Görkəmli bəstəkar Əşrəf Abbasovun 95 illiyi qeyd olunub

Görkəmli bəstəkar Əşrəf Abbasovun 95 illiyi qeyd olunub
18:23 11 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, Ceyhun Alışlı, AZƏRTAC
Dekabrın 11-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Əməkdar İncəsənət Xadimi, Xalq Artisti, professor Əşrəf Abbasovun 95 illiyinə həsr olunmuş xatirə konserti təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə Əşrəf Abbasovun həyat və yaradıcılığından danışıb. Bildirib ki, zəngin yaradıcılığa malik Əşrəf Abbasovun bəstələri hər zaman şeirlərin mətni ilə vəhdət yaradıb. Firəngiz Əlizadə diqqətə çatdırıb ki, bəstəkarlıqla yanaşı, elmi tədqiqatlarını və pedaqoji fəaliyyətini də ardıcıl davam etdirən Əşrəf Abbasov, 1952-ci ildə Moskvada “Üzeyir Hacıbəyov və onun “Koroğlu” operası” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq namizədi alimlik dərəcəsi alıb. Qeyd olunub ki, Əşrəf Abbasov müxtəlif illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunun direktoru, Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifələrində çalışıb.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova Əşrəf Abbasovun Azərbaycan musiqi mədəniyyəti tarixindəki rolundan bəhs edib. Vurğulanıb ki, bəstəkarın “Səndən mənə yar olmaz”, “Dağlar qoynunda”, “Həyətim mənim, həyatım mənim” komediyalarına yazdığı musiqi ifadəliyi, coşqunluğu, lirizmi ilə seçilir. O, tamaşa müəlliflərinin ideyalarını, obrazların xarakterini musiqinin dili ilə müvəffəqiyyətlə əks etdirə bilib. Bəstəkarın Füzulinin, Vaqifin, Müşfiqin, Abdulla Şaiqin sözlərinə yazdığı musiqilər həzinliyi, emosionallığı ilə dinləyicinin ruhunu oxşayır. “Heyran olmuşam”, “Oxu, bülbül”, “Qurban olduğum”, “Ceyranım, gəl”, “Gözəl yar”, “Qarabağın qızları” və digər romansları və mahnıları uzun illərdir ki, məhəbbətlə ifa edilir.
Tədbir konsert proqramı ilə davam edib.
Əşrəf Abbasov 1920-ci ildə Şuşada anadan olub. 1965-ci ildə ilk Azərbaycan uşaq baleti olan “Qaraca qız”ı yazıb. O, fortepiano və orkestr üçün “Konsert”in, “Konsertino”, “Şuşa”, “Gələcək gün” və digər simfonik poemaların, “Səndən mənə yar olmaz”, “Dağlar qoynunda” operettalarının, bir çox instrumental əsərin, mahnı və romansın, həmçinin “Ü. Hacıbəyov və onun “Koroğlu” operası” və bir sıra başqa nəzəri əsərlərin və məqalələrin müəllifidir.
Bəstəkar 1992- ci ildə Bakıda vəfat edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gorkemli_bestekar_Asref_Abbasovun_95_illiyi_qeyd_olunub-910438

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR