Əjdahaya daha da yaxınlaşdıq

Əjdahaya daha da yaxınlaşdıq
14:12 11 Dekabr 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 10-da Pekində yüksək səviyyədə Azərbaycan-Çin danışıqlarının yekunlarına görə bir sıra ikitərəfli sazişlər imzalanıb.
Azərbaycan prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının sədri Si Cinpin "Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə" imzalayıblar.

Bundan başqa, "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu", "Məhkumların verilməsi haqqında Müqavilə", "Fitosanitar əməkdaşlıq haqqında Saziş", "Mülki hava nəqliyyatına dair Saziş", "2016-2019-cu illərdə təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "İkitərəfli iqtisadi əməkdaşlığın təşviqi üzrə Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Çin Xalq Respublikasının Enerji İdarəsi arasında Anlaşma Memorandumu", "Dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb.

Əliyevin Çin Dövlət Şurasının baş naziri Li Keçyanla görüşü zamanı iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub.

Çin şirkətləri Azərbaycanda infrastruktur, istehsalat, energetika sahələrində, dəmir yollarının tikintisində və texniki parklar salınmasında maraqlıdır.

Li Keçyan bildirib ki, Çin Azərbaycanın təbii resurslarının - neft və qazın işlənməsində fəal iştirak etməyə hazırdır.

Li Keçyan  həmçinin humanitar sahədə, habelə təhsil və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkan olduğunu qeyd edib.

Öz növbəsində, Əliyev deyib ki, Azərbaycan Çinlə bütün istiqamətlərdə əlaqələri inkişaf etdirmək niyyətindədir. O, Çin şirkətlərini investor və podratçı qismində Azərbaycana dəvət edib.

Azərbaycan informasiya-kommunikasiya texnologiyaları, sənaye istehsalı, texniki parkların salınması sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

İlham Əliyev qeyd edib ki, Azərbaycan ÇXR sədri Si Cinpin tərəfindən irəli sürülmüş qədim İpək Yolu iqtisadi kəmərinin yaradılması təşəbbüsünü dəstəkləyir.

"Azərbaycandan keçən bu yol Çin mallarının Avropaya nəqli üçün ən qısa yol ola bilər. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub tranzit dəhlizləri layihələrində mühüm rol oynaya bilər və artıq bu sahədə konkret addımlar atır", - deyə o bildirib.

Vahid Çin, vahid Azərbaycan 

İlham Əliyev Pekində Ümumçin Xalq Nümayəndələri Yığıncağının daimi komitəsinin sədri Çjan Detszyanla görüşüb. Çin Parlamentinin rəhbəri Azərbaycanın "vahid Çin" məsələsində dəstəyini yüksək qiymətləndirib.
Bu yetərincə önəmli məqam, Bakı ilə Pekin arasındakı münasibətlərin konfiqurasiyasını müəyyənləşdirən amillərdən biri olmaqla yanaşı, Cənubi Qafqazdakı proseslərə təsir edən amildir.

Böyük İpək Yolu

Böyük İpək Yolu (termin ilk dəfə 1877-ci ildə alman coğrafiyaşünası Ferdinand fon Rixthofen tərəfindən işlədilib) - qədim dövrlərdə və orta əsrlərdə Çindən Orta və Ön Asiya ölkələrinə aparan karvan yoludur. Tarixi ticarət marşrutları Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçib. 
Bu yol e.ə. II əsrdə açılıb, Lançjoudan keçməklə Siandan Dunxuanacan uzanırmış. Buradan isə iki yerə ayrılırmış: şimal yolu Turfandan Pamirə, oradan isə Fərqanəyə və Qazaxıstan çöllərinə qədər uzanıb. Cənub yolu Lobnor gölünün yanıyla, Təklə-Məkan səhrasının cənub hissəsiylə Yarkənd və Pamirdən (cənub hissəsindən) keçməklə Baktriyaya, oradan isə Parfiyaya, Hindistana və Yaxın Şərqə qədər uzanıb.

İpək Yolu bizim eranın I minilliyindən başlayaraq II minilliyin ortalarına qədər Avropa və Asiyadan çarpaz şəkildə keçən marşrutlar şəbəkəsini əks etdirir. İpək Yolunun əsas hissəsi öz başlanğıcını Çinin paytaxtı Çanqandan (Xian) götürmüşdür. E.ə. IV əsrdə Makedoniyalı İskəndər Mərkəzi Asiya istiqamətində Hind çayını keçəndə artıq Çin ipəyinin Aralıq dənizinə çıxışı var idi. 
Ticarət və kommunikasiya üçün zəruri element olan dəniz yollarına da İpək Yolunun bir hissəsi kimi baxmaq olar. 
Bir çox mühüm elmi və texnoloji innovasiyalar Şərqdən Qərbə İpək Yolunun vasitəsilə aparılmışdı. Barıt, maqnit kompası, çap dəzgahı, musiqi alətləri, ipək, keramik və boyalı məmulatlar kimi yeniliklərin ötürülməsi tədricən baş vermişdi. Qərbin onların yaranması haqqında heç təsəvvürü belə yox idi.
Tarixi faktlar Böyük İpək Yolunun bir neçə istiqaməti olduğunu və Asiya kontinentindən əsasən qərb istiqamətində çoxsaylı yolların keçdiyini sübut edir. Şərqi Çin dənizinin sahillərindən, Sinan şəhərindən başlanan İpək Yolu Lançjondan keçərək, Donxuana qədər uzanıb. Yolun bir qolu Kopetdağın şimal ətəyi ilə Xəzərin cənub hissəsindən keçib Azərbaycana daxil olub. İkinci qol isə Təklə-Məkan səhrasının şimalından ötüb Dərbənd, Şamaxı-Gəncə, Batumi-İstanbula uzanaraq, Balkan yarımadası vasitəsilə Avropanın mərkəzinə istiqamətlənib. Digər məlumatlara görə, eramızdan 4-5 əsr əvvəl fəaliyyətə başlayan İpək Yolu başlanğıcını Koreyadan götürüb. Karvanlar Çin, Monqolustan, Mərkəzi Asiya, Azərbaycandan keçərək Aralıq və Qara dəniz sahili ilə Avropaya gedirmişlər. 
"İpək Yolu" anlayışı bu istiqamətlərdə daşınan Çin ipəyinin adından götürülməsinə baxmayaraq, artıq X-XI əsrlərdə Azərbaycan ipəyi onu yoldan sıxışdırıb çıxartmağa başlamışdı. Böyük İpək yolunun ilk şaxəsi Cənubi Azərbaycan ərazisindən keçdiyindən bu ərazi ilə geniş əlaqəsi olan Dərbənddə, Şirvanda, Şəkidə, Beyləqanda, Gəncədə, Qəbələdə, Təbrizdə, Naxçıvanda ipəkçiliyin inkişafına güclü təkan verib, onların hər birinin ipəkçilik ticarət mərkəzinə çevrilməsinə şərait yaradaraq məşhurlaşmasına səbəb olub. 

Bu marşrutla Şərqdən Mərkəzi Avropa ölkələrinə əvvəlcə ipək, daha sonra ədviyyat, qızıl, gümüş, mirvari və s. daşınmışdır. Avropadan Şərq ölkələrinə isə tacirlər qalay, sink, civə, mahud parça və s. aparıblar. 
Qərblə şərqi birləşdirən Böyük İpək Yolu öz tarixi əhəmiyyətini yenidən bərpa etməklə, 1000 il bundan əvvəl olduğu kimi müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü yaratmaq imkanına malikdir. Azərbaycan hələ o vaxtlar da bu nəhəng yolun əsas ticarət və nəqliyyat qovşaqlarından biri olub. Ölkə bu günə qədər öz coğrafi mövqeyini itirməyib, Böyük İpək Yolunun bərpasının təşəbbüsçülərindən biri olub. 
Böyük İpək Yolunun əsasını Avropa Birliyinin Yeni Müstəqil Dövlətlər üçün 1991-ci ildə tərtib etdiyi TASİS proqramı çərçivəsində TRASEKA layihəsi təşkil edir. Bu layihəni 1993-cü ilin mayında Brüssel konfransında Cənubi Qafqaz və Mərkəzi Asiyanı yeni müstəqil dövlətlərin razılığı ilə Avropa Şurası qəbul edib. Layihənin həyata keçirilməsi sahəsində isə 1996-cı il mayın 13-də Sərəxsdə İran və Mərkəzi Asiyanın dəmir yolu magistrallarının birləşdirilməsi mühüm addım oldu. Layihə dövlətlər arasında iqtisadi, ticarət əlaqələrini inkişaf etdirməyi və proqramın marşrutunun Avropa-Qafqaz-Asiya (TRASEKA), Transavropa istiqamətinə birləşdirməyi nəzərdə tutur. Proqramın reallaşması Avropa şurasının texniki-maliyyə yardımı, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankınm ayırdığı kreditlər hesabına mümkünləşir. 
Pekində aparılmış müzakirələr və imzalanmış anlaşmalar son illər geosiyasi gündəmin arxa planına keçirilmiş Böyük İpək Yolu layihəsinə "ikinci nəfəs" verilməsinə hazırlıqdır.
Çin ixracata köklənmiş iqtisadiyyata malikdir və "Səmaaltı imperiya"da istehsal edilən mallarla məhsulların, habelə Çinin kommersiya qurumlarının və investisiya fondlarının vəsaitlərinin Qərbə axınında Azərbaycan tranzit məkan rolunu oynaya bilər.
Rəsmi Bakının məqsədi iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirməklə yanaşı, post-neft erasında ölkənin stabilliyini artırmaq, gəlir mənbələrini çoxaltmaqdır. Belədə Çinin nəhəng investisiya, maliyyə, sənaye, texniki və iqtisadi potensialı yalnız xeyrimizə ola bilər. 

Dünyanın ən böyük iqtisadiyyatından necə faydalana bilərik?

Çin faktiki olaraq dünyanın ən böyük iqtisadiyyatına malikdir. Bu ölkə Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır və Bakı da ikitərəfli, qarşılıqlı faydalı təmasların aktivləşdirilməsini istəyir.
İnfrastruktur, sənaye istehsalı, energetika sahələrində, dəmir yollarının tikintisində və texniki parklar salınmasında Çin şirkətlərinin təkliflərinin dəyərləndirilməsi mərhələsi başlayıb.

Təkliflər effektiv və perspektivlidir, çünki Avropa Birliyi, ABŞ, Türkiyə, Rusiya və İrandan fərqli olaraq, Çinin təklif etdiyi məhsullarda keyfiyyətlə qiymət arasında səviyyə fərqi həddən ziyadə deyil.
Avropada və ya ABŞ-da istehsal olunmuş avadanlıq, istehsal xətti, kompleks qurğular, hətta inşaat texnikası və ya nəqliyyat vasitələri brend tanınması baxımından Çindəki analoji mallarla müqayisədə üstün mövqelərdədir.
Amma "qiymət-keyfiyyət" baxımından Çin irəlidədir.
"Çin malı ucuzdur, çünki keyfiyyətsizdir" stereotipinə gəldikdə isə, istehlak malları baxımından Azərbaycan bazarında durum, bəli, belədir. Nədən ki, Çindən Azərbaycana məhsul gətirən iş adamları topdansatışda mümkün qədər ucuza almağa çalışır, burada minimum vaxtda gəlir əldə etməyə çalışırlar. Gətirilən məhsullar da əsasən tanınmış brendlərin satdıqları malların replikantları, yəni oxşarları və surətləridir.
Oxşar isə heç zaman orijinaldan keyfiyyətli olmur: illah da ki, Çindəki saysız-hesabsız kustar sex və kiçik zavodlardan birində hazırlanıbsa, böyük partiya ilə satışa çıxarılıbsa.
Çinin istehsal etdiyi məhsulların keyfiyyətini isə ABŞ-da, Avropa Birliyində əla bilirlər.
Ən mürəkkəb texniki avadanlıqdan tutmuş, dəsmallaradək Çin malları dünyanın inkişaf etmiş ölkələrində ən bahalı, elitar ticarət məkanlarında satılır.
Çinin hərbi texnikasının keyfiyyətini isə bu "məhsul"ları alan 84 ölkənin hərbçiləri və hərbi ekspertləri təsdiqləyə bilərlər.

Bakı və Pekin: bundan sonra nə olacaq?

Azərbaycan prezidenti İlham Əliyevin Çinə səfəri, gerçəkdən də, olduqca önəmlidir və bütün region ölkələrinə mesaj sayıla bilər. Özü də bu mesajı Çin verdi.
"Səmaaltı imperiya"da mövcud dövlət qəbulu və diplomatik protokola görə, Çin liderləri iqamətgahlarında yalnız çox önəm verdikləri ölkələrin başçılarını qəbul edirlər.

Yalnız həmin şəxslərin qəbulu zamanı fəxri qarovul düzülür, Çinin "katibi", yəni dövlət başçısı xalı ilə irəliləyərək fəxri qonağı salamlayır.
Əsrlərdən bəri belə olub və Pekin protokolu dəyişən deyil.
Çinin müstəsna önəm verdiyi ölkə ilə münasibətlərini yaxşılaşdırmaq, inkişaf etdirmək cəhdləri isə qəbullar zamanı sıralama ilə bilinir.
Həmin sıralama barədə məşhur siyasətçi, ABŞ-ın sabiq müdafiə naziri Kaspar Uaynberger demişdi: "Çində bizi əvvəlcə əyalət qubernatoru, sonra baş nazir, sonra dövlət başçısı qarşıladı. Avropada belə növbələmə qəribə görünə bilər, Çində isə ən önəmli qonaqları əvvəlcə dövlət iyerarxiyasının nisbətən aşağı pilləsində duran qarşılayır. Çinin katibinin ayaqüstə duraraq qarşıladığı adam isə Pekinin önəmli saydığı insanı qəbul etməsinə işarədir".

Azərbaycan prezidenti İlham Əliyev Çində ən yüksək səviyyədə qarşılandı və rəsmi Pekin Bakı ilə münasibətlərin inkişafında maraqlı olduğunu nümayiş etdirdi.

Özü də bu münasibətlər "böyük-kiçik" ranjirində yox, "tərəfdaşlar" səviyyəsindədir və Pekin də bunu ən xırda detallaradək hesablanmış mərasimlərdə göstərdi.

Çinin Azərbaycana olan marağı bu gün, yaxud dünən yaranmayıb.
"Səmaaltı İmperiya" Dağlıq Qarabağ münaqişəsində daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Lakin Pekin bu dəstəyi çox mülayim şəkildə həyata keçirib, çünki Çinin xarici siyasəti "təmkin, soyuqqanlılıq, səbir" formatında "Müdriklik Triadası" adlandırılan prinsipə əsaslanır.
Dünyanın digər böyük dövlətlərindən fərqli olaraq, Çin başqa ölkələrin daxili işlərinə aktiv müdaxiləni sevmir, amerikalılardan fərqli olaraq, müxtəlif dövlətlərdə "rəngli inqilab"lar ssenarilərini həyata keçirməyə çalışmır, fərqli ölkələrə hərbi müdaxilə üçün kontingentlər formalaşdırmır.
Pekinin siyasəti müasir Çinin qurucusu sayılan mərhum Den Syaopinin "Sizə sayğı duyuruq, bizi də layiq olduğumuz səviyyədə dəyərləndirin" ifadəsinə kökləndiyindən bu ölkə ilə Azərbaycan arasındakı təmasların perspektivləri olduqca müsbətdir.

Ən azı, ona görə ki, Çin regionda geosiyasi qarşıdurmada olan Rusiya və ABŞ-ın, İran və Avropa Birliyinin münasibətlərinin daha da gərilməsini istəmir. Üstəlik, Çin bölgə ölkələrinin bu güclərdən birindən tam asılı vəziyyətə düşməsinə qarşıdır.
... Çinlilər ölkələrini "Əjdahaların himayəsindəki ortalıq imperiya" adlandırırlar. Və həmin "Əjdaha" Azərbaycana yaxınlaşır. 
"Böyük güc"lərin hamısından fərqli olaraq, Çin Azərbaycanla münasibətlərini normal inkişaf etdirməyi planlaşdırır.
Daxili işlərə qarışmadan, "narahatlıq bəyanat"ları verib barmaq silkələmədən, təzyiq və pressinq göstərməyə can atmadan, insan haqları və demokratiya anlamlarından ultimatum vasitəsi kimi istifadə etmədən. Milyardlarla dollarlıq investisiyalar, ən müasir texnologiyalar, sabit və stabil əməkdaşlığın gücləndirilməsini təklif etməklə.
Azərbaycan Çinlə müqayisədə kiçik olsa da, geosiyasi baxımdan regionda ciddi yerə, nüfuza, çəkiyə, potensiala və imkanlara malikdir.
Pekin bunu bilir və Bakı ilə əlaqələrə ən üst səviyyədə yer verir.

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/389053.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR