq qeydiyyata alınmasını təmin edəcək.
Komitə sədri torpaq qanunvericiliyinin tələblərinə riayət olunması ilə bağlı məsələlərə də toxunub. Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış müvafiq Sərəncamla torpaq sahələrindən qanunsuz istifadə və özbaşına tikintilərlə bağlı cəzalar sərtləşdirilib. Komitə tərəfindən artıq Sərəncamın icrası ilə bağlı respublikanın müxtəlif bölgələrində monitorinq-araşdırma tədbirləri həyata keçirilir. Torpaqların özbaşına zəbt olunması, qanunsuz tikintilərin aparılması, torpaq sahələri barədə qanunsuz qərarların verilməsi faktları araşdırılır. Analoji hadisələrin qarşısını almaq məqsədilə aşkar olunmuş belə hüquq pozuntuları ilə bağlı müvafiq qanunvericiliyə, eləcə də qeyd olunan Sərəncama əsasən tədbirlər görülür.
Qəbulda iştirak edən vətəndaşlar göstərilən xidmətlərdən razılıqlarını bildiriblər.
Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Amlak_Meseleleri_Dovlet_Komitesinin_sedri_Neftchalada_vetendaslari_qebul_edib-910314

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR