Bakıda vergidən yayınanlara qarşı tədbirlər görülür

Bakıda vergidən yayınanlara qarşı tədbirlər görülür
16:58 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti və Bakı Vergilər Departamenti tərəfindən 10.12.2015-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şosesi, 54 ünvanda yerləşən, fiziki şəxs Quliyev Emin Vahid oğlunun şirniyyat və digər un məmulatlarının istehsalı ilə məğul olduğu, ümumi sahəsi 120 kv.m. olan obyektdə operativ nəzarət tədbirləri keçirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbir zamanı obyektdə üzərində vergiödəyicinin soyadı, adı, atasının adı, şəxsiyyəti eyniləşdirmə nömrəsi (VÖEN) və malın saxlanma müddəti barədə məlumatlar yazılmış etiketlər olan 151 ədəd müxtəlif ölçülü paketlərdə qablaşdırılmış makaron məmulatları, 233 qutu müxtəlif növ şirniyyat məhsulları, 67 kisə un, 2 kisə şəkər, 3 ədəd 5 litrlik qablarda bitki yağı və digər xammal aşkar edilib, istehsal sobalarının istifadəyə hazır vəziyyətdə olduğu müəyyən edilib.

Həmin gün Bakı şəhəri, Sabunçu rayonu, Daş karxanası ərazisində yerləşən, fiziki şəxs Əliyev Nahid Tapdıq oğlunun un məmulatlarının istehsalı ilə məşğul olduğu, ümumi sahəsi 200 kvadratmetrə yaxın olan qeyri-yaşayış sahəsində keçirilmiş operativ nəzarət tədbiri zamanı obyektdə içərisində fiziki şəxsin adı və ona məxsus olmayan başqa bir VÖEN göstərilmiş etiketlər olan 864 ədəd sellofan paketdə “Ruskaya Korona” adı ilə qablaşdırılmış makaron, vermişel, əriştə məhsulları, eləcə də 63 kisə un aşkar edilərək, müvafiq qaydada rəsmiləşdirilib. Qeyd olunanlardan əlavə, vergiödəyicinin əmək qanunvericiliyini kobud şəkildə pozaraq, 6 nəfər fiziki şəxslə əmək müqaviləsi bağlamadan onları işlərin yerinə yetirilməsinə cəlb etdiyi də aşkar olunub.

N.Əliyevin 30.10.2012-ci il tarixdən, E.Quliyevin isə 17.01.2015-ci il tarixdən vergiödəyici kimi fəaliyyətlərini müvəqqəti olaraq dayandırmalarına baxmayaraq, aparılan araşdırmalar zamanı hər iki şəxsin faktiki olaraq sahibkarlıq fəaliyyətini davam etdirdiyi, gəlir əldə etdiyi, vergi orqanına bəyannamə təqdim etmədiyi və dövlət büdcəsinə vergi ödəmədiyi müəyyən olunub.

Aşkar edilmiş vergi hüquqpozmaları ilə yanaşı, sözügedən istehsal sahələrində sanitar-gigiyenik normalara da riayət olunmadığı, obyektlərin hər yerində antisanitariya şəraitinin hökm sürdüyü müşahidə olunub.

Hər iki vergiödəyicisinin istehsal və satış dövriyyəsini müəyyənləşdirmək üçün əhəmiyyət kəsb edən bir sıra qara mühasibatlıq sənədləri aşkar edilərək maddi sübut qismində götürülüb.

Paralel olaraq, həmin şəxslərin istehsal etdikləri malları müntəzəm olaraq alan bir qrup vergiödəyicilərdə də müvafiq tədbirlər keçirilib, adları yuxarıda göstərilən vergiödəyicilərə aid obyektlərdə istehsal olunaraq satışa verilmiş mallar nümunə kimi götürülüb və onlar arasında mal dövriyyəsinin həcmi müəyyən edilib.

Tədbir zamanı aşkarlanmış qanun pozuntuları müvafiq qaydada rəsmiləşdirilib, barələrində mövcud qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2468537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR