TANAP ilə TAP tikinti zamanı əməkdaşlığa dair saziş imzalayıb

TANAP ilə TAP tikinti zamanı əməkdaşlığa dair saziş imzalayıb
18:23 11 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, Nihad Budaqov, AZƏRTAC
Trans-Anadolu qaz boru kəməri (TANAP) şirkəti ilə “Trans-Adriatik” (TAP) boru kəməri şirkəti arasında tikinti zamanı əməkdaşlığa dair saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat TAP-ın rəsmi saytında yer alıb. Məlumatda bildirilir ki, sənəd həmçinin, “Cənub” qaz dəhlizi layihəsinin dəyər zənciri boyunca qarşılıqlı birgə səylərin möhkəmləndirilməsini və iki boru kəmərinin bir-birinə qoşulması üçün tikinti işlərinin texniki dəqiqləşdirilməsini təmin etmək üçün məsuliyyəti nəzərdə tutur.
TAP-ın icraçı direktoru Yan Bradşou deyib: “Son üç ildə TAP ilə TANAP layihələri üzrə birgə əməkdaşlığa dair mühüm işlər görülüb və hazırda hər iki layihə tikinti mərhələsindədir. Tikinti zamanı əməkdaşlığa dair saziş iki layihənin bir-birinə birləşməsi üçün vacib şərtləri özündə əks etdirir. Bu, bizim layihənin inkişafı üçün mühüm mərhələdir. Saziş Xəzər dənizinin “Şahdəniz-2” yatağından çıxarılan qazın nəqli infrastrukturunun plana uyğun həyata keçirilməsinə öz töhfəsini verəcək”.
TANAP-ın baş direktoru Saltuk Düzyol isə bildirib ki, TANAP həm Türkiyənin, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq. Layihənin beynəlxalq əhəmiyyəti isə onun regionda sabitliyin və əməkdaşlığın təmin olunmasına şərait yaratmasıdır.
Qeyd edək ki, uzunluğu təxminən 870 kilometr olan TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində TANAP-a birləşəcək. TAP layihəsi “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.
TAP-ın səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Statoil (20 faiz), Fluksiz (19 faiz), Enagas (16 faiz) və Axpo (5 faiz).
TANAP isə Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu tutumunun 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
“Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən TAP boru kəmərinə qoşularaq Avropaya çatdıracaq.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, “Botaş” - 30 faiz və bp şirkəti - 12 faiz.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/TANAP_ile_TAP_tikinti_zamani_emekdasliga_dair_sazis_imzalayib-910437

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR