Siyasət olimpinə yol: Böyük ömrün anları FOTOKOMPOZİSİYA

17:33 11 Dekabr 2015
8 Digər
Ölkə mətbuatı
A- A+


Ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından 12 il ötür. Bu itki yalnız cismanidir. Mənən isə Heydər Əliyev yenə də xalqı ilə birlikdədir, öz parlaq ideyaları ilə yollarımızı işıqlandırmaqdadır. Qurduğu dövlət zamanın ən çətin sınaqlarına davam gətirə biləcək qədər güclü və qüdrətlidir. Ötən 12 il bu həqiqətləri dəfələrlə təsdiqləyib
Heydər Əliyev fenomeni təkcə bir məkanla, Azərbaycanla məhdudlaşmır.
Bəşər tarixində hələ sağlığında əfsanələşən şəxsiyyətlər barmaqla sayılacaq qədər azdır. Azərbaycan xalqı xoşbəxtdir ki, bu sırada dünyanı heyran qoyan Heydər Əliyev də var. Bu dahi şəxsiyyət haqqında dünya miqyasında tanınan məşhur simalar – dövlət xadimləri, siyasətçilər, alimlər, yazıçı və şairlər indinin özündə də böyük heyranlıqla, ehtiramla danışırlar. Heydər Əliyev siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, dəmir iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir.
O, siyasət olimpini fəth etmiş nadir insanlardandır. Zirvəyə yol ötən əsrin 70-ci illərindən başlayıb, Azərbaycanı XX əsrdən XXI əsrə adladıb. Heydər Əliyev zəkası həqiqətən məkan və zaman anlayışı tanımır. Naxçıvanda sadə bir ailədə dünyaya gələn Heydər Əliyevin siyasət olimpinə yolu təlatümlərdən, çətin sınaqlardan, aramsız mübarizələrdən keçib. Heydər Əliyev ömrü insan ruhunun qüdrətinə, yenilməzliyinə, qalib gəlmək əzminə parlaq, real nümunədir. Ulu Öndərin anım günündə onun yaşadığı ömür yolu kitab kimi vərəqlənir, xatirələr dilə gəlir.
AZƏRTAC-ın arxivində Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirəm fotoşəkillər qorunub saxlanılır. Bu tarixi fotolar əsasında hazırlanmış kompozisiyanı təqdim edirik.
 


                              

 
 
 
 
 
 
Azərbaycan. XX əsrin 70-80-ci illəri
Ötən əsrin 70-ci illərində Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış ucqarlarından biri hesab olunurdu. O vaxtadək respublikaya rəhbərlik edənlər bununla barışır, vəziyyəti dəyişməyə heç bir cəhd göstərmirdilər. Bu xoşagəlməz tendensiya Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumuna qədər davam etdi. Həmin plenumda Heydər Əliyev birinci katib seçildi.
Həmin vaxtadək respublikada o qədər də tanınmayan yeni birinci katib çox keçmədən siyasət kəhkəşanında ulduz kimi parlamağa başladı. Bu vəzifəyə seçilənədək Dövlət Təhlükəsizliyi Komitəsinə rəhbərlik edən Heydər Əliyev dövrün qaydalarına görə, mətbuatda, televiziya ekranlarında görünməmişdi. Geniş ictimaiyyət tərəfindən tanınmaması məhz bununla bağlı idi.
Heydər Əliyev respublika rəhbərliyinə gəlişi ilə həyat ritmini dəyişdi, bütün sahələrdə görünməmiş canlanma və inkişaf, nəhəng tikinti-quruculuq işləri başlandı. Bakıda o dövr üçün nadir müəssisələr (məsələn, məişət kondisionerləri, dərin dəniz özülləri zavodları), paytaxtımıza bu gün də yaraşıq verən ictimai binalar (“Gülüstan” sarayı, Heydər Əliyev sarayı) tikildi, nəhəng yaşayış massivləri salındı. Kənd təsərrüfatı məhsulları, xüsusən pambıq, üzüm, tərəvəz istehsalı dəfələrlə artdı. Bunun nəticəsi olaraq, əhalinin güzəranı xeyli yaxşılaşdı, bir çox sosial layihələr həyata keçirildi. Siyasətşünaslar bu illəri haqlı olaraq Azərbaycanın dirçəliş və yüksəliş dövrü kimi səciyyələndirirlər.
Yaşlı nəslin yadında olar: Heydər Əliyevə qədər respublikanın birinci şəxsi, eləcə də digər vəzifə sahibləri kabinetdən kənara nadir hallarda çıxırdılar. Heydər Əliyev onlardan fərqli olaraq bölgələrə vaxtaşırı səfərlər edir, insanlarla bilavasitə ünsiyyət qurur, onların problem və qayğıları ilə şəxsən maraqlanırdı. Onun alimlər, yazıçılar, mədəniyyət xadimləri ilə görüşləri ənənəyə çevrilmişdi. Bu ağ-qara fotolar həmin anları, Ulu Öndərin birinci hakimiyyət dövrünün müəyyən məqamlarını özündə yaşadır, bizi xəyalən həmin illərə qaytarır.
Heydər Əliyevin həyatının Moskva və Naxçıvan dövrü (1982-1992-ci illər)
Heydər Əliyev Siyasi Büronun üzvü seçiləndə, bir qədər sonra Moskvaya vəzifəyə gedəndə Azərbaycanda insanlar çox sevinir, bir-birini təbrik edirdilər. Bu, iki amillə izah olunurdu. Birincisi, azərbaycanlının SSRİ kimi nəhəng dövlətin hakimiyyət iearxiyasında bu dərəcə yüksək post və vəzifə tutması həqiqətən qürurverici hadisə idi. İkincisi, Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunması Azərbaycanın xeyrinə işləyə bilərdi: onun bir əli Vətənin üstündə olacaqdı. İnsanlar bu düşüncələrində yanılmadılar. Heydər Əliyev artan nüfuzundan və imkanlarından istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana mümkün qədər çox vəsait ayrılmasına, ümumittifaq əhəmiyyətli bir sıra layihələrin Bakıya salınmasına nail oldu. İttifaq miqyasında gördüyü nəhəng işlər onun şöhrətini getdikcə artırırdı. Bəziləri Heydər Əliyevi hətta gələcək Baş katib kürsüsündə görürdülər.
Sonra məlum hadisələr baş verdi. Mixail Qorbaçov siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə münasibət dəyişdi, ona qarşı həsəd və qısqanclıq baş qaldırdı. Ölkə rəhbərliyi ilə aralarında yaranmış ixtilaflar və ciddi fikir ayrılığı səbəbindən istefa verdi. Bununla eyni vaxtda Azərbaycanın qara günləri başladı. İndinin özündə də bir çox siyasətşünaslar əminliklə deyirlər ki, əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, nə Qarabağ, nə də 20 Yanvar hadisələri baş verməzdi.
Bu ağır günlərdə Ulu Öndər vətəni Azərbaycana qayıtdı. Kremlin köləsi olan rəhbərlik onun Bakıya yolunu kəsdiyi üçün doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu. Həmin vaxt çəkilmiş fotoşəkillərdə əhalinin onu necə coşqu ilə qarşıladığı, həyatının bəzi anları əksini tapıb. Heydər Əliyev bu dəfə də ona bəslənilən ümidləri doğrultdu. Naxçıvanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Üçrəngli bayrağımız 70 ildən sonra məhz Naxçıvanda ucaldıldı. Onun muxtar respublikaya rəhbərliyi dövründə qəbul olunmuş taleyüklü qərarlar ümumən Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. 1990-cı illərin əvvəllərində Azərbaycana azadlıq küləyi məhz Naxçıvandan əsirdi. Ağır günlər keçirən xalq gözünü Heydər Əliyevə dikmişdi.
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü (1993-2003-cü illər)
1993-cü ildə Azərbaycan tufanlı dənizdə yelkənsiz gəmiyə bənzəyirdi. Dalğalar bu gəmini hər an qayalara çırpıb batıra bilərdi. Son dərəcə mürəkkəb və ağır vəziyyətdə xalqın təkidli çağırışları ilə hakimiyyətə qayıdan Heydər Əliyev məsuliyyəti və xilaskarlıq missiyasını öz çiyinlərinə götürdü. Azərbaycanı çətin sınaqlardan, siyasi fırtınalardan sağ-salamat çıxararaq sakit limana gətirə bildi. Separatizmin, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə alaraq ölkəni parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Ermənilərin aramsız hücumlarının qarşısını alaraq Qarabağ müharibəsində atəşkəsə nail oldu.
Opponentlərindən fərqli olaraq, Heydər Əliyev uğur açarının harada olduğunu bilirdi. Bilirdi ki, ölkənin düşdüyü çətin vəziyyətdən, dərin iqtisadi-sosial böhrandan yalnız neft gəlirləri ilə çıxarmaq olar. Neft isə dənizin dibində idi, onu çıxarmağa Azərbaycanın gücü çatmazdı. Ölkədə siyasi-ictimai sabitliyin hələ yetirəncə möhkəm olmadığı bir vaxtda xarici şirkətlər riskə gedib Azərbaycan neftinə sərmayə qoyacaqdılarmı? Heydər Əliyev “Amoko”, bp, “Yunokal”, “LUKoyl”, “Statoyl”, “Ekson”, “İtoçu” kimi nəhəng şirkətləri buna inandırmağı bacardı. Bu inamın əsasında təbii ki, Heydər Əliyev şəxsinə olan etibar dayanırdı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın inkişafının, gələcək uğurlarının başlanğıc nöqtəsi oldu. Bu müqavilədən əldə olunan ilk neftin Ulu Öndərdə necə böyük sevinc hissi doğurduğu yadınızdadırmı: Onun gözləri gülür, neftli əlini üzünə çəkir və bu unudulmaz an fotoobyektivin yaddaşına köçür.
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü bir çox hadisələrlə əlamətdar olub. Ulu Öndərin həyat və fəaliyyətinin həmin dövrünə aid fotoşəkillər bizi bir daha həmin günlərə qaytarır, onun bir şəxsiyyət olaraq böyüklüyünü göz önündə canlandırır.
Əbədiyyət
Fəxri xiyaban. Neçə illərdir ki, paytaxtımızın ən uca nöqtələrindən birində yerləşən bu xiyabanda Heydər Əliyevin möhtəşəm, əbədiyyət simvolu olan abidəsi ucalır. Azərbaycana təşrif buyuran yüksək səviyyəli dövlət və siyasi xadimlər, görkəmli şəxslər, hər bir qonaq bu abidəni ziyarət edərək xalqımızın Ulu Öndərinin xatirəsinə hörmət və ehtiramını bildirir.
Hər il dekabrın 12-də Fəxri xiyabanda böyük izdiham yaşanır. İnsanlar axın-axın Ulu Öndərin abidəsi önündən keçir, ruhu qarşısında baş əyirlər. Fotoobyektiv bu anları da tarixin yaddaşına köçürüb. Fəxri xiyabanda yaşanan izdiham, xalqın öz böyük oğluna olan məhəbbət və ehtiramının ifadəsi bu fotolarda aydın əksini tapıb. Onları seyr etdikcə tam əminlik yaranır ki, xalqın Heydər Əliyevə məhəbbəti onun özü kimi əbədidir. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq, yaşayacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Siyaset_olimpine_yol_Boyuk_omrun_anlari_FOTOKOMPOZISIYA-910416

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR