Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lider və şəxsiyyət: təkrarolunmaz Heydər Əliyev nümunəsi

Lider və şəxsiyyət: təkrarolunmaz Heydər Əliyev nümunəsi

Date: 11 December 2015 15:13


Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Novruz Məmmədovun http://newtimes.az saytında “Lider və şəxsiyyət: təkrarolunmaz Heydər Əliyev nümunəsi” sərlövhəli məqaləsi verilib. AZƏRTAC məqaləni təqdim edir.
X X X
İndi dünyanın müxtəlif regionlarında müşahidə edilən ixtilaflar “siyasi lider” anlayışını daha da aktuallaşdırıb. Mütəxəssislər qlobal miqyasda geosiyasi nizamın pozulduğunu vurğulayırlar. Dünya xaosa doğru sürüklənir. Böhran getdikcə daha geniş məkanı əhatə edir. Böyük dövlətlər arasında gərgin mübarizə şiddətlənir, təhlükəli istiqamət alır. Belə bir şəraitdə dünyanın böyük iradə sahibi, diplomatik ustalıq bacarığı olan və qətiyyətli qərarlar qəbul edən liderə ehtiyacı daha aydın hiss edilir. Bu kontekstdə ulu öndər Heydər Əliyev yada düşür. Bu dahi şəxsiyyətin xatirəsini hər anma günü, şübhəsiz, Azərbaycan xalqı üçün əzizdir. Eyni zamanda, dünya üçün də onun siyasi təcrübəsinin çox yararlı olacağına tam əminlik vardır. Heydər Əliyev irsini araşdırmaq və onun həyat fəaliyyətinə təkrar-təkrar nəzər salmaq bir zərurətdir. Bundan yalnız Azərbaycan deyil, bütün dünya faydalana bilər.
İki mərhələnin ziddiyyətləri: Ulu Öndərin uğurlu həll formulu
Tarixi şəxsiyyətlər unudulmur. Nadir tarixi şəxsiyyətlər isə yaddaşlara əbədi həkk olunur, xatirələrdə yaşadılmaqla yanaşı, zəkalarının nuru və ruhlarının sevgisi ilə milyonların həyat yoluna işıq salır. Onlar təkcə mənsub olduqları xalqın deyil, bəşəriyyətin əvəzsiz inciləridir. Sözün həqiqi mənasında dünyada həyat həmin insanların xidməti hesabına, onların çiyinləri üstündə bərqərar olur. Şərə qarşı mübarizədə insanlığa güc verən bu dahi şəxsiyyətləri yetişdirən millət bəxtiyardır. Azərbaycan xalqı, türk milləti Heydər Əliyev kimi dühası ilə daim fəxr edir və əbədi olaraq edəcəkdir.
Ulu Öndər haqqında çox yazılır, onun siyasi irsinin təhlili davam edir, lakin bu prosesin sonu yoxdur. Çünki Heydər Əliyev öz xalqı və müstəqil dövləti üçün elə xidmətlər göstərib ki, hər bir nəsil onu bilməli, nəcib əməllərini nümunə kimi götürməli, tövsiyələrini bir an da olsun unutmamalıdır. Heydər Əliyev nadir tarixi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu kimi azərbaycanlıların həyat fəaliyyətinin mayakıdır. Onun həyat fəaliyyətinə təkrar-təkrar müraciət etməliyik, təhlil aparıb, nəticələr çıxarmalıyıq. Bu yazı da həmin istəkdən irəli gəlib.
Keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlinə qayıtmaq istərdik. Həmin dövr iki böyük mərhələnin ziddiyyətlərlə dolu kəsişmə zamanını əhatə edir. Qlobal miqyasda ikiqütblü dünya modeli iflasa uğramaqda idi. Azərbaycanın da daxil olduğu sosialist düşərgəsi tənəzzül içində idi. SSRİ-nin tərkibində olan respublikalar dağılmaqda olan bir sistemi yenisi ilə əvəz etməli idilər. Həmişə olduğu kimi, bir sistemdən digərinə keçid dövrü də kəskin ziddiyyətlər, maraqların toqquşması, siyasi baxışların amansız rəqabəti ilə müşayiət olunurdu. Obrazlı deyilsə, Heydər Əliyev iki dövrün ziddiyyətlərindən Azərbaycan üçün optimal çıxış yolu tapmaq kimi missiyanı üzərinə götürmüşdü.
Bu kontekstdə əvvəlcə Ulu Öndərin sovet dövrünün çətinlikləri şəraitində öz xalqı üçün gördüyü qiymətli işləri xatırlamaq gərəkdir. Həmin dövrdə Heydər Əliyev həm Azərbaycanı bir respublika kimi inkişaf etdirdi, həm də gələcək üçün milli kadrlar hazırladı. O, çox incə üsullarla, Moskvanı qıcıqlandırmadan idarəetmə institutlarındakı mütəxəssisləri azərbaycanlılaşdırırdı. Burada “azərbaycanlaşma” dedikdə etnik mənaya yox, Azərbaycan üçün çalışmaq, milləti sevmək, adət-ənənəyə əməl etmək, öz dininə hörmətlə yanaşmaq kimi məqamlara üstünlük verilirdi.
Minlərlə azərbaycanlı gənc SSRİ-nin ən yaxşı ali məktəblərində oxumağa göndərilir və sonra respublikaya qaytarılırdı. Azərbaycanın tarixi şəxsiyyətləri, mənəvi abidələri, elm və mədəniyyət xadimləri ilə bağlı tədbirlər təşkil edilirdi və eyni zamanda, dünyaya yayılırdı. O, doğma ölkəsini mədəniyyəti, elmi, incəsənəti, mənəvi və maddi zənginliyi ilə tanıtmaq kursunu götürmüşdü.
İndi dünya analitiklərinin böyük önəm verdiyi mədəniyyətin yayılması siyasətini Heydər Əliyev hələ sovet dövründə özünəməxsus tərzdə həyata keçirirdi. Çünki Ulu Öndər Azərbaycanı dünyada məhz milli dəyərləri, mənəvi tarixi, mədəniyyət özəlliyi ilə tanıdırdı. Təbii ki, o zaman bunu açıq şəkildə etmək imkanı yox idi. Ancaq xaricdə Azərbaycanı hər şeydən öncə iqtisadi inkişafı, zəngin təbii ehtiyatları və mədəniyyəti ilə tanıyırdılar. Müstəqillik dövründə isə bu məqam sistemli siyasi kurs formasını aldı. Artıq Azərbaycan bu xətti davamlı surətdə reallaşdırır və ciddi uğurlar əldə edib.
Yuxarıda qeyd etdiyimiz aspektdə daha bir əhəmiyyətli məqam Ulu Öndərin İslam dininə verdiyi önəmlə bağlıdır. Sovet dövründə ateizmə geniş yer verildiyi hamıya məlumdur. İslam dininə qarşı xüsusi qısqanclıq vardı. Belə bir şəraitdə Ulu Öndər dinimizi müdafiə edir və onun işlərimizə uğur gətirəcəyini də açıq bildirirdi. Deməli, o, qəlbinin dərinliklərində İslam dininə sidq-ürəklə bağlı idi. Buna Heydər Əliyev cəsarəti demək mümkündür. Məhz yüksək intellekt sahibi olmaqla yanaşı, möhkəm iradə və cəsarəti sayəsində Ümummilli Lider bütün mənalı ömrünü xalqının və Vətəninin inkişafına həsr edib. Müasir Azərbaycan tarixinin yaradıcısı kimi xalqımızın qürur mənbəyi olan bu əvəzedilməz şəxsiyyət əbədiyaşarlıq zirvəsinə ucalıb.
Ulu Öndərin öz Vətəni və xalqına, onun mədəniyyətinə və adət-ənənəsinə sıx bağlılığı müstəqil dövlət quruculuğu prosesində çox səmərəli nəticələr verdi. Fikrimizcə, iki dövrün ziddiyyətlərinin toqquşduğu bir məqamda Heydər Əliyevə düzgün yol seçməyə kömək edən amillər sırasında məhz sadalanan keyfiyyətləri də vurğulamaq lazımdır. Çünki SSRİ dağılandan sonra keçmiş sovet respublikalarında liberal demokratik əhval-ruhiyyə eyforik bir şəkil almışdı. Çoxları bu anlayışın tələsinə düşdülər.
Heydər Əliyev isə hər şeydən əvvəl müstəqil, demokratik, həm də güclü bir Azərbaycan qurmaq xəttini seçdi. Bunun üçün bəzi siyasətbazlar kimi, ideoloji əllaməliklə məşğul olmaq deyil, konkret olaraq sosial-mədəni və iqtisadi inkişaf kursu müəyyənləşdirib, onu həyata keçirmək lazım idi. Heydər Əliyev bu işin öhdəsindən yüksək ustalıqla gəldi. Bütün maneələrə baxmayaraq, enerji siyasəti reallaşdırıldı. “Əsrin müqaviləsi” bütün region üçün səmərə verməyə başladı. Bu prosesin qarşısını heç kəs ala bilmədi. İndi də həmin istiqamət Prezident İlham Əliyev tərəfindən ustalıqla inkişaf etdirilir. Unutmaq olmaz ki, bütün bu nemətlərin yaradıcısı Heydər Əliyevdir!
Bununla da postsovet məkanında yalnız Heydər Əliyev sovet dövrü ilə müstəqillik mərhələsinin bir-biri ilə toqquşan geosiyasi, hərbi, siyasi, iqtisadi və mədəni ziddiyyətlər xaosundan perspektivli çıxış yolu tapa bildi. O, faktiki olaraq nəzəri və praktiki səviyyədə universal fəlsəfi məntiq əsasında real səmərə verən inkişaf konsepsiyası hazırladı. Bu baxımdan Ulu Öndərin iki dövrün ziddiyyətlərinin həlli sahəsində təcrübəsi ciddi tədqiqat obyekti olmalıdır. Çünki bu, həm Heydər Əliyev irsidir, həm də mümkün səhvlərdən sığortalanmaq imkanıdır.
Xarici siyasət: ciddi dönüş nöqtəsi
Ulu Öndərin yuxarıda vurğuladığımız müstəqil dövlət quruculuğu kursu kontekstində ölkənin xarici siyasətini formalaşdırması xüsusi yer tutur. Azərbaycan balanslaşmış xarici siyasət yürütməklə həm ölkənin suverenliyini qoruya bildi, həm də sürətlə dəyişən qlobal geosiyasi şərtlərə çevik adaptasiya olunmaq şansı əldə etdi. Onu demək lazımdır ki, Heydər Əliyevdən əvvəlki dövlət başçıları bu istiqamətdə ciddi səhvlərə yol vermişdilər. Ümummilli Lider bir tərəfdən həmin səhvlərin yaratdığı fəsadları aradan qaldırdı, digər tərəfdən də dünya miqyasında Azərbaycanın müsbət imicini formalaşdırdı.
Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində böyük diplomatik addımlar atıldı. Heydər Əliyev düşmənin qarşısını aldı, torpaqların bir qismini azad etdi və paralel şəkildə Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Ulu Öndər iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Dağlıq Qarabağla bağlı həqiqətlərdən bəhs edir və insanlara real vəziyyəti anladırdı. Onun bu sahədəki fəaliyyətinin ciddi rolu oldu. BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı 4 qətnamə qəbul etdi. ATƏT məsələ ilə əlaqədar daha fəal işləməyə başladı. Lakin təəssüf ki, Qərbin ikili standartlar siyasəti həlledici addım atmağa imkan vermir. Həmin vəziyyət indiyə qədər davam edir. Buna baxmayaraq, bütün dünya Dağlıq Qarabağın əzəli Azərbaycan ərazisi olduğunu qəbul etməkdədir.
Heydər Əliyevin ölkənin ərazi bütövlüyünün bərpa edilməsi müddəasını xarici siyasətin prioriteti kimi müəyyənləşdirməsi Azərbaycan diplomatiyasının bu sahədə fəallığının yüksəlməsinə təkan verdi. Məhz Ulu Öndər Azərbaycan-Rusiya münasibətlərinin yeni səviyyəyə qalxması üçün ciddi addımlar atdı. Böyük dövlət olan Şimal qonşumuzla bütün sahələrdə əməkdaşlığın çox böyük əhəmiyyəti var. Rusiya Dağlıq Qarabağ probleminin ədalətli həllində də təsirli rol oynaya bilər. İndi müşahidə edilən hadisələr onu göstərir ki, Heydər Əliyev Rusiya istiqamətində olduqca ağıllı bir siyasi xətt seçmişdir. Prezident İlham Əliyev də həmin kursu dönmədən həyata keçirir.
Ulu öndər Heydər Əliyev Azərbaycanın İran siyasətində də keyfiyyət dəyişiklikləri etdi. Tehranla əlaqələr qarşılıqlı səmərəli əməkdaşlıq müstəvisinə keçdi. Dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan sazişlər iki ölkə arasında beynəlxalq normalara uyğun münasibətlər formalaşdırmaq imkanı yaratdı. İndi İran Azərbaycanın sıx əməkdaşlıq etdiyi ölkələrdən biridir və bu əməkdaşlığı daha da inkişaf etdirmək imkanları mövcuddur.
Heydər Əliyev Qərb istiqamətində siyasəti çox müsbət bir məcraya yönəldə bildi. ABŞ və Avropa ilə əməkdaşlıq genişləndi və Azərbaycanın milli maraqları nəzərə alınmaqla inkişaf etdirildi. Bir sıra beynəlxalq təşkilatlarda məzmunlu nitqi ilə Qərb siyasətçilərinə Azərbaycan həqiqətlərini ustalıqla çatdıran Heydər Əliyev ölkənin geosiyasi imicini formalaşdırdı. İndi Qərb dövlətləri Azərbaycanın əsas tərəfdaşları sırasındadırlar. Onlar ikili standartlara son qoysalar, bu istiqamətdə çox ciddi irəliləyişlərə nail olmaq mümkündür.
Bütün bunlarla yanaşı, Ulu Öndər Türkiyə ilə də münasibətlərin inkişafına xüsusi önəm verirdi. “Bir millət, iki dövlət” tezisini irəli sürən Heydər Əliyev bütün sahələrdə iki dost, qardaş ölkənin sıx əməkdaşlığının təmini üçün əlindən gələni etmişdir. Bu zaman o, Azərbaycanın müstəqil dövlət kimi maraqlarının qorunmasına böyük əhəmiyyət verirdi. Onun yuxarıda qeyd etdiyimiz tezisində də “iki dövlət” ifadəsi təsadüfi deyildir. Bununla Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi olacağına inamını ifadə edirdi. Ankara da Ulu Öndərin bu istiqamətdə yeritdiyi siyasətə həmişə dəstək verib. İndi Türkiyənin rəhbərləri Azərbaycan bayrağı ilə türk bayrağının əbədiyyən qoşa olacağından bəhs edirlər. Heç şübhə yoxdur ki, iki dövlət arasındakı bu cür isti, yaxın, dünyada analoqu olmayan münasibətlərin təməlində Ulu Öndərin xarici siyasət kursu dayanır. Bunu Ankara da dəfələrlə etiraf edib.
Regional liderlik: enerji siyasəti və multikultural düşüncə işığında
Xarici siyasətdə əldə edilən bu nailiyyətlər Azərbaycanı regionun liderinə çevirdi. Ölkə bütün sahələrdə islahatlar aparmaq imkanı əldə etdi. Enerji siyasəti isə daha da inkişaf edərək yeni məzmun çalarları kəsb etməyə başladı. Azərbaycan Türkiyə və Gürcüstan ilə əlaqələri yüksək səviyyəyə çatdıraraq Cənubi Qafqazda sabitliyin, iqtisadi inteqrasiyanın bərqərar olması naminə xeyli fəallıq göstərdi. Azərbaycanın həmin istiqamətdə təşəbbüsləri bu gün də uğurla davam edir.
Bütün bunların əsasını məhz Heydər Əliyev qoyub. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi bu dahi insanın qətiyyətli mövqeyi, uzaqgörənliyi sayəsində reallığa çevrilib. Heydər Əliyevin bu layihələri hansı çətinliklər hesabına reallaşdırdığı hamıya məlumdur. Həmin dövrdə müəyyən siyasi dairələr əlavə şərtlər qoydu, bəzi hallarda isə qorxub geri çəkilmək istədilər. Heydər Əliyev isə böyük siyasi iradə və diplomatik ustalıqla bütün bunların qarşısını aldı. Hamını inandırdı ki, Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri dünyanın geosiyasi xəritəsini dəyişəcək. Ulu Öndərin bu uzaqgörənliyini indi dünyanın ən böyük dövlətlərinin başçıları belə qibtə ilə xatırlayır və yüksək qiymətləndirirlər.
Həmin məqam yazının əvvəlində qlobal geosiyasi nizamla bağlı vurğuladığımız ziddiyyətli meyllər baxımından xüsusi əhəmiyyət daşıyır. Hiss edilir ki, dünyanın Heydər Əliyev kimi liderə ehtiyacı var. İndi təmkinli və ağıllı siyasət qlobal miqyasda müşahidə edilən mənfi geosiyasi meyllərin qarşısını ala bilər. Ulu Öndər regional səviyyədə qarşıdurmanın aradan qaldırılması üçün konkret sosial-iqtisadi, energetik və diplomatik addımlar atdı.
Sonralar bu istiqamətdə fəaliyyət genişləndirildi. İndi Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsi böyük bir geosiyasi məkanda qarşılıqlı faydalı əməkdaşlıq xəttinin təmin edilməsi üçün yararlı ola bilər. Regionda həyata keçirilən bütün irimiqyaslı infrastruktur layihələri, o cümlədən “Cənub qaz dəhlizi”nin uğur qazanması aparılan siyasətin məntiqi nəticəsi olmaqla bütövlükdə regionun rifahına və təhlükəsizliyinə xidmət edir.
Buna paralel olaraq, Azərbaycan rəhbərliyi mədəniyyətlər və dinlər arasında dialoqun gerçəkləşməsi sahəsində ciddi işlər görür. Təşkil edilən çoxlu sayda beynəlxalq tədbirlər Azərbaycanın səmimi niyyətlərindən və birləşdirici məqsədlərindən xəbər verir. Unutmayaq ki, həmin prosesin mənbəyində məhz Heydər Əliyevin yaratdığı siyasi-ideoloji kurs dayanır. Burada biz həmin məqamın üzərində bir qədər geniş durmağa ehtiyac görürük.
Ümummilli Lider daim həm milli dəyərlərin qorunması zərurətini vurğulayır, həm də başqa mədəniyyətlərə açıq olmağı tövsiyə edirdi. Azərbaycançılıq konsepsiyasının məzmununda Ulu Öndər həmin özəlliyə xüsusi yer vermişdi. O, yeni əsr və üçüncü minilliyin gəlişi ilə bağlı Azərbaycan xalqına müraciətində hər bir azərbaycanlının öz milli adət-ənənələrinə sadiq olması ilə yanaşı, dünya mədəniyyəti incilərinə də yiyələnməyin vacibliyini vurğulamışdı.
Konkret deyilsə, Heydər Əliyev fərqli mədəniyyətlərin yanaşı yaşaması, sivilizasiyalar arasında dialoqun formalaşdırılması və hər bir fərdin milli ilə beynəlmiləli özündə ehtiva etməsi zərurətini həmişə önə çəkirdi. Ulu Öndərin aşağıdakı fikirləri indi də öz aktuallığını saxlamaqdadır: “Biz Azərbaycanda demokratik respublika quraraq, sivilizasiyalararası cəmiyyət uğrunda mübarizə apararaq, ümumi dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından istifadə olunarsa, Azərbaycan həm tam müstəqil dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq”.
Yuxarıda vurğuladığımız kontekstdə azərbaycançı olmaq milli ilə bəşərinin optimal sintezinə nail olmaq anlamını verir. Azərbaycançılıq dövlətçilik şüurunun dinamik inkişafını, öz tarixi keçmişinə dərin hörməti və adət-ənənələrin qorunub saxlanmasını nəzərdə tutur. Bu kontekstdə Heydər Əliyev ana dilimizin – Azərbaycan dilinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirirdi. Bu məsələ indi də aktualdır. Prezident İlham Əliyev AMEA-nın 70 illik yubiley tədbirindəki nitqində dövlət dilinin saflığının qorunmasının, onun daha da inkişaf etdirilməsinin vacibliyini bir daha qeyd edib. Bunlarla yanaşı, fərqli mədəniyyəti əxz etməyin vacibliyini də yaddan çıxarmaq olmaz.
Bu strateji yanaşma çərçivəsində Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasını, onların müasir dünyanın tələbləri səviyyəsində tərbiyə olunmasını tövsiyə edirdi. Ulu Öndər bu istiqamətdə də konkret addımlar atdı. Diasporun formalaşmasında, fəaliyyət istiqamətlərinin müəyyənləşməsində onun əvəzsiz tarixi xidmətləri var. Tərəddüd etmədən Azərbaycan diasporunu Heydər Əliyevin əsəri hesab edə bilərik.
Bu deyilənlərdən aydın görünür ki, Ulu Öndər multikultural düşüncə tərzinə böyük önəm verirdi. Onun həyata keçirdiyi daxili və xarici siyasətin məzmununda həmin məqam ciddi yer alırdı. Təsadüfi deyil ki, azərbaycançılıq ideologiyasının təməlində duran prinsiplərdən biri məhz multikulturalizmdir. Azərbaycanın müstəqil dövlət kimi bu xətti daim inkişaf etdirəcəyinə şübhə yoxdur.
Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi siyasi kursu inamla davam etdirir. Xüsusilə, sürətlə yeniləşən geosiyasi və sosial-iqtisadi şərtlər daxilində çevik qərarlar qəbul etmək lazım gəlir. Təcrübə göstərir ki, Azərbaycan Prezidenti dövlətin müstəqillik kursunu qətiyyətlə həyata keçirir. Eyni zamanda, Heydər Əliyev dahi şəxsiyyət kimi misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Bu böyük insan öz xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş ən böyük azərbaycanlıdır.
Ulu Öndər deyirdi: “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə – bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur”. Bu səbəbdəndir ki, heç zaman Azərbaycanı Ulu Öndərsiz təsəvvür etmək mümkün olmayacaqdır. Onun fikirlərinə, tövsiyələrinə və nümunəvi davranışına daima ehtiyac olacaqdır.
Nəhayət, bəlkə də müsəlman dünyasının indiki qədər Heydər Əliyev kimi liderə ehtiyacı olmamışdı. İslam aləminin imicini xilas etmək bütövlükdə bəşəriyyəti bəlalardan qurtarmaq deməkdir. Heydər Əliyev dünya miqyasında imzası olan siyasətçidir. Azərbaycan bu imza ilə fəxr edir!

Tags:  Lider şəxsiyyət təkrarolunmaz Heydər Əliyev nümunəsi


RƏYLƏR


Top news