"Taleh Bağırov kimilərinin dini məkrli niyyətlərə alət etməsi ucbatından Nardaranda gərginlik yaşandı"

"Taleh Bağırov kimilərinin dini məkrli niyyətlərə alət etməsi ucbatından Nardaranda gərginlik yaşandı"
16:52 11 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadənin APA-ya müsahibəsini təqdim edir.

- Son günlər "Günəşli" qaz yatağında baş verən faciə də daxil olmaqla ölkə gündəmi gözlənilməz hadisələr yaşayır. Bir dini xadim olaraq cəmiyyətə çağırışınız nədən ibarət olar?

- Bismillahir-rəhmanir-rəhim! Uca Allahın rəhmətinə sığınaraq dünyamızda baş verən hadisələri qəzavü-qədər kimi dəyərləndirməliyik. Hər gün yer üzünün müxtəlif nöqtələrində onlarla təbiət hadisəsi, ekoloji fəlakətlərin, habelə faciələrin şahidi oluruq. Bütün bunlar bəşər övladının təbiətə, dünyanın düzəninə bu və ya digər şəkildə təsirinin də nəticəsidir. Allah-Təalanın yaratdığı nizamın qorunması baxımından, insan hər bir imtahanı növbəti sınaq kimi qəbul edərək, Uca Yaradanın mərhəmətinə sığınmalı, səbr, dəyanət göstərməli, daha təqvalı olmalıdır. "Günəşli" yatağındakı neft platformasında baş vermiş yanğınla əlaqədar həyatını itirən neftçilərə Uca Allahdan rəhmət diləyir, onların ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa arzu edirəm. Mənim göstərişimlə cümə günü paytaxt Bakıda və respublikamızın bütün bölgələrindəki məscidlərdə faciə qurbanlarının xatirələri yad olunub, onların ruhları üçün Quran oxunub, dualar edilib. Allah Vətənimizi hifz etsin!

- Bu ilin sonuna yaxın müxtəlif ölkələrdə ardıcıl olaraq beynəlxalq dini tədbirlərə qatıldınız, regionda və dünyada dini müstəvidə yaşanan gərginliyi nəzərə alaraq QMİ rəhbəri kimi hansı müzakirələrin iştirakçısı oldunuz?

- Bu il də QMİ-nin beynəlxalq əlaqələri baxımından zəngin, məhsuldar oldu. Dünyanın müxtəlif bölgələrində keçirilən tədbirlərdə dünyanı narahat edən problemlərin mənəvi cəhətdən dəyərləndirilməsinə dair ölkəmizin, dini mərkəz olaraq QMİ-nin mövqeyini ortaya qoyduq. Hər zaman olduğu kimi, beynəlxalq ictimaiyyətin diqqətini ölkəmizin ən mühüm problemi olan Qarabağ münaqişəsinin ədalətli həlli məsələsinə yönəltdik. Önəmli səfərlərin içərisində ABŞ, Türkiyə, Rusiya, xüsusən, Şimali Qafqaz respublikaları, İsveç, Livan, Qazaxıstan, Tacikistanın adlarını çəkmək istərdim. Hər səfərin özəl əhəmiyyəti olub. Məsələn, Moskvada iştirak etdiyim Forumda qlobal təhlükəsizliyə təhdid olan beynəlxalq terrorizmlə mübarizənin vacibliyinə diqqəti çəkdiyim halda, Livanda daha çox məzhəblərarası dialoq və əməkdaşlıq məsələləri gündəmdə idi. Əlbəttə, beynəlxalq əhəmiyyətli qurumlarda yüksək təmsilçiliyim bu baxımdan əhəmiyyətlidir. Moskvada MDB Dinlərarası Şurasının həmsədri kimi əsas məruzəçi kimi çıxış edirdimsə, Livanda Məzhəblərarası yaxınlaşma qurumunun təkrar seçilmiş aparıcı üzvü kimi fikirlərimi çatdırırdım. Moskvada Patriarx Kiril həzrətləri ilə görüşümdə hər zaman olduğu kimi, Qarabaq münaqişəsinin həlli məsələsini dinlərarası münasibətlər müstəvisində müzakirə etmişik. Məkkədə, Astanada, Düşənbədə, Ufada, Beyrutda çıxışlarımda dünyanı narahat edən radikalizm, ekstremizm, İŞİD təhlükələri ilə bağlı fikir və mülahizələrimi bildirmişəm. İslamofobiyanın acınacaqlı nəticələri barədə, İslam dininin adının terrorla yanaşı çəkilməsi əleyhinə ciddi iradlarımı Stokholmda, Nyu-Yorkda bildirmişəm. Əlbəttə, biz müxtəlif dinlərin və məzhəblərin dinc birgəyaşayışı və əlverişli əməkdaşlığına ən bariz nümunə kimi Azərbaycanın mövcud həyat tərzini, multikultural dəyərlərini dünyanın ən müxtəlif nöqtələrində örnək kimi təqdim və nümayiş etdirməkdən çox böyük qürur duyuruq. İştirak etdiyim bütün beynəlxalq tədbirlərdə Azərbaycanda dövlət-din münasibətlərinin yuksək səviyyəsini, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasətin bəhrəsi olan mənəvi həyatımızı, dövlət başçımız İlham Əliyevin dini sahəyə qayğısını, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dini irsimizlə bağlı həyata keçirdiyi dəyərli layihələri fəxarətlə təbliğ etmişəm.

- Bu yaxınlarda Bakının Nardaran qəsəbəsində daha bir gərginlik yaşandı. Hərçənd dəfələrlə orada toylarda və məscidlərdə dini bayraqların, başqa ölkənin atributlarının nümayiş olunması xəbərlərinə rastlansa da, belə reaksiya verilmirdi. Hadisələrin pik nöqtəyə çatmasını nə ilə əlaqələndirirsiniz?

Mən Nardaranda başqa dövlətin atributlarını heç vaxt görməmişəm.

- Biz elə həmin gün bu hadisə ilə bağlı bəyanat verdik və baş verənləri birmənalı şəkildə dövlət çevrilişinə cəhd və terror hadisəsi kimi qiymətləndirdik. Bir daha xidməti vəzifəsini həyata keçirərkən şəhid olmuş qanun keşikçilərinə - vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm. Onu deyim ki, mən Nardaranda başqa dövlətin atributlarını heç vaxt görməmişəm. Bu qəsəbədə, hələ sovetlər dönəmindən başlayaraq dini rəmzlərə ehtiramlı münasibət, xüsusən Məhərrəmlik zamanlarında olub. Ümumən, İmam Hüseynin (ə) qətlə yetirilməsinin, Kərbəla hadisələrinin yad edilməsi ilə bağlı əzadarlıq keçirilən bütün Azərbaycan məscidlərində hər zaman qara matəm atributlarından istifadə olunub. Doğrudur, dinə aid rəmzlər məscid və ziyarətgahlarda, onlara aid ərazilərdə olmalıdır. Nardaranda çoxlu əməlisaleh, mömin insan var. Çox heyfsilənirəm ki, Nardaran sakinlərinin səmimiyyətindən istifadə edərək qəsəbəyə nüfuz etmiş bəzi "din təəssübkeşləri" - Taleh Bağırov və onun kimilərinin dini siyasi məqsədlərə, məkrli niyyətlərə alət etməsi ucbatından Nardaranda gərginlik yaşandı.

- İranın bəzi din xadimləri hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi əməliyyat zamanı həlak olan aksiya iştirakçılarını şəhid, saxlananları "qəhrəman" , bütövlükdə bu hadisəni isə inqilab kimi xarakterizə ediblər. Buna münasibətiniz?

Hər iki tərəfdən qızışdırıcı mövqedən çıxış edənlərin fikri Azərbaycan və İranın rəsmi mövqeyini ifadə etmir.

- Bu məsələdə vacib əhəmiyyət kəsb edən məqamları önə çəkmək lazımdır. Qətiyyətlə bildirmək istəyirəm ki, bəzi qüvvələrin təxribatına heç bir vəchlə uymaq olmaz. Nardaranda keçirilən əməliyyatdan sonra İran dövlətinin ali rəsmilərindən Parlament sədri Əli Laricani bəyan etdi ki, bu, Azərbaycanın daxili işidir. İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin açıqlama verdi ki, bu məsələyə İranın heç bir aidiyyəti yoxdur. Əsas olan Azərbaycan və İran dövlətləri arasında dostluq, qardaşlıq, yaxın qonşuluq əlaqələridir ki, şükürlər olsun, bu baxımdan narahatlıq üçün heç bir əsas yoxdur. Azərbaycan rəsmilərindən ünsiyyətdə olduğum şəxslər də bu fikri vurğulayırlar ki, hər iki tərəfdən məqsədyönlü şəkildə dövlətlərarası münasibətlərə xələl gətirmək istəyən qüvvələr var. İran maraqlı ola bilməz ki, Azərbaycanda qarışıqlıq baş versin. Bizim ölkəmizdə sabitlik, sakitliyin olması İranın da marağındadır. Azərbaycan dövləti də, öz növbəsində, qonşu İranda sülh, sabitlik, tərəqqinin, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın tərəfdarıdır. Yaddan çıxarmamalıyıq ki, çox sayda İran vətəndaşı Azərbaycanın müstəqilliyi uğrunda, Qarabağ savaşlarında canından keçib, bu döyüşlərdə yaralanan azərbaycanlılar İranda müalicə olunublar. Ölkələr, xalqlarımız arasında xoş münasibətlərə zərbə dəyməsinə imkan vermək olmaz. Hər iki tərəfdən qızışdırıcı mövqedən çıxış edənlərin fikri isə dövlətlərimizin rəsmi mövqeyini ifadə etmir.

- Bu hadisələrdə həbs olunan Taleh Bağırovun bu yaxınlarda Azərbaycana gələn və sizin də qonağınız olan İranın tanınmış din xadimi Ayətullah-Üzma Şeyx Hüseyn Nuri Həmədani ilə sıx görüşləri və ölkədəki dini müstəvi ilə bağlı ona şikayətinin görüntüləri yayıldı. Bununla bağlı fikirlərinizi bilmək istərdik...

- Bəli, bu il Azərbaycana bizim dəvətimizlə İranın tanınmış, nüfuzlu din xadimi, Ayətullah məqamında möhtərəm şəxs səfər etdi. Belə bir nüfuzlu azərbaycanlı müctəhidin səfərinin təfərrüatları barədə dövlət rəhbərliyi məlumatlandırılmışdı. Layiqli şəkildə gerçəkləşən səfər zamanı Ayətullah-Üzma Şeyx Hüseyn Nuri Həmədani Şəhidlər Xiyabanını ziyarət etdi, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsini yad etdi, ruhlarına dualar oxudu. Bakıda Təzəpir, Bibiheybət, Heydər məscidlərində olub namaz qıldı. Təzəpir məscid kompleksində dindarlarla geniş görüş keçirdi. Bakı kəndlərində, Nardaran ziyarətgahında olarkən də Qarabağın azad olunması üçün dualar etdi. Gəncədə dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət etdi, habelə Gəncə İmamzadə kompleksi ilə tanış oldu, İrana qayıtdıqdan sonra Azərbaycan haqqında xoş sözlər dedi, görülən işlərə yüksək qiymət verdi. Bu, Azərbaycanın müstəqilliyi dövründə tarixi əhəmiyyətli və ilk dəfə bu səviyyədə həyata keçmiş səfərin önəmindən danışmaq vacibdir. Mən 93 yaşlı pirani şəxs - möhtərəm Ayətullah həzrətlərinin bizim dəvəti qəbul edərək Azərbaycana təşrif buyurmasını olduqca yüksək dəyərləndirir, bunu Azərbaycan xalqına və dövlətinə böyük ehtiramın təzahürü sayıram. Yeri gəlmişkən, bir məqama da toxunmaq istərdim - bəzi kütləvi informasiya vasitələri yanlış ictimai rəy formalaşdırmağa çalışaraq, dövlət çevrilişinə cəhdin qarşısının alınması ilə bağlı Taleh Bağırov və onun yaratdığı "Müsəlman birliyi" hərəkatının üzvlərinə qarşı həyata keçirilən əməliyyatları iranlı ali din xadiminin gəlişi ilə bağlamağa cəhd edir. Bu, həqiqətə uyğun olmayan məkrli dezinformasiyadır və qətiyyən yolverilməzdir.

- Nardaran hadisələri zamanı azyaşlıların da təhsildən yayınmasının, müxtəlif aksiyalarda iştirakının şahidi olduq. Uşaqların bu aksiyaların iştirakçısına çevrilməsinə, təhsildən yayınmasına münasibətiniz necədir?

- Müqəddəs dinimiz İslam hər zaman insanı təhsilə, elm, bilik öyrənməyə təşviq edir. Beşikdən qəbrədək oxumağı təlqin edən dinimiz, təbii ki, azyaşlıların təhsil almasını vacib buyurur. Uşaqların təhsil almasının təmini həm dövlət, həm də ailənin məsul vəzifəsidir.

- Bu yaxınlarda Azərbaycan parlamenti qanunvericilikdə dini müstəvi ilə bağlı bir sıra dəyişikliklər etdi. Bir sıra dairələr dərhal bunun Azərbaycanda İslam dininin boğulması, dini mərasimlərin məhdudlaşdırılması kimi qələmə verdi. Buna münasibətiniz necədir?

- Qanunvericiliyə edilən dəyişikliklər zərurətdən irəli gəlir. Qanundakı boşluqlar bunu zəruri edirdi. Dəyişikliklərin İslam dininə qarşı olduğu fikri ilə qətiyyən razı deyiləm. Azərbaycan dövləti dinin, islami dəyərlərin inkişafı, etiqad azadlığının həyata keçirilməsi üçün hər şey edir, şərait yaradır. Bunları danmaq naşükürlükdür. Digər tərəfdən, qanunvericilikdə edilən dəyişikliklər təkcə islam dininə aid məsələləri ehtiva etmir.

- Həmin dəyişikliklər xaricdə təhsil alan dindarların ölkədə rəsmi din xadimi kimi fəaliyyətini qadağan edir. Bu hansısa narahatlıq yarada bilərmi və Azərbaycanın özünün din xadimlərini yetişdirmək istiqamətində potensialı necədir?

Dövlətin dindarlara qayğısına, təhlükəsizliyimizlə bağlı atılan addımlara kölgə salmaq cəhdləri yolverilməzdir.

- Qanuna edilən dəyişikliklərlə bağlı Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri hörmətli Mübariz müəllim Milli Məclisdə də qeyd etdi ki, qanunun geriyə qüvvəsi yoxdur. Yəni, indiyədək xaricdə dini təhsil alanlardan istifadə ediləcək. QMİ-nin razılığı ilə onlar təhsil və digər sahələrə cəlb oluna bilərlər. Onların vaxtilə xaricdə dini təhsil almasını sovetlər dönəmində yaranmış şəraitsizlik səbəbindən bu sahədəki boşluq şərtləndirirdi. Hazırda bizim özümüzün dini təhsil sahəsində potensialımız kifayət qədərdir və bunun daha da təkmilləşməsi üzərində iş gedir. İndi bizim nəinki öz gənclərimizə, hətta ölkə xaricindən bura təşrif buyuracaq şəxslərə dini təhsil vermək üçün yetərli bazamız formalaşıb. Bakı İslam Universitetinin bazası, kadr potensialı buna imkan verir. Universitetdə püxtələşmiş, yüksək ixtisaslı müəllimlər var. Dövlətin dəstəyi ilə bu təhsil ocağının maddi-texniki bazasının daha da möhkəmləndirilməsi və pulsuz təhsilə keçməsi üzərində iş gedir. QMİ-nin təsis etdiyi Bakı İslam Universiteti ölkəmiz üçün din xadimlərinin yetişdirilməsi vəzifəsini həyata keçirmək iqtidarındadır. Ümumən, bulanıq suda balıq tutmaq sevdası ilə hərəkət edənlər son günlər qanunvericiliyə edilən dəyişikliklər məsələsini cəmiyyətdə dinlə dövlət arasında qarşıdurma müstəvisinə keçirməyə cəhd edirlər. Guya hansısa dini mərasimlərin qadağan olunması ilə bağlı şayiələr yayırlar. Dini komitə bununla bağlı açıqlama verdi. Mən də öz tərəfimdən bildirirəm ki, Azərbaycanda Aşuranın və ya hər hansı dini mərasimin qadağan edilməsi haqda yayılan məlumatlar əsassızdır. Dövlətin dindarlara qayğısına, təhlükəsizliyimizlə bağlı atılan addımlara kölgə salmaq cəhdləri yolverilməzdir.

- Nardaranda yalnız bir məscid QMİ-yə tabedir. Ölkə üzrə belə məscidlər varmı və hansılardır?

- Burada dəqiqləşdirməyə ehtiyac var. Söhbət tabeçilikdən deyil, dövlət qeydiyyatından keçməkdən gedir. Bəzi məscidlər isə təkrar qeydiyyatdan keçmə mərhələsini adlamayıb. Azərbaycanda sovetlər dönəmindən bağlı qalan, anbara çevrilən xeyli sayda məscid var ki, getdikcə bərpa olunur, icmaları yaradılır. 800-ə yaxın məscidin icmalarının dövlət qeydiyyatına alınma prosesi həyata keçirilib. Bu işlər gələcəkdə də davam etdiriləcək. Fürsətdən istifadə edərək, kütləvi informasiya vasitələrinin təmsilçilərinə üzümü tutmaq istərdim. Arzu edirəm ki, Azərbaycanda milli vəhdət, mənəvi birliyimiz naminə KİV nümayəndələri hər zaman daha diqqətli və təəssübkeş olsunlar. Vətəndaşlıq borcunu, Vətən məhəbbətini, xalqımızın mənafe və maraqlarını hər şeydən üstün tutsunlar. Mənəviyyatımızın, milli-mənəvi, dini dəyərlərimizin qorunması, inkişaf etdirilməsi işinə öz töhfələrini əsirgəməsinlər. Müqəddəs dinimiz İslamın haqsız yerə adının terrorla yanaşı çəkilməsi kimi hallara qarşı daha obyektiv yanaşma nümayiş etdirsinlər. Hörmətli Əli Həsənovun bu yaxınlarda media ilə bağlı səsləndirdiyi fikirləri dəstəkləyirəm. KİV yoxlanılmamış, dəqiq, səhih olmayan məlumatları yaymaqla nüfuz qazana bilməz. Əvəzində, məsələn, dini sahə kimi həssas müstəvidə xoşagəlməz təzahürlərə yol aça bilər. "Qələm müqəddəsdir" buyurur muqəddəs Kitabımız Qurani-Kərim. Onun müqəddəsliyini heç zaman unutmayın!

Bu günlər Peyğəmbər Salavatullahın, eyni zamanda, Ulu Öndərimizin vəfat günlərinə təsadüf edir. Allah-Təala Peyğəmbər Salavatullahı başda olmaqla bütün Əhli-Beytə, şəhidlərə, dünyadan gedənlərə, xüsusən, Ulu Öndər Heydər Əliyevə və onun xanımına rəhmət eləsin! Heydər Əliyev həzrətlərinin Azərbaycan Prezidenti kimi Peyğəmbərimizin Mövlud günündə məscidə ayaq basmasını xatırlayıram. Aşura günündə dindarlarla məsciddə görüşdüyü gün xatirimdən silinməz. Qarşıda Peyğəmbər Salavatullahın Mövludu yaxınlaşır. Vəhdət həftəsini yaşayacağıq. Qoy Uca Allah Peyğəmbərimizə (S) xatir vəhdətimizi daimi qərar versin, inşallah!

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR