Son iki ayda muxtar respublikada 33 min 700-dək uşaq tibbi müayinələrdən keçirilib

Son iki ayda muxtar respublikada 33 min 700-dək uşaq tibbi müayinələrdən keçirilib
17:33 11 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 11 dekabr, AZƏRTAC
İcbari dispanserizasiyaya uyğun olaraq, 2015-ci ilin son iki ayında muxtar respublikada 33 min 698 uşaq tibbi müayinələrdən keçirilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu faktlar Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında pediatriyanın aktual problemlərinə dair keçirilən elmi-praktik konfransda səsləndirilib.
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Sona Məmmədova konfransda uşaqların sağlamlığının qorunmasına göstərilən dövlət qayğısından danışıb, gələcəyimiz olan uşaqların hər cür qayğı ilə əhatə olunduğunu bildirib.
Nazirliyin tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-pediatrı İbrahim Ağayev cari ildə uşaqlara göstərilən tibbi xidmətin vəziyyəti barədə məlumat verib. Bildirib ki, bu gün muxtar respublikada yaşayan əhalinin 126 min 187 nəfərini (29 faiz) 0-18 yaşa qədər uşaqlar təşkil edir. Onların icbari dispanserizasiyası, elektron sağlamlıq kartlarının verilməsi, məktəbyaşlı uşaqlarda ixtisas həkimləri tərəfindən dərin tibbi müayinələrin aparılması, həkim briqadalarının ucqar dağ kəndlərində uşaqları müayinə etmələri, idarəolunan yoluxucu xəstəliklərə qarşı peyvəndlərin vurulması və digər sağlamlıq tədbirləri daim diqqət mərkəzindədir. İdarəolunan yoluxucu xəstəliklərə qarşı profilaktika işi bu il daha da gücləndirilib, peyvəndlərin qrafik əsasında aparılmasına ciddi nəzarət edilib. Bu ilin noyabr ayında poliomielit turu uğurla aparılıb.
Qeyd olunub ki, uşaqlara xidmət edən tibb müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi, onların müasir tibbi avadanlıqlarla təchiz edilməsi pediatrik xidmət göstəricilərinin yüksəlməsinə səbəb olub. Belə ki, bu ilin doqquz ayında 4 min 900 uşaq doğulub, onlara lazım olan peyvəndlər vaxtında vurulub. İndiyədək 3 min 671 elektron sağlamlıq kartı alınaraq paylanıb.
“Muxtar respublikada ixtisaslı müayinə aparan bütün həkim briqadalarının fəaliyyəti daha da yaxşılaşdırılıb, onların tərkibinə pediatrlar daxil edilib”, – deyən İbrahim Ağayev vurğulayıb ki, ixtisaslı həkim briqadaları muxtar respublikanın ucqar, xüsusən sərhəd və pediatr olmayan bölgələrində 21 min 560 uşağa tibbi xidmət göstərib. Uşaqlar arasında zərərli vərdişlərin qarşısının alınması məqsədilə 25 tam orta məktəbdə maarifləndirici seminarlar keçirilib, radio, televiziya və mətbuatda uşaqlarda mövsümlə əlaqədar tez-tez rast gəlinən xəstəliklərə, onların profilaktikasına, uşaqların düzgün qidalanmasına dair çıxışlar edilib, məqalələr dərc olunub.
Sonra Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-neonatoloqu Günay Hüseynovanın “Yenidoğulmuşlarda hemorragik vəziyyət, müasir müalicə üsulları”, Naxçıvan Dövlət Universiteti tibb fakültəsinin V kurs tələbəsi Ülviyyət Cəfərovanın “Uşaqlarda anemiyalar, rastgəlmə tezliyi, profilaktikası və müalicəsinə müasir baxış” mövzularında məruzələri dinlənilib.
Məruzələr videosüjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Son_iki_ayda_muxtar_respublikada_33_min_700_dek_usaq_tibbi_muayinelerden_kechirilib-910417

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR