Azərbaycan Hökuməti ilə BMT agentlikləri arasında əlaqələr yaxşı əsaslar üzərində qurulub

Azərbaycan Hökuməti ilə BMT agentlikləri arasında əlaqələr yaxşı əsaslar üzərində qurulub
18:48 11 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC 
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar dekabrın 11-də BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Broek ilə görüşüb.
Dövlətqaçqınkomun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Əli Həsənov Antonius Broekin ölkəmizdəki uğurlu diplomatik fəaliyyətini yüksək qiymətləndirib, dövlətimizin başçısının BMT-nin yaradılmasının 70 illik yubileyi münasibətilə, təşkilatın Azərbaycanda müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə onu Azərbaycanın yüksək medalı olan “Tərəqqi” medalı ilə təltif etməsi ilə əlaqədar təbriklərini çatdırıb. O, Azərbaycan ilə BMT arasındakı əməkdaşlığın səviyyəsindən və müxtəlif əhəmiyyətli layihələrin praktiki surətdə həyata keçirilməsindən məmnunluğunu ifadə edib, diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycan Hökuməti ilə BMT agentlikləri arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğu, bunun bariz nümunəsi kimi Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinin üzvü seçildiyi vurğulanıb və bir daha bildirilib ki, Azərbaycan dövləti ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər görüb. Bütün bunlar da istər BMT QAK-ın ali komissarı, istərsə də digər rəsmiləri tərəfindən daim yüksək qiymətləndirilib və oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilib.
Baş nazirin müavini münaqişə nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızla bağlı ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar və inkişaf təşkilatlarının həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirib. Qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar tərəfindən ümumilikdə indiyədək qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi üçün 1 milyard dollar vəsait sərf olunub. BMT-nin agentlikləri tərəfindən indiyədək Azərbaycanda humanitar və inkişaf layihələrinə 300 milyon dollar həcmində vəsait ayrılıb. Onun 110 milyon dolları BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin xətti, 100 milyon dolları BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin xətti ilə, qalan vəsait isə digər BMT agentlikləri tərəfindən müxtəlif humanitar və inkişaf layihələrinə sərf edilib.
Görüşdə Əli Həsənov deyib: “Problem yarananda ölkəyə ilk gələn BMT qurumları olub. O zaman Azərbaycan Hökumətinin iqtisadi baxımdan heç bir imkanı olmayıb. Əgər bu humanitar təşkilatlar o vaxt Azərbaycana gəlməsəydilər ölkədə humanitar fəlakət yaranardı. Bu gün Azərbaycan Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. Lakin biz o günləri heç zaman unutmayacayıq”.
Baş nazirin müavini Əli Həsənov BMT-nin Azərbaycandakı rezident əlaqələndiriciləri ilə görüşlərini minnətdarlıqla xatırlayıb və qeyd edib ki, BMT agentlikləri 20 il ərzində ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlar arasında ən nüfuzlu qurumlar olub. Fəaliyyət müddəti ərzində bu təşkilat heç zaman öz Nizamnaməsindən kənara çıxmayıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərin problemləri, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı geniş müzakirələr aparılıb.
Münaqişənin həllində vasitəçilik missiyası həvalə olunmuş ATƏT-in Minsk qrupunun heç bir irəliləyişə nail ola bilməməsi, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞPA-nın, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdikləri qətnamələrin yerinə yetirilməməsinə toxunan Baş nazirin müavini deyib: “Ermənistanda olan rejim qeyri-demokratik bir rejimdir və bu, bütün dünyaya bəllidir. Hazırda Ermənistanda hakimiyyətdə olanlar bu problemin üzərində hakimiyyətə gəliblər. Onlar bu problemin həllinə getməyəcəklər. Dünyanın böyük dövlətləri isə bu problemin həll edilməsinə laqeyd yanaşırlar. Nəticədə günahsız insanlar əziyyət çəkirlər. Biz isə sizinlə bu problemin humanitar tərəfləri ilə məşğul oluruq. Ancaq dünyada ədalətsizliklər daim davam edə bilməz”.
BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini deyən diplomat Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.
Antonius Broek Azərbaycanın “Tərəqqi” medalına layiq görülməsini onların fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirib.
Sonda diplomat ölkəmizdən xoş təəssüratlarla ayrıldığını vurğulayıb və Azərbaycan ilə BMT arasında əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Hokumeti_ile_BMT_agentlikleri_arasinda_elaqeler_yaxsi_esaslar_uzerinde_qurulub-910453

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR