Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məmmədrza Şeyxzamanov − 100 (FOTO)

Məmmədrza Şeyxzamanov − 100 (FOTO)

Date: 11 December 2015 15:43

Bakı. Trend:

Dekabrın 15-də Dövlət Film Fondunda Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktyoru Məmmədrza Şeyxzamanovun 100 illik yubiley tədbiri keçiriləcək.

Fonddan Trend-ə verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçiriləcək.

Tədbir görkəmli sənətkarın kino fəaliyyətinə həsr olunub.

Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli teatr və kino aktyoru Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə anadan olub. Varlı ailədə göz açıb böyüdüyü üçün ata-baba mülkləri əllərindən alınıb, gənc aktyor Məmmədrza ailəsi ilə birgə Qazaxıstana sürgün edilib. Ağır sürgün həyatından sonra Gəncəyə qayıdan M.Şeyxzamanov bir müddət Gəncə Dövlət Dram Teatrında fəaliyyətini davam etdirib, 1954-cü ildə rejissor A.İsgəndərovun dəvəti ilə Bakıya gələrək Azərbaycan Dövlət Akademik Dram Teatrında ömrünün sonuna kimi işləyib.

M.Şeyxzamanov teatrda müxtəlif tamaşalarda oynamaqla yanaşı, kinoda da filmlərə çəkilir, radio və televiziyada çıxış edirdi. O, kinoda ilk dəfə "Bəxtiyar" musiqili kinokomediyasında çəkilmiş və professor Rəcəbov rolunu ifa edib. Bundan sonra "Qızmar günəş altında" filmində Əmir, "Bir qalanın sirri" film-nağılında Həkim Eldostu, "Onu bağışlamaq olarmı?" melodramında polkovnik Qurbanov, "Leyli və Məcnun" film-dastanında pirani dərviş, "Böyük dayaq"da raykom katibi Şərifoğlu və s. filmlərdə irili-xırdalı rollarda oynayıb.

"Əhməd haradadır?" kinokomediyasındakı Şirin kişi, "Liftçi qız"dakı rəssam, "Gilas ağacı"ndakı Qulam baba, "Nəsimi"dəki Şeyx Əzəm, "Tütək səsi"ndəki İsfəndiyar kişi, "Qızıl uçurum"dakı Qurban kişi M.Şeyxzamanovun ən maraqlı kino işləridir.

Xalq artisti M.Şeyxzamanov 1984-cü ildə 69 yaşında vəfat edib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Məmmədrza Şeyxzamanov 100 FOTO

RƏYLƏR


Top news