Erkən nikahla bağlı uşaqların fikirləri öyrənilib

Erkən nikahla bağlı uşaqların fikirləri öyrənilib
16:28 11 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 16-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, konfransdan əvvəl uşaqların erkən nikahla bağlı fikirlərinin öyrənilməsi, həmçinin onların iştirakı ilə müzakirələrin aparılması məqsədilə “Dalğa Plaza”da UNICEF-lə birgə tədbir keçirilib.
Tədbirdə komitə tərəfindən uşaq hüquqlarının müdafiəsi istiqamətində Bakı şəhərinin rayonları üzrə təşkil edilmiş təlimlərdə öz fəallığı ilə fərqlənmiş 35 uşaq iştirak edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva tədbiri giriş sözü ilə açaraq uşaqları salamlayıb, erkən nikahların qarşısının alınması məsələsinin aktuallığını vurğulayıb.
UNICEF-in uşaq və yeniyetmələrin inkişafı üzrə mütəxəssisi Aida Ailarova Komitənin bu sahədə göstərdiyi fəaliyyəti yüksək qiymətləndirib. O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNİCEF-in bu istiqamətdə əməkdaşlığının əhəmiyyətini qeyd edib.
Daha sonra uşaqlarla “Erkən nikahların əsas səbəblərinin təhlili”, “Erkən nikahların qarşısı necə alına bilər? Kimin hansı rolu var?” mövzularında qrup işləri aparılıb. Uşaqlar mövzuları qruplar üzrə işləyib öz fikir, təklif və tövsiyələrini bildiriblər. Qrup işlərinin təqdimatını Komitənin sədr müavini A.Sofiyeva, UNICEF-in ölkə nümayəndəliyinin rəhbəri Andro Şilakadze və UNICEF-in ölkə nümayəndəliyinin rəhbərinin müavini Nafisa Şafik dinləyiblər. Təklif və tövsiyələr ümumiləşdirilərək təqdimat şəklində iki uşaq tərəfindən konfrans zamanı təqdim ediləcək.
Tədbirdə, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondunun birgə apardığı onlayn sorğunun nəticələri də təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Erken_nikahla_bagli_usaqlarin_fikirleri_oyrenilib-910385

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR