Elxan Ələsgərov: Böhranların Azərbaycana təsir etməməsi üçün insanların birliyi vacibdir (VİDEO)

Elxan Ələsgərov: Böhranların Azərbaycana təsir etməməsi üçün insanların birliyi vacibdir (VİDEO)
16:48 11 Dekabr 2015
23 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend:

Hazırda dünya dövlətlərinin daxilində böhranlı vəziyyətlər yaradılır. Bunu Trend-ə "Baku Network" Ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.

Dünyada gedən son prosesləri şərh edən E.Ələsgərov qeyd edib ki, yaradılan böhranlar nəticəsində bəzi ölkələrdə vətəndaş müharibələri baş verir və idarəçilik itirilir. Bu isə dağıntı, ölüm və onlarla qaçqın ordusunun yaranmasına gətirib çıxarır. Ekspert bu cür böhranların Azərbaycanda da baş verməməsi üçün insanları birliyə çağırıb və qlobal bəladan sığortalanmaq üçün bir sıra tövsiyələr verib: “Nə etməliyik ki, Azərbaycanı bu bəladan qoruya bilək? Azərbaycanda da son zamanlar bəzi hadisələr baş verdi. "Günəşli" yatağında faciədə insanlarımız itki düşdü. İşğal olunmuş ərazilərimizdə hər gün toqquşmalar baş verir, nazirliklərdə bəzi xoşagəlməz hallar yaşanır. Bizim azərbaycanlı olaraq vətənpərvərliyimiz nədən ibarətdir? Niyə bir sıra hadisələrdə bəzi insanların, bizim həmvətənlərimizin, soydaşlarımızın hərəkətində vətənpərvərlik anlayışı bəzən ortalığa çıxmır, özünü büruzə vermir? Bu nədən irəli gəlir? Əlbəttə ki, Azərbaycan xalqının, Azərbaycan millətinin formalaşmasının əsas səbəbi onun yaşadığı coğrafiyadır. Azərbaycanlılarda ayrı-ayrı dini, etnik və sosial amillərdən, fərqli-fərqli kütlələrdən formalaşmış xüsusiyyətlər var. Ona görə də dünyada gedən xoşagəlməz proseslərdən sığortalanmaq üçün ölkəmizdə bu hadisələrə qarşı mübarizə getsə də, bu mühafizəni biz hamımız bir vətəndaş kimi öz içimizdə başlamalıyıq. Məncə, biz bir-birimizə olan münasibətdə və ölkəmizə, Ana Vətən Azərbaycana qarşı münasibətdə dəyişikliklər etməliyik və dəyişikliklər edə bilərik. Nədir bu dəyişikliklər? Məişətdə bir-birimizə qarşı daha az aqressiv olmalıyıq, ölkəmizə qarşı, Azərbaycana qarşı, onun ekologiyasına qarşı qəddar olmamalıyıq. Uşaqlarımıza daha yaxşı təhsil verməliyik”.

İnsanlardakı aqressiyanın qarşısını almaq üçün mənəviyyatın daha yüksək pilləyə qaldırılmalı olduğunu deyən E.Ələsgərov qeyd edib ki, burada medianın da üzərinə böyük yük düşür. Onun sözlərinə görə, bəzi media orqanları hansısa dövlətin mənafeyini qoruyur. Eyni zamanda Azərbaycanı lazımi dəyərləndirmədən, Azərbaycanın mənəviyyatını dərindən anlamadan yazılar dərc edirlər.

Ekspert şurasının rəhbəri Azərbaycan vətəndaşlarının xaricə getməsi məsələsinə də toxunaraq qeyd edib ki, başqa qanunlarla yaşamaq sonradan çətin olur: “Kiminsə xaricə getməsi ilə Azərbaycan guya böyük bir şəxsi itirir. Uzun müddət xaricdə yaşayan, ömrümün 25 ilini xaricdə keçirən bir insan kimi qeyd etmək istəyirəm ki, bu insanlar xaricə getməklə heç də firavan yaşayış əldə edə bilmirlər. Çünki xaricin, ən inkişaf etmiş ölkənin öz qaydaları var. Yaşamaq tərzi var, psixologiya var, başqa qaydalar var, başqa şərait var, başqa qanunlar var. Bu qanunlar çərçivəsində Azərbaycanda doğulmuş insan üçün sonradan orada yaşamaq bir əzaba çevrilir".

E.Ələsgərov vurğulayıb ki, indi dünyada psixoloji müharibələr gedir: "Psixoloji müharibə nədir? Yəni məqsədyönlü şəkildə ölkələri alçaldırlar, tarixini saxtalaşdırıb, insanlarını dilsiz, ağılsız etmək istəyirlər. Biz azərbaycanlılar dilsiz, ağılsız, tarixsiz insanlar deyilik. Bizim xalqımız, tariximiz qədimdir. Azərbaycan ərazisində yaradılan nemətlər var. Abidələr bunu sübuta yetirir. Bizdə saraylar varsa, demək, bizdə hakimiyyət olub. Bizdə qalalar varsa, demək, bu ölkəni qoruyanlar olub. Bizim tariximiz çox qədimdir. Mən bunu təkrarlamaqla yenilik açmıram, sadəcə bildirmək isəyirəm ki, bunu uşaqlarımıza, gənclərimizə və hətta yaşlı nəsilə dəfələrlə təkrar eləməliyik. Bunları qeyd edərkən başqa bir mövzuya toxunmaq istəyirəm ki, biz Azərbaycanda yaşayan xalqların ənənəsini qəbul etməli və buna sevinməliyik. Biz bir-birimizi görüb sevinməsək, bir-birimizə yol verməsək, bir-birimizə salam verməsək, əlbəttə ki, dünyadakı hadisələr bizə mənfi təsir göstərə bilər”.

Fəlsəfə elmləri doktoru dünyadakı böhranların nəzərə alınmasına və ziyalıları bu mövzuya daha ciddi yanaşmağa çağırıb. Onun fikrincə, başqa xalqlar bu cür hadisələrə filmlər həsr edir, canfəşanlıq edir, maliyyə tapırlar: "Çox təəssüf ki, bizim ziyalılardan, onların qələmlərindən çox az əsərlər çıxır. Uzağa getməyək, götürək “Günəşli” yatağındakı hadisəni. Orada dənizçilər, xilasedicilər və neftçilər tərəfindən göstərilən qəhrəmanlıq yeni əsərlərin təməlini qoymalıdır. Çünki dəhşətli bir tufanda, dəhşətli bir hava, iqlim şəraitində bu insanlar əl uzadıb bir-birilərinin xilas edirdilər. Bu yolda canlarından keçirdilər. Gəlin bu hadisələri, bizim qəhrəmanları unutmayaq. Onlar haqqında yazaq. Çünki biz onların hərəkətlərinə qiymət verməsək, əlbəttə ki, gələcəkdə gözükölgəli olacağıq. Hansısa bir hadisə olanda qəhrəmanları xatırlamayacağıq. Amma onlar var. Bunun yaradıcısı Azərbaycan xalqıdır”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2468487.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR